Bakıda avtomobil qiymətinə olan panduslar suyun altında belə məhv olur - FOTOLAR
Mobillik bütün qabaqcıl ölkələrdə prioritet məsələdir. Məhdud hərəkət qabiliyyətli insanların hərəkətinin asanlaşdırılması isə xüsusi diqqət tələb edən işdir.
Qış parkı salınan zaman buradakı bütün keçidlərdə məhdud hərəkətli insanların istifadəsi üçün elektrik mühərrikli panduslar quraşdırıldı. Hətta bir neçə həftə televiziyalar bunu reklam etdi, istifadə qaydası praktik olaraq öyərdildi.
Bunlar keçmişdə qaldı. Bəs indi vəziyyət necədir?
Bu gün ərazidən keçəndə yenə də eskalatorların işləmədiyinə şahid oldum. Lakin ürəkağrıdan məsələ başqa idi. Keçiddəki pandusun üzərinə o qədər su tökülmüşdü ki, pandusla bərabər mərmər örtüklər də sıradan çıxmışdı. Yuxarıdan tökülən suyun mənbəyini görə bilməsəm də müəyyən etdim ki, içməli sudur. Bir anlığa Lökbatan qəsəbəsi gözümün qabağına gəldi: yaşadığım binada 3 aydır gündüz saatlarında su verilmir. İnsanlar çimmək, paltar və ya qab yumaq kimi çox su tələb edən işləri gecə saat 01.00-07.00 arasında görməyə məcburdurlar. Qış parkındakı keçiddə isə boşuna axan su bütün infrastrukturu məhv edir. Bəlkə sosial reklamda deyildiyi kimi “1 damcı dəyər verək”?
Suyun axmasının qarşısını almaq ciddi problem deyil. Hansısa təmir qrupu bunu maksimum yarım saata etməklə dövlətə vurulan maddi ziyanın da qarşısını ala bilər. Suyun dağıtdığı mərmər plitələri də kiçik xərclə bərpa etmək mümkündür. Lakin pandusla bağlı vəziyyət fərqlidir. Bu avadanlıq ölkəmizdə istehsal edilmir və dəyəri təxminən 1 orta qiymətli avtomobillə müqayisə edilə bilər. Əgər bu avadanlıq istifadə edilməyəcəkdirsə, onda nə üçün alınıb gətirilməsinə pullar tökülürdü?
Bir sözlə, parkdakı texniki avadanlığın işinə məsul şəxslər ölkəmizin ticarət balansındakı mənfi saldonun dərinləşməsinə xidmət edirlər.
Hörmətli oxucu sual verə bilər ki, nə üçün işləməyən eskalatorların üstündən səthi keçmişəm. Cavabım konkretdir: mən gələcəyə nikbin baxan şəxs olsam da, Qış parkındakı eskalatorların fəaliyyətindən əlimi üzmüşəm. Son 5 ildə bu mövzuya müraciət etməyən media qurumu qalmayıb. Vəziyyət isə pandemiyadan əvvəlki kimidir.
Vüqar Yaşaroğlu