Reklam

“Azərbaycan yol nişanlarına görə çox kasıbdır, gecikdirmədən bu sahədə addımlar atılmalıdır” - FOTO

Avtosfer Foto 7 İyun 2023 13:00 Oxunub 994
“Azərbaycan yol nişanlarına görə çox kasıbdır, gecikdirmədən bu sahədə addımlar atılmalıdır” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində yol şəbəkəsinin və yol hərəkətinin təşkilində müasir texnologiyaların tətbiqinə yenidən baxacaq. Qurum tərəfindən qeyd edilir ki, bu istiqamətdə bir neçə layihə işlənilir və paytaxtın mövcud yol şəbəkəsi təhlil olunur.

Təkcə Bakıda deyil, ümumilikdə ölkə ərazisində yol nişanları ilə əlaqədar ziddiyyətli məsələlər tez-tez gündəmə gəlir. Sürücülər bəzi yollarda uyğun nişanların qoyulmamasından, bəzi hissələrdə isə ümumiyyətlə yol nişanı olmamasından narazılıq edirlər. Paytaxt yollarında isə ən çox rast gəlinən məqamlardan biri yol nişanlarının ağac budaqları arxasından görünməməsidir. İşıqforların yanıb-yanmadığını, hansı istiqamətə dönmənin qadağan olunduğunu, harada dayanmaq gərəkdiyini ağac yarpaqları arasından görə bilməyən sürücülər bəzən bilməyərəkdən qəza törədirlər, təhlükələrə səbəb olurlar, ya da ən yaxşı halda cərimə ilə qarşılaşırlar. 

Bəs yol nişanları ilə bağlı yeni layihələr tətbiq edilərkən nəyə diqqət edilməlidir? Ölkə yollarında nişanlarla bağlı əsas problemlər nələrdir?

Mövzu ilə əlaqədar oxu.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin fikrincə, Azərbaycan digər ölkələrlə müqayisədə yol nişanlarına görə çox kasıbdır. Ekspert deyib ki, ümumilikdə ölkə ərazisində yollarda nişanlar çox az qoyulub:

“Bu göstərici normadan, tələblərdən də aşağıdır. Ona görə sürücülərdə çaşqınlıq yaranması normaldır. Məndə də yol nişanlarının yenilənməsi, çatışmayan yerlərdə nişanların qoyulması haqqında müzakirələrin aparıldığı barədə məlumatlar var. Bu, əslində, gecikmiş qərardır, tezliklə həll etmək lazımdır. Çünki çox hissələrdə ziddiyyət yaradan yol nişanları qoyulub. Yerdə bir nişan, yol kənarında başqa bir nişan qoyulub. Bəzi məqamlarla rastlaşanda biz özümüz, qaydaları bilməyimizə rəğmən, çaşbaş qalırıq. Sıravi vətəndaşların bu barədə narahatlığı tamamilə başadüşüləndir”.

Ekspert vurğulayıb ki, xüsusilə əsas magistral yollarda sürət həddinin dəyişməsini əks etdirən nişanların çatışmazlığı problemlər yaradır:

“Məsələn, Bakı-Qazax istiqamətində hərəkət zamanı 110, 90 və 70 kilometr/saat sürət hədləri mövcuddur. 110-dan 90-a keçən hissədə cəmi bir yerdə nişan qoyulub, irəlidə isə sürət həddini ölçən radar var. Ola bilsin, sürücü oradan keçəndə nişanın yanında avtomobil dayanıb, yaxud nəsə maneə olub, nişanın önünü kəsib. Hərəkət edən avtomobilin sürücüsü nişanı görməsə, bilməyərəkdən radara düşəcək. Bu cür hallarda yol nişanlarının sayını artırmaq lazımdır. Bu hadisələr qaydalara əməl edən sürücülərin belə, müxtəlif cəzalarla qarşılaşmalarına səbəb olur.

Ziddiyyətləri diqqətə alaraq qeyd etməliyik ki, ən qısa zamanda yol nişanlarının nəzərdən keçirilməsinə, ziddiyyət yaradan nişanlarla bağlı problemlərin həll edilməsinə, çatışmayan ərazilərdə yeni nişanların qoyulmasına böyük ehtiyac var. Gecikdirmədən bu sahədə addım atılmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh