Qızıl medalçının atası oğluna aldığı «Dodge»dən danışdı
"Ayxan bu əməlinə görə peşman olub". Bunu "Report"a açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında taekvondo yarışlarının qızıl medalçısı Ayxan Tağızadənin atası, parataekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi və əməkdar məşqçi Əvəz Tağıyev deyib. Ə.Tağıyev gənc çempionun yeni avtomobilinin fotolarını sosial şəbəkələrdə paylaşmasına münasibət bildirib. Onun sözlərinə görə, yeni avtomobilin alınması oğluna verdiyi vədlə bağlıdır: "Ayxan bu əməlinə görə peşman olub. Artıq o, heç bir sosial şəbəkədə olmayacaq. Fikrini ancaq idmana yönəltməlidir. Mən ona yarışdan əvvəl söz vermişdim ki, sən nailiyyət qazansan, maşın alacağam. Çünki onu məşqə mən aparıb-gətirir, yorulurdum. Mənim də öz işlərim olur. Elə vaxt olurdu ki, məşqdən çıxanda yarım saat məni gözləyirdi. Axı o, idmançıdır, istirahət etməlidir. İndi hamının maşını var və bu, elə də böyük bir şey deyil".
19 yaşlı idmançının "Dodge" sürməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ə.Tağıyev isə deyib ki, əsas avtomobil yox, idmançının Rio-2016-da iştirak etməsi və nəticə qazanmasıdır: "Bizdə həmişə "Dodge" avtomobili olub. Ayxana da o maşından almışıq. Bahalı maşın deyəndə biz milyonluq, yüz minlik maşın almamışıq. Avtomobil uzun yolu qısa etmək və lazım olan yerə tez gedib-gəlmək üçündür. Ayxan məşqdən çıxanda tər iyi verən paltarlarla avtobusa minirdi. Böyük oğlandır, maşın olsa nə olacaq, olmasa nə olacaq"?
Ata Tağıyevin sözlərinə görə, oğlu "Bakı 2015"in qızıl medalı ilə kifayətlənməməlidir. O bildirib ki, A.Tağızadə bunu yaxşı başa düşür və məşqlərini var gücü ilə davam etdirir: "Qarşıda 2016-cı il Rio-de-Janeyro Olimpiadasına lisenziya yarışları var. Oğlum da bunun üçün çalışır. Artıq bütün ölkəmiz Ayxanı tanıyır, Prezident idmançılara diqqət göstərir, nəzər yetirir. Uğur bununla bitə bilməz və davam etməlidir. İlk Avropa Oyunlarında qızıl medal qazanması oğlumun məsuliyyətini artırıb. O bilir ki, Rio-2016-da mütləq iştirak etməli və nəticə verməlidir. Havaların isti olmasına baxmayaraq, hər gün məşqlərini davam etdirir. Biz də çalışırıq ki, ona mənəvi dəstək olaq".
Parataekvondo üzrə Azərbaycan yığmasının baş məşqçisi ölkə Prezidenti İlham Əliyev və Milli Olimpiya Komitəsi tərəfindən idmançılara vəd olunmuş mükafatların artıq təqdim olunduğunu söyləyib: "Bilirsiniz, bu mükafatlar həmişə olub. Tez-tez "mükafat" deyib o uşaqları sıxmaq lazım deyil. Çünki belə olan halda onlar da narahat olurlar. Həmin pullar özlərinin sağlamlığına və digər xərclərinə sərf olunur. Ayxan üçün ən gözəl mükafat Şöhrət ordenidir. Ondan gözəl mükafat ola bilməz. Çünki pul qazanıla bilər, amma bu orden pulla alına bilməz. Ayxan ən gənc Şöhrət ordeni alan idmançıdır. Mən bu yaşa çatmışam, əməkdar məşqçiyəm. Parataekvondoda 70-dən çox medalım var. Nə qədər tələbələrim var, amma Ayxanın qazandığı ada gəlib çatmamışam".
Ata Tağıyev oğlunun Avropa Oyunlarına qatılma prosesinin çətinliklərlə müşayiət olunduğunu da xatırladıb. O bildirib ki, millinin iranlı baş məşqçisi Rza Mehmandost 68 kq çəki dərəcəsində öz həmyerlisi ilə A.Tağızadə arasında seçim etmək üçün döyüş keçirmək istəyib: "Lakin mən bununla razılaşmadım. Dedim ki, Oyunlara 25 gün qalmış sınaq döyüşü olmaz. Çünki idmançı bu döyüşdə zədə alsa, "Bakı 2015"də medal qazana bilməyəcək. Təklifimi bildirdim. Mən də təcrübəli məşqçiyəm. Gördülər ki, sözümdə həqiqət var. Sonra iki idmançı arasında qeyri-rəsmi döyüş keçirdilər. Bu, məşq zamanı da olur. Gördülər ki, Ayxan üstündür, ona da şans verdilər. Oğlum da etimadı layiqincə doğrultdu".
Qeyd edək ki, cəmi 19 yaşa malik Ayxan Tağızadənin bir neçə gün öncə "Dodge" markalı avtomobilinin fotolarını sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmayıb.