Avropada 50, bizdə 170 min - Qiyməti bu qədər kim qaldırır?
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 21147 ədəd avtomobil idxal olunub. Düvlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22129 avtomobil və ya 2 dəfə azdır. Ölkədə ikinci əl avtomobillərdə cüzi ucuzlaşma müşahidə olunsa da, yenilərdə qiymət yüksək olaraq qalır. Avtomobil idxalının azalması 2014-cü il aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidlə izah edilir, amma yüksək qiymətlərin necə formalaşdığı da maraqlıdır. Avtomobillərin istehsal olunduğu ölkələrdəki qiymətlərlə bizdəki satış qiyməti kəskin fərqlənir.
Avtosfer.az xəbər verir ki, "Bizim Yol"un apardığı araşdırma bunu təsdiqləyir. Təhlillər göstərir ki, ucuzlaşma ilə bağlı nə qədər hay-küy yaradılsa da, reallıq əksini göstərir.
Müqayisə üçün avtomobillərin reytinq siyahısında ilk onluqda yer alan və şəhərimizdə populyar olan BMW markasına müraciət etdim, şirkətin 5 ölkədə qiymətlərinə nəzər saldım. Əslində, qeyd edək ki, bu avtomobillər şişirdildiyi qədər əlçatmaz deyil, Qərbdə qiymətlər o qədər əlçatandır ki, vətəndaş bir il ərzində işləyib gözəl bir avtomobil sahibi ola bilər. Təbii ki, çox bahalı maşına iddia etməsələr, gəlirləri buna imkan verir. Şirkətin istehsal etdiyi avtomobillərin Amerikada qiyməti belə formalaşıb: BMW 2 seriyasından Coupe 32850, Convertible 38650, BMW 3 Sedan 33150, Sports Wagon 42650, Gran Turismo 43000, BMW 4 Coupe 41850, Gran Coupe 41650, Convertible 50000, BMW 5 Sedan 50200, Gran Turismo 60900, BMW 6 Coupe 76600 dollar, Gran Coupe 78800, Convertible 84100, Alpina B6 121200, BMW 7 modeli 81300 dollar, BMW X1 34800, X3 modeli 38600 dollar, BMW X4 modeli 44900 dollar, BMW X5 modeli 53900 dollar, BMW X6 modeli 59800, BMW X5 M 98800, BMW X6 M 102200, BMW Z4 49250, BMW M3 63200, M4 65400, M5 94100, M6 11240, BMW i3 42400, BMW i8 136500 dollar təşkil edir.
Bu avtomobilin vətəni olan Almaniyadakı rəsmi web-saytında BMW 1 3-Tourer 22950, 5-Tourer 23700, BMW 2 Gran Tourer 26950, BMW 2 Coupe 27560, BMW 2 Active Tourer 27400, BMW 2 Cabrio 32200, BMW 3 Limousine 30200, BMW 3 Touring 31900, BMW 3 Gran Turismo 37500, BMW 4 Coupe 36750, BMW 4 Cabrio 43900, BMW 4 Gran Coupe 36750, BMW 5 Limousine 40400, BMW 5 Touring 42900, BMW 5 Gran Turismo 52300, BMW ActiveHybrid 5 65400, BMW 6 Coupe 79550, BMW 6 Cabrio 88150, BMW 6 Gran Coupe 81500, BMW 7 Limousine 82890, BMW X1 32900, BMW X3 38000, BMW X4 46400, BMW X5 54300, BMW X6 65900, BMW Z4 Roadster 34250, BMW M3 Limousine 71800, BMW M4 Coupe 72500, BMW M4 Cabrio 78500, BMW M5 Limousine 104000, BMW M6 Coupe 126600, BMW 6 Cabrio 134000, BMW M6 Gran Coupe 131400, BMW X5 M 114300, BMW X6 M 117700, BMW i3 34950, BMW i8 130000 avro göstərilir. Göründüyü kimi, istehsalçı ölkədə ən baha qiymət 134000 avrodur.
Şirkətin Böyük Britaniyadakı rəsmi web-saytında yeni avtomobillər üçün qiymət 20 min funt sterlinqdən başlayır. BMW 1 seriyasından üç qapılı Sports Hatch 20780, beş qapılı 21310, BMW 2 Coupe 22890, Convertible 26580, Active Tourer 23010, Gran Tourer 24710, BMW 3 Saloon 24975, Touring 26405, Gran Turismo 29905, BMW 4 Coupe 30125, Convertible 34910, Gran Coupe 30125, BMW 5 Saloon 30865, Touring 33065, Gran Turismo 38045, BMW ActiveHybrid 5 47790, BMW 6 Coupe 59430, Convertible 65330, Gran Coupe 59430, BMW 7 64530, BMW X1 28330, BMW X3 33795, BMW X4 37395, BMW X5 44280, BMW X6 51615, BMW Z4 Roadster 29690, BMW M3 Saloon 56595, BMW M4 Coupe 57055, BMW M4 Convertible 61150, BMW M5 Saloon 73970, BMW M6 Coupe 92350, BMW M6 Convertible 97300, BMW M6 Gran Coupe 94750, BMW X5 M 90180, BMW X6 M 93080, BMW i3 30980, BMW i8 104540 funt sterlinq göstərilir.
Şirkətin Almaniya, Amerika, Böyük Britaniyadakı saytlarında texniki göstəriciləri ilə bərabər qiymətləri qeyd edilib. Təkcə Azərbaycan və qonşu Gürcüstanın saytlarında qiymətlər mövcud deyil. BMW-nin Azərbaycandakı rəsmi dileri olan "İmprotex Motors" şirkətinin satış salonuna zəng elədim. Satış meneceri saytda qiymət qoymadıqlarının səbəbini demədi, amma hansı modellə maraqlanıramsa, söyləyə biləcəyini bildirdi. Onun da səbri bir yerə qədər çatdı, cəmi dörd model haqda məlumat verdi. Məlum oldu ki, BMW 1 seriyasından avtomobilin qiyməti 27 min, 2-ci seriya 31 min avrodan başlayır, bu isə 36500 manat edir. Elşən turbo.az saytında onlara aid bölmədə hazırda satışda olan avtomobillərə baxmağımı məsləhət gördü. Dediyinə görə təklif etdikləri məhsulun qiyməti Avropadakı ilə eynidir, hətta bəzən ucuzdur. Amma məsələ burasındadır ki, o ucuz dediyi avtomobillər satışda yoxdur, olanlar da bahadır. Bizdə çox populyar olan X5 və X6-nın qiymətləri ilə maraqlandım, dedi ki, X5 47 min, X6 isə 63 min avrodan başlayır.
Tövsiyə etdiyi kimi sayta baxdım. Hazırda əllərində olan avtomobil dediyi kimi 47 min-filan yox, X5 169900, X6 132500 dollardır. Halbuki bu avtomobillər Almaniyanın özündə 54300 və 65900 avrodur. Ən bahalısının rüsumları və nəqliyyat xərcini də üzərinə gəlib, 27000 avronun gömrük rüsumu və daşınma xərci olduğunu düşünsək, uzaqbaşı 93000 avroya başa gələr. Sahibkar buradan 60-70 min dollar qazanır. Sayt vasitəsilə X5 M 171900, X6 M 173900 dollara satılır. Burada şirkətə məxsus ikinci əl avtomobillər də var. 2014-cü ildə istehsal olunmuş BMW Alpina B6 177900 dollar, 2013-cü ilə aid BMW Alpina B7 182800 dollar, yenə 2013-cü il istehsalı olan BMW Alpina 650 modeli 119000 dollara satışa qoyulub. Mühərrik həcmi cəmi 2000 sm3 olan BMW 520 isə X5-in xaricdəki qiymətinədir. Sadəcə bəzi rəqəmlərə kiçik bir cədvəl şəklində nəzər salsaq, hər şey aydın olar.
Göründüyü kimi Qərbdə qiymətlər bizdəkindən qat-qat yumşaqdır. Azərbaycanda sadəcə bu modellərin yenisi olduğu üçün müqayisəni onlarla apardım. Bizim gözümüzdə böyütdüyümüz avtomobillər Qərbdə yuxumuza belə girməyəcək dərəcədə ucuzdur. Bu avtomobillərin xaricdə ikinci əl olanı da Azərbaycanla müqayisədə ən az 4-5 dəfə aşağıdır. Məsələn, yenə Birləşmiş Krallıq saytlarında 2012-ci il istehsalı olan BMW 3 avtomobili 10806 və 12000 avrodur. 2013-cü ilə aid 14824 və 15450 avro, 2014-cü il istehsalından biri 14500, digəri 15200, üçüncüsü 15300, BMW 5 19495 avro, 2007-ci ilə aid olan 6495 avrodur. Hətta 2004-cü ilə aid 2200 avro, 2005-ci il 4000 və ya 7000 avroya da avtomobil var. 2015-ci ildə az istifadə olunmuş maşın 17500 və 18061 avrodur. 2012-2015-ci illər istehsalı olan təzə avtomobillərin çoxu 10-20 min avro arasındadır. 2002-ci il istehsalı BMW X5 5000 avro, 2003-cü ildə satışa çıxarılan 6000 avro, 2006-cı ilə aid olan 7500 avro, 2007-ci il istehsalı 12400 avro və s-dir. Avtomobilin X5 M kimi ən bahalı modellərinin ikinci əl 2010-cu ildən sonrakı dövrə aid olanlar 20-30 min, X6 M-lər 30-40 min avro arasıdır. BMW i3-ün yenisi 31 min, bir il sürülmüş isə ondan 7-12 min avro ucuzdur. Turbo.az saytında BMW X5-in 2010-cu ildən sonrakı buraxılışı 70 min dollardan başlayır. Halbuki onlar gömrük dəyəri ilə birgə 40 min dolları ötməməlidir, 10 min dollar da sahibkarın qazancı olsun.
Kiçik bir hesablama aparaq. Mühərrik həcmi 4400 kub sm olan yeni avtomobilin gömrük dəyərini ABŞ-dakı kimi 53900 dollar olaraq götürürəm. İstehsal-buraxılış tarixindən 1 ilədək (yeniləri) üzrə hesablanan rüsumlar belədir: aksiz vergisi 9100 manat, mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu 1846.768 manat, əməliyyat haqqı 100 manat, vəsiqə 20 manat, 18% ƏDV 12172,33 manat, cəmi 23239,09 manat. Üzərinə 1000 dollar da daşınma pulunu əlavə etsək (bu rəqəm maksimal götürülüb), beləliklə təzə BMW X5 Azərbaycana 78 min dollara gəlib çıxar. Bizdə isə bunu 170 min dollara satan vətəndaş ondan 92 min dollar gəlir əldə etmək niyyətindədir. Dollar və manat təxminən bərabər olduğundan rüsumlarla bağlı kursda hesablama aparmıram, aralarındakı cüzi fərq bu boyda məbləğin fonunda xüsusi rol oynamır.
Qiyməti Amerikada 59800 dollara olan BMW X6-nın bütün rüsumları 24353 manat təşkil edir, üstəgəl 1000 dollar daşınma xərci. Azərbaycana gəlib çıxana qədər qiyməti 85000 dollar olacaq. Amma 2015-ci il buraxılışlı bu avtomobil Bakıda 132500 dollaradır, yəni 139000 manat, ya da Amerikadakından 1.5 dəfə baha. 85 min dollar X6 almaq eşqinə düşən biri üçün böyük rəqəm deyil. Amma onu artıq 1.5-ə vuranda o adamın da əli çatmaya bilər. Şirkətlər 10-15 faiz mənfəətlə kifayətlənmir, daha çox pul qazanmaq arzusundadırlar. Bu isə təbii olaraq alıcı cəlb etmir. Gözləyin ki, bir aya bir maşın satasınız. İngiltərədə 90-93 min avro arası olan BMW X5 M və BMW X6 M modelləri bizə 169900 və 173900 dollardır, uyğun olaraq 177 min və 182500 manat.
Bu avtomobillərin gömrük rüsumu təxminən 38-39 min manatdır. Amma başa gəldiyi qiymətdən bir 40 min də baha satılır. Türkiyədə qiymətlər bizdəkindən də xeyli yüksəkdir. Amma orada ilkin və vergi tutulandan sonrakı qiymət açıq yazılır. Məsələn, BMW i8-in vergi xaric qiyməti 109500, satış qiyməti 187910 avro, BMW X5 M-in ilkin qiyməti 95000, son satışı 278640 avro, BMW X6 M-in ilkin qiyməti 97500, satışı 285868 avrodur. Siyahıda ən bahalı avtomobil BMW M6 Cabrio-dur, ilkin qiyməti 114000, satışı 333569 avro və ya 1 milyon lirə təşkil edir. Ən ucuzu isə BMW 118i-dır, vergisiz 19100, vergilərlə birlikdə satış qiyməti 33235 avrodur. Deyəcəklər ki, Azərbaycan və Türkiyə istehsalçı ölkə deyil. Amma istehsalçı olmayan ölkənin rüsumları yüksəkdirsə, bu, sahibkarın da mütləq rüsum qədər mənfəət götürməli olduğu mənasına gəlməməlidir. Hesablamalar göstərir ki, avtomobil idxalçıları tətbiq olunan rüsumdan da artıq qazanc götürürlər və bu da yüksək qiymətləri təmin etməklə bərabər, köhnə avtomobillərin dövriyyədə qalması vaxtını uzadır. Müqayisəni sadəcə bir markanın müxtəlif modelləri üzərində apardıq, ancaq təhlili istənilən avtomobilə aid edə bilərik, nəticə eyni olacaq...