"Trade in" kampaniyasının avtomobil sahibi üçün nə kimi faydası var?
Dünya ölkələrində avtomobil satışı zamanı maraqlı bir kampaniya həyata keçirilir. "Trade in" adlandırılan bu kampaniya əsasında avtomobilini satıb yenisini almaq istəyən sürücülər, avtomobil şirkətinə müraciət edirlər. Onlar köhnə maşınlarını və müəyyən qədər vəsait ödəməklə rəsmi avtomobil şirkətindən yeni maşın alırlar.
Maraqlıdır, sözügedən kampaniya maşın sahibi və avtomobil şirkəti üçün sərfəlidirmi? Yoxsa "təmiz" satış daha çox pul qazandırır?
"Azərbaycanda "trade in" kampaniyası daha çox payız və qış aylarında aktual olur".
Bununla bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobil satışında tətbiq olunan "trade in" kampaniyasını Azərbaycanda rəsmi diller və distribüterlər vaxtaşırı olaraq təşkil edir: "Avtomobil şirkətlərində belə xüsusi bir şöbə də var, "trade in". Bu şöbə vasitəsilə vətəndaşların ikinci əl avtomobili alınıb onun əvəzində yeni maşın təklif edilir. "Trade in"də qarşılıqlı mənfəət var, həm avtomobil şirkəti üçün, həm də maşın sahibi üçün. Bu prosesdən avtomobilini satan vətəndaş və avtomobili alan rəsmi diller, hər ikisi qazanır. Vətəndaş əziyyət çəkmədən, aylarla avtomobilini satışa çıxarıb gözləmədən maşınını birbaşa olaraq rəsmi dillerə satır. Rəsmi diller də öz satdığı yeni brendinin növbəti bir müştərisini qazanır. Eyni zamanda, "trade in" kampaniyası çərçivəsində aldığı maşını təmir edib, ikinci əl avtomobil olaraq satır".
"Trade in" kampaniyası avtomobil sahibi üçün sərfəlidirmi sualına gəlincə, mütəxəssis qeyd edib ki, bütün sürücülər avtomobil alış və satışında mahir usta olmur: "Alıcılar hər zaman avtomobilini sərfəli qiymətə satıb və elə sərfəli qiymətə də ala bilmirlər. Əsasən xarici ölkələrdə olan "trade in" kampaniyası çərçivəsində rəsmi diller və distribüterlər maşın sahibinə avtomobilini satmaqda yardım edirlər. Qeyd etdiyim kimi bu kampaniya hər iki tərəf üçün sərfəlidir".
"Azərbaycanda "trade in" kampaniyası daha çox payız və qış aylarında aktual olur. Bildiyim qədərilə məşhur Yaponiya avtomobil brendləri Azərbaycan vətəndaşlarına hazırda "trade in" kampaniyasını təqdim edir. İlin sonu bu kampaniyalardan yararlanmağa dəyər", - deyə E.Cəfərov vurğulayıb.