Bir vaxtların məşhur filmindəki avtomobil görün harada tapıldı - İndiki qiyməti nə qədərdir? - FOTO
Bir zamanların məşhur "Gələcəyə dönüş" ("Back to the Future") filmində istifadə olunan avtomobil ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, 1981-ci ildə istehsal olunan "DeLorean" markalı avtomobil 42 ildən sonra yenidən gündəmə gəlib. Viskonsin ştatında bir fermanın anbarında yerləşən, sürət sayğacında 1500 km-dən bir qədər çox yol qət etdiyi görünən avtomobil kifayət qədər tozlu olsa da, qağayı qanadlı qapıları ilə hələ də çox fərqlənir. Satış zamanı üzərində verilən təkərlərin heç biri dəyişdirilməyib. Sahibi maşını öz anbarına qoyub ona baxmağa üstünlük verib.
Avtomobil ilk dəfə 1985-ci ildə buraxılan filmlə şöhrət qazanıb. Bu markalı avtomobillərin təmiri ilə məşğul olan Mixael Makelhetten ayın əvvəlində maşının çox az istifadə olunduğunu öyrənəndə dərhal Dik adlı sahibinin yanına getdiyini və avtomobili ondan aldığını bildirib. O, avtomobilin hələ də orijinal durumda qaldığını söyləyib: "Bu həqiqətən bir zaman kapsuludur. Şəxsən mənim üçün avtomobildəki hər şeyin orijinal olması gözəldir, hətta təkərlər də Belfastdakı zavoddandır. İllərdir ki, toxunulmazdır". Makelhetten avtomobilə girmək istəyəndə əvvəlcə qapıların necə işlədiyini gördüklərini, daha sonra içəridəki pis qoxu ilə qarşılaşdıqlarını və içində siçanların olduğunu deyib. Avtomobili yola qaytarmaq üçün altı ay çalışmaq lazım olduğunu təxmin edən Makelhetten nəqliyyat vasitəsi üçün nə qədər pul ödədiyini açıqlamayıb.
1981-1982-ci illərdə "DeLorean" istehsal edən şirkətin müflis elan olunduqdan sonra fəaliyyəti dayandırılıb. Bu müddətə qədər isə cəmi doqquz minə yaxın avtomobil istehsal olunub. Zavoddan ildə 25 min ədəd məhsul buraxmağı planlaşdıran şirkət o qədər ehtiyat hissələri istehsal etmişdi ki, onları indi də tapmaq mümkündür.
"USA Today"ın məlumatına görə, "DeLorean"ın hazırkı qiyməti 85.000 dollara qədərdir.
Valyuta.az