Banner

Azərbaycanda elektromobil istehsalı və ixrac imkanları genişlənir

Avtoxəbər 11 Noyabr 2026 18:46
Azərbaycanda elektromobil istehsalı və ixrac imkanları genişlənir
WhatsApp kanalımıza abunə olun

Dünyada elektromobillər artdıqca benzin və dizel mühərrikli avtomobillərin bazardakı payı azalır. Dəyişiklik təkcə satılan maşınların növündə deyil, ustanın gördüyü işdə və zavodun hazırladığı hissədə də görünür. Mühərrik təmir edən ustadan batareya və elektron sistemlər üzrə yeni bacarıqlar tələb olunur.

Avtosfer.az xəbər verir ki, Azərbaycan üçün bu prosesin əhəmiyyəti elektrik avtomobillərinin alqı-satqısından daha genişdir. Ölkədə dəyişən avtomobil parkına xidmət göstərəcək mütəxəssislərin hazırlanması, batareyaların yerli yığımı və gələcəkdə ixracı üçün imkanlar formalaşa bilər. Bu imkanların ölçüsünü isə həm dünyadakı dəyişiklik, həm də yerli bazarın real göstəriciləri müəyyənləşdirir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ildə dünyada elektrik avtomobillərinin satışı 20 faiz artaraq 20 milyonu ötüb. Satılan hər dörd yeni avtomobildən biri bu qrupa aid olub. Buraya tam elektrikli avtomobillərlə yanaşı, elektrik şəbəkəsindən doldurulan hibridlər də daxildir.

2026-cı ilin ilk yarısında dünyada ümumi avtomobil satışı təxminən beş faiz azalıb. Elektrik avtomobillərinin satışı isə ikinci rübdə illik müqayisədə dörd faiz artıb. Agentliyin iyulda açıqladığı proqnoza görə, bu ilin yekununda elektrikli modellərin yeni avtomobil satışındakı payı 29 faizə çata bilər. Bu dəyişiklik ənənəvi avtomobil istehsalçılarını və onların hissə təchizatçılarını da yeni bazara uyğunlaşmağa sövq edir.

Servisdə həmin dəyişiklik başqa formada görünür. Mühərrik və sürətlər qutusunun təmirini bilən ustaya batareyanın vəziyyətini yoxlamaq, elektron nasazlığı tapmaq və yüksək gərginliklə təhlükəsiz işləmək üçün əlavə hazırlıq lazımdır. Köhnə bacarıqlara yeni biliklər əlavə olunur, elektrik və elektronika üzrə ixtisaslaşmanın əhəmiyyəti artır.

Azərbaycanda da bu bacarıqlara ehtiyac yaradan avtomobil parkı böyüyüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, tam elektrikli minik avtomobillərinin sayı 2024-cü ilin sonunda 5 941 olduğu halda, 2025-ci ilin sonunda 8 215-ə çatıb. Artım 38.3 faizdir. Eyni dövrdə hibrid minik avtomobillərinin sayı 66 385-dən 133 353-ə yüksəlib, yəni təxminən iki dəfə artıb.

Servislərin işləyəcəyi elektrikli və hibrid avtomobil parkı artıq mövcuddur.

Kadr hazırlığında dəyişiklik artıq təhsil proqramlarına da daxil olub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik ixtisası tədris olunur. Bu, yeni texnologiyalı avtomobillərlə işləyəcək mütəxəssislərin hazırlanması istiqamətində mövcud nümunələrdən biridir.

Belə hazırlıq servislə yanaşı, gələcək istehsal üçün də faydalı baza yaradılması mümkündür. Batareyanın işləmə qaydasını, nasazlığın müəyyən edilməsini və təhlükəsizlik tələblərini bilən mütəxəssis istehsalat üzrə əlavə təlim keçərək yığım, sınaq və texniki xidmət işlərinə qoşula bilər. Bunun üçün təmir biliklərinə istehsal prosesi və keyfiyyətə nəzarət bacarıqları da əlavə olunmalıdır.

Bu keçidin Azərbaycandakı sənaye dayaqlarından biri elektrik avtobuslarının yerli yığımıdır. İqtisadi Zonaların İnkişafı Agentliyinin bu il sentyabrın 28-də açıqladığı məlumata əsasən, Sumqayıt Sənaye Parkında BYD avtobuslarının yığılması layihəsinin investisiya dəyəri 29 milyon manatdan çoxdur. Müəssisədə ildə 250 - 300 elektrik avtobusunun yığılması və 600 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Həmin göstəricilər avtobus layihəsinə aiddir. Batareya və onun hissələrinin yerli təchizatının qurulması isə bu istehsalın ətrafında əlavə işlər yarada bilər. Avtobus yığan müəssisə üçün uyğun məhsul hazırlamaq gələcək batareya istehsalçısına əvvəlcədən məlum olan alıcı və sifarişlə işləmək imkanı verər.

Azərbaycanla BYD arasında əməkdaşlığa dair 2024-cü ildə açıqlanan planlarda 2028-ci ildən elektrik enerjisinin saxlanması üçün batareyaların yığılması da nəzərdə tutulub. Avtobus istehsalında isə 2030-cu ilədək yerli istehsal payının ümumi maya dəyərinin 40 faizinə çatdırılması hədəfi göstərilib.

Enerji saxlama batareyaları avtomobildən kənarda da bazar yaradır. Günəş və külək stansiyalarının istehsal etdiyi elektrik enerjisinin saxlanması üçün belə qurğulara ehtiyac yaranır. Bu istiqamət inkişaf etdikcə, istehsalçı yalnız fərdi avtomobil sahiblərinin sifarişindən asılı qalmaya bilər. Lakin avtomobil və enerji sistemi üçün hazırlanan məhsulların texniki tələbləri ayrıca nəzərə alınmalıdır.

İlkin mərhələdə daha əlçatan model hazır batareya elementlərini xaricdən alıb burada yığmaq ola bilər. Azərbaycandakı müəssisədə həmin elementlər birləşdirilər, korpusa yerləşdirilər, idarəetmə və soyutma sistemi quraşdırılar. Məhsul sınaqdan keçirildikdən sonra alıcıya təqdim olunar. Tam batareya elementi istehsalı isə daha mürəkkəb texnologiya və daha böyük sərmayə tələb edən mərhələdir.

Bu istehsalda mühəndislərlə yanaşı, elektrik montajçıları, avadanlıq operatorları, sınaq və keyfiyyətə nəzarət əməkdaşları çalışa bilərlər. Proqram təminatı, texniki xidmət, anbar və logistika üzrə də işlər yaranar. Beləliklə, yeni sahə həm ali təhsilli mütəxəssislər, həm də peşə təhsili alanlar üçün imkan aça bilər.

İstehsalın məşğulluğa təsiri zavodun işçi sayı ilə bitməz. Korpus, kabel, metal birləşdiricilər və plastik hissələr yerli müəssisələrdən alınarsa, sifarişlər başqa sahələrə də yayılar. Azərbaycanın metal emalı və kimya sənayesinin imkanları bu baxımdan istifadə oluna bilər. Bunun üçün yerli məhsulun batareya istehsalında tələb olunan keyfiyyətə uyğunluğu təmin edilməlidir.

Daxili bazarın həcmi isə ixrac imkanlarını əvvəldən nəzərə almağı tələb edir. Bir müəssisənin davamlı işləməsi və işçilərini saxlaması üçün sifarişlərin təkrarlanması vacibdir. Yerli tələbat müəyyən dövrdə məhdud qalarsa, xarici alıcılarla əməkdaşlıq istehsalın sabitliyinə kömək edə bilər.

Regional bazarlardakı artım bu istiqaməti araşdırmağa əsas verir. Məsələn, Özbəkistanın Milli Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkəyə 37 874 elektromobil gətirilib. İdxal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.6 dəfə artıb. Həmin avtomobillərin 37 560-ı Çindən daxil olub.

Bu rəqəmlər regionda elektrik avtomobilləri parkının böyüdüyünü, eyni zamanda Çin istehsalçılarının güclü mövqeyini göstərir. Hazır maşının idxalı dərhal əlavə batareya sifarişi yaratmır. Lakin böyüyən park zamanla servis, ehtiyat hissələri və əvəzedici batareya bazarını genişləndirə bilər. Azərbaycan istehsalçısı üçün belə bazara çıxış konkret modellərə uyğun məhsul və xidmət hazırlamaqdan keçər.

Rəqabət təkcə qonşu bazarlarda deyil, batareyanın öz istehsalında da güclüdür. Beynəlxalq Enerji Agentliyinə görə, 2025-ci ildə dünya batareya istehsalının 80 faizdən çoxu Çinin payına düşüb. "BloombergNEF"in məlumatında isə həmin il batareya paketlərinin qlobal orta qiymətinin səkkiz faiz azaldığı göstərilir. Yeni müəssisə həm böyük istehsalçılarla, həm də ucuzlaşan məhsulla rəqabət aparmalı olacaq.

Azərbaycanın mümkün üstünlüklərinin daha qısa təhvil müddəti, yerində servis və alıcının sifarişinə uyğun məhsul hazırlamaqla bağlı olması mümkündürr. Yaxın bazara satılan batareyaya texniki dəstəyin tez göstərilməsi alıcı üçün dəyər yaradar. Bununla belə, daşınma, yığım, sınaq və zəmanət xərcləri daxil olmaqla, yekun qiymət də rəqabətə davamlı olmalıdır.

İxrac üçün hazır batareya ilə yanaşı, korpus, elektrik hissələri və mühəndislik xidmətləri də nəzərdən keçirilə bilər. Daha məhdud məhsulla başlayan müəssisə təcrübə və sifariş topladıqca fəaliyyətini genişləndirər. Bu, yerli istehsalın bütün mərhələlərini eyni vaxtda qurmaq ehtiyacını da azaldar.

Perspektiv konkret alıcı ilə əməkdaşlıqdan başlayır. Nəqliyyat müəssisəsinin, avtobus istehsalçısının və ya enerji layihəsinin tələbi əvvəlcədən məlum olduqda, istehsal gücü, avadanlıq və işçi hazırlığı daha düzgün planlaşdırıla bilər. Sonrakı genişlənmə isə real satışa və təkrarlanan sifarişlərə əsaslanar.

Avtomobil bazarındakı dəyişiklik Azərbaycan üçün həm yeni peşələr, həm də yeni məhsullar üzrə imkan yaradır. Həmin imkanın gəlirə çevrilməsi ustaların və mühəndislərin hazırlanması, yerli hissələrin istehsalı və alıcılarla əməkdaşlığın birlikdə inkişafından asılıdır. Bu əlaqə qurulduqda servisdə başlayan dəyişiklik zavod və ixrac sifarişinə qədər böyüyə bilər. (oxu.az)

Oxunub : 42
ŞƏRH YAZ
Ad

E-mail

Şərh