Reklam

Bu küçədə avtobuslar piyada keçidinin üstündə dayanır - SƏBƏB - FOTO

Avtosfer Foto 2 Fevral 2024 11:34 Oxunub 612
Bu küçədə avtobuslar piyada keçidinin üstündə dayanır  - SƏBƏB  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abbas Mirzə Şərifzadə küçəsində piyada keçidi və avtobus dayanacaq məntəqəsi eyni nöqtədə yerləşir. Avtosfer.az xəbər verir ki, bu səbəbdən həm avtobuslar piyada keçidinin üzərində dayanır, həm də sürücülər yolun kənarında avtobus gözləyən sərnişinləri piyda keçidindən keçməyə hazırlaşan piyadalar kimi görür.

Nəticədə isə qeyri-müəyyən vəziyyət yaranır.

Qeyd edək ki, qanunvericiliyə əsasən dayanacaq məntəqəsi keçiddən sonra yerləşdirilməlidir. 

Keçiddə daha bir problem maşınların zolağa yaxın məsafədə park edilməsidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, dayanacaqla piyada zolağı eyni nöqtədə yerləşə bilməz.

“Arada məsafə olmalıdır. Bu, yoldakı həllərdən asılıdır. Tutaq ki, “cib” tipli olursa, dayanacaqla piyada keçidi arasında beş metr məsafə olmalıdır. Qarşıda dayanacaq varsa, piyada zolağı (zebra) birbaşa ona doğru olmamalıdır. Çünki bu, həm yolu keçən, həm avtobusa minib-düşən sərnişinlər üçün diskomfort yaradır. Bu səbəbdən məsafə olmalıdır.

Ümumi olaraq, “cib”lərə də qarşıyam. Hesab edirəm ki, “anticib”lərin qurulması daha məqsədəuyğun olar. Bu zaman həm avtobusların yan alması, həm sərnişinlərin rahat düşməsi təmin edilər”.

Piyada zolaqlarına gəlincə, ekspertin fikrincə, iki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik adacıqlarının qurulmasına ehtiyac var.

R.Ağamirzəyev onu da diqqətə çatdırıb ki, yolda hərəkətin nizamlanması ilə bağlı uğurlu nümunə artıq Bakıda var. Eyni nümunənin bütün küçə və prospektlərimizdə olması yaxşı olar:

“Məsələn, bu istiqamətdə son beş ildə ən uğurlu layihə Bakının Həsən Əliyev küçəsində həyata keçirilib. Burada həm mobilliyi az olan insanlar nəzərə alınıb, təhlükəsizlik adacığında panduslar qurulub, hərəkət işıqforla nizamlanır. Dayanacaq isə piyada zolağından beş metr irəlidədir. Düşünürəm ki, bütün geniş küçə və prospektlərimizdə hərəkət bu cür təşkil olunmalıdır”.   

Leyla

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh