Bakıda bu dayanacaq taksilərin “işğalından necə azad edildi?" - FOTOLAR
Bakıda avtobus və taksi sürücülərinin dayanacaq uğrunda mübarizəsi sərnişinlərin həyatı üçün böyük təhlükə yaradır. Adətən metro stansiyalarının qarşısında, əhalinin gur məskunlaşdığı ərazilərdə taksi sürücüləri avtobus dayanacaqlarını işğal edirlər. Bu səbəbdən də sərnişin avtobusları yolun ortasında dayanmalı olurlar. Avtosfer.az bildirir ki, belə yerlədən biri də Əhmədli metro stansiyasının çıxışı - Məhəmməd Hadi küçəsi idi. Bir neçə ay öncə sözügedən ərazidə də oxşar vəziyyət müşahidə olunurdu.
Xüsusilə “1 manatlıq” taksilər ucbatından nə avtobuslar, nə də vətəndaşlar rahat hərəkət edə bilirdi. Lakin indi sözügedən durum 180 dərəcə dəyişib desək, yanılmarıq.
Belə ki, əməkdaşlarımız son durumu öyrənmək üçün əraziyə yollanıblar. Vətəndaşlarla həmsöhbət zamanı bəlli olub ki, son 2-3 aydır, narazılıqlar aradan qaldırılıb. Bu isə yol polisləri sayəsində baş tutub. Onlar narazılıqğa səbəb olan halı aradan qaldırıblar.
Taksi sürücüləri qeyri-qanuni davranışlarına görə cərimələnir, vətəndaşların , o cümlədən avtobusların rahat hərəkətinə mane ola bilmirlər.
Düzdür, bu durumdan şikayətlənən taksi sürücüləri də var. Onlar əməkdaşlarımızla söhbətləri zamanı şikayətlərini səsləndiriblər. Amma necə deyərlər, qanun şahdır. Söhbət həm də vətəndaşların təhlükəsizliyindən gedir axı…
“Əvəllər camaat avtobusa minməyə çətinlik çəkirdi, buralar tünlük idi. İndi şükür ki, yol polisləri nəzarət edir, insanlar da rahat formada nəqliyyat vasitələrindən istifadə edə bilirlər. Gördüyünüz kimi, hər şey göz qabağındadır. Burada əvəllər həm də şirkət taksiləri dayanır, avtobuslara mane olurdular. Dayanacaq yoxdur ki, taksilər də kimisə gözləyə bilsin. Onlar məcbur idi ki, burada dayansınlar və nəticədə avtobuslara mane olurdular. Lakin iki-üç aydır ki, problem aradan qaldırılıb, artıq avtobuslar əraziyə rahat gəlib girə bilirlər”, deyə vətəndaşlardan biri söyləyib.
"Avtobuslar taksilərin əlindən dayanacağa girə bilmirdi. Taksilər dayanacağın qarşısında saxlayırdı. Avtobuslar isə yolun ortasında qalırdı. Lakin indi yol polisi gələrək vəziyyəti tənzimləyir. Hər şey qaydasındadır”, - deyə başqa müsahibimiz qeyd edib.
Sözügedən ərazidən çəkilmiş fotoları təqdim edirik:
Sfera.az