Yol polisi maşın sürərkən qayda pozan tanınmışların görüntülərini yaydı - FOTOLAR
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbook sosial şəbəkə hesabında avtomobil idarə edərkən qayda pozaraq sosial şəbəkələrdə paylaşımlar edən tanınmış insanlara xəbərdarlıq edib. Polis mayoru həmçinin, onlardan bir neçəsinin fotolarını da yayıb. Bildirib ki, tanınmış şəxslər tərəfindən yol-hərəkəti qaydalarına riayət edilməməsi və bu tərz materialların diqqət edilmədən paylaşılması hər kəs üçün pis nümunə olur, xüsusən onları izləyən azyaşlılar üçün: "Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də bu sahədə icra olunan Dövlət Proqramında Yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması müəyyən edilib. Bu məqama televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən materialların hazırlanması zamanı da ciddi əməl olunmalıdır. Lakin bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında təəssüf ki yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyaya nümayiş etdirildiyini şahidi oluruq. Təəssüf ki bu materialların heç bir əlavə şərh verilmədən yayımlandığını şahidi oluruq.
Belə audiovizual materiallar yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılmalara səbəb olur. Hətta onlarda analoji olaraq bu səhvlərə yol vermək arzusu yaradır. Eləcə də bu kimi neqativ təzahürlərin gənc və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.
Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu kimi halların yolverilməz olduğunu bir daha diqqətə çatdırırıq.
Bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırırıq".
Qeyd edək ki, paylaşılan fotolarda əsasən xanım müğənnilər əks olunub və onlar sükan arxasında mobil telefonda istifadə edir, təhlükəsizlik kəmərini taxmırlar. Hətta onlardan biri hərəkətdə olan avtomobilin pəncərəsindən bayıra çıxaraq şou göstərib.
Fotoları təqdim edirik:
Elmin