Reklam

"Yeraz" maşınları: Sovet sürücüləri üçün cəza - FOTOLAR

Avtosfer Foto 14 Noyabr 2022 19:29 Oxunub 6316
"Yeraz" maşınları: Sovet sürücüləri üçün cəza - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Söhbətə başlıqdakı Yeraz sözünün mənasını açmaqla başlamaq istərdim. Həm də yalnız rus dilindəki texniki mənasını.
Avtosfer.az xəbər xəbər verir ki, Yeraz rus dilindən tərcümədə Yerevan Avtomobil Zavodu mənasını verir. Zavod furqon tipli avtomobil (RAF 977K) istehsalına 1966-cı ildən başlayıb. Çünki 1964-cü ildə Riqa Avtomobil fabriki (RAF) yeni model layihələndirsə də, konveyerdə yer olmadığından istehsal İrəvana köçürülür. Beləcə, RAF 977D markalı mikroavtobusun bazasında hazırlanan furqon konveyer həyatına Qafqazda vəsiqə alır. Həm də adı dəyişilərək Yeraz-762 şəklində. 
Avtomobil QAZ-21-in mühərrik və transmissiyası ilə təchiz edilir və ilk gündən sürücülərin nifrətini qazanır. Çünki Latviyada RAF yüksək keyfiyyətlə yığılırdısa, Ermənistan barədə bunu demək olmazdı. Ən sadə misal: avtomobil 80-ci illərədək QAZ-21 mühərriki ilə təchiz edilirdi. Sonradan daha yaxşı QAZ-24 mühərriki tətbiq edilsə də, 3 pilləli QAZ-21 transmissiyası konveyerdə 90-cı illərədək qaldı. Hər 2 aqreqat (sürət qutusu və mühərrik) avtomobilin sözdə 1 ton olan yükgötürmə qabiliyyətinə uyğun gəlmirdi. 
Təzə avtomobil alan sürücü demək olar bütün bolt-qaykaları sıxmalı idi. Detalların keyfiyyəti o qədər aşağı olub ki, bu avtomobili ən səliqəli sürücü belə 5 ildən çox işlədə bilmirdi. Sürücünün sağında yerləşən mühərrikin isti və tüstüsü salona dolur, yayda maşın sürmək cəhənnəm əzabına çevrilirdi.
Maşının elan olunan sürəti 110 km/saat olsa da, bu ağ yalan idi. QAZ-21 mühərriki bu sürəti yığsa belə ən yaxşı halda 10-15 dəqiqə davam gətirərdi. Avtomobilin arxa hissəsi sürüşdüyü və atılıb-düşdüyü üçün boş avtomobildə arxa tərəfə hər zaman 2 kisə qum qoyulurdu. Avtomobilin keyfiyyəti barədə narazılıqlar dəfələrlə Moskvaya çatdırılsa da, heç bir tədbir görülmədi. Müstəqilliyin ilk illərində zavod bir neçə yeni model layihələdirsə də, bunlar prinsipcə 762-dən ciddi fərqlənmirdi.
1995-ci ildə özəlləşdirilən zavod 2002-ci ildə bankrot elan edilir. 2 il sonra isə zavodun ərazisində kiçik ofislər tikilir.  

Keyfiyyətsiz istehsal olunduğu üçün bu günə barmaqla sayılacaq qədər avtomobil gəlib çatıb. Onlar da SSRİ-nin son dövrünün texnikasıdır. 
Yeri gəlmişkən, sovet vaxtı sürücüləri cəzalandırmaq üçün onları bir neçə ay Yeraz sürməyə məcbur edirdilər. Yük maşını sürücülərini isə başqa qonşumuzun – gürcülərin istehsalı olan Kolxida ilə cəzalandırırdılar.

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh