Blokadanın qurbanı olmuş Naxçıvan trolleybusu - FOTO
Qafqazın cənubunda yerləşən Naxçıvan elektrik nəqliyyatı ilə nisbətən gec – yenidənqurma dövründə tanış oldu.
Avtosfer.az xəbər verir ki, şəhərdə ilk trolleybus xətti 3 noyabr 1986-cı ildə açıldı. Qısa vaxta marşrutların sayı üçə, trolleybusların sayı 29-a çatdırıldı (sovet istehsalı olan ZİU-682V). Lakin elektrik nəqliyyatının xoşbəxt günləri uzun sürmədi.
Artıq SSRİ-nin qürubu başlamışdı. Açılışdan heç 2 il keçməmiş azərbaycanlılar tarixi vətənləri olan Ermənistan SSR-dən qovuldular. Ardınca Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları baş qaldırdı, Qarabağ münaqişəsi (qüruü hissi ilə deyə bilərik ki, artıq bu münaqişədən yalnız tarixi hadisə kimi danışırıq) başladı.
Naxçıvana hücumla heç bir şey edə bilməyən ermənilər bu diyarın əhalisinin müqavimətini uzunmüddətli blokada ilə qırmaq yolunu tutdular. Bu vəziyyət Naxçıvan iqtisadiyyatına ağır zərbə vurdu. Nəqliyyat da blokadadan zərər gördü. 1987-ci ildən başlayaraq ermənilər Bakıdan Naxçıvana gedən qatarları dayandırmağa, sərnişin və maşinistrlərə qarşı güc tətbiq etməyə başladılar. Az sonra muxtar respublika Azərbaycanın digər əraziləri ilə dəmir yolu və quru əlaqəsini itirdi. Yeganə ümid aviasiya idi.
Bakı ilə əlaqənin itməsindən sonra Ermənistan Naxçıvana elektrik ötürən xətləri və dəmir yolu relslərini söküb satdı. Muxtar Respublikada yanacaq və elektrik enerjisi böhranı başladı. Bu vəziyyət digər nəqliyyat növləri kimi trolleybusları da iflic etdi. Enerji olmadığından maşınlar həftələrlə qarajdan çıxa bilmirdi.
1990-cı illərin sonunda Naxçıvanda enerji problemi həll olunsa da, trolleybusların problemi həll edilmədi. Ölkənin digər şəhərlərindəki kimi, burada da trolleybuslar qeyri-müntəzəm işləyir, digər nəqliyyat növlərindən geri qalırdı.
XXI əsrin əvvəllərində xətlərin sayı azaldıldı. 2004-cü ilin aprelində sonuncu xətt ləğv edildi. Metal tələbat əsas gətirilərək maşınlar doğranıb əridildi. Kontakt xətləri və dirəklər yolların genişləndirilməsi zamanı söküldü. Naxçıvan trolleybusu 18 yaşına çata bilmədi.
Fəaliyyətdə olmuş marşrutlar
1. Dəmir yol vağzalı – Xəstəxana
2. Dəmir yol vağzalı – Koroğlu meydanı - Avtovağzal
3. Mədəniyyət evi - Xəstəxana - Mədəniyyət evi (dairəvi)
Hazırda Naxçıvan trolleybusundan heç bir nişanə qalmayıb. Araşdırmalar zamanı rusdilli mənbələrdə mövzuya aid cəmi 2 şəkil tapa bildik – atılmış trolleybusun detalı və marşrut sxemi.
Sözardı. Vətən Müharibəsindəki parlaq qələbəmiz Naxçıvanın da həyatında parlaq səhifə açdı. Muxtar Respublikanın enerji problemi çoxdan həll edilib. Bu gözəl diyarımızın dəmir yolu və quru yolları ilə Azərbaycanın əsas ərazisinə və dünyaya açılması zaman məsələsidir. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan beynəlxalq nəqliyyat qovşağına çevriləcək, bura gəlib-gedənlərin sayında sıçrayışla artım olacaq. Buna görə də şəhərdə elektrik nəqliyyatını bərpa etmək yerinə düşər. Şəhər kiçik olduğundan ən yaxşı nəqliyyat elə trolleybus olar.
Vüqar Yaşaroğlu