Ermənilər Aşağı və Yuxarı Əskiparadan keçən yola alternativ çəkir - Qazax kəndləri də qaytarılır...

Ermənistan Tavuş bölgəsində Qazaxın işğal altındakı kəndlərindən keçən magistral yola alternativ yol çəkir. Sözügedən məsələ ilə bağlı erməni mediası yazır ki, Ermənistan hakimiyyəti artıq alternativ yolun haradan keçəcəyi ilə bağlı araşdırmalara da başlayıb. Bəzi məlumatlara görə, hətta işlər aparılır. Söhbət Qazaxın erməni işğalı altındakı 7 kəndindən ikisinə - Aşağı və Yuxarı Əskipara hissəsinə alternativ yolun tikintisindən gedir. Erməni mediası alternativ yolun Qazaxın kəndlərinin qaytarılmasından sonrakı dövrə hazırlıq olduğunu iddia edir. Qeyd edilir ki, bunda məqsəd Gorus-Qafan yolunda üzləşdikləri vəziyyətin təkrarlanmamasıdır. O da qeyd olunur ki, Azərbaycan kəndləri öz nəzarətinə qaytarandan sonra orada da gömrük postu və sərhəd-keçid məntəqəsi quracaq. Ermənistanın Nəqliyyat Nazirliyi faktı nə təsdiqləyib, nə də təkzib edib. Bircə onu deyiblər ki, bəzi yollarda yenilənmələr aparılır. Qurumun bunu təkzib etməməsi deyilənlərlə bağlı şübhələri artırıb.
Maraqlıdır, alternativ yolun çəkilməsini Qazaxın kəndlərinin qaytarılmasına hazırlıq kimi dəyərləndirmək olarmı?
“Nəzərə almaq lazımdır ki, Qazax-İcevan dəmir yolunun da açılması müzakirə mövzusudur”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli prinsipcə bunu istisna etmədi: “Əvvəla, hər şeyin zamana ehtiyacı var. Elə məsələlər var ki, orada proseslərin tələsdirməyin bir anlamı yoxdur. Ona görə də Prezident İlham Əliyev bir neçə dəfə çıxışlarında vurğulayıb ki, nəyi nə zaman etməyi mən bilirəm. Yəni nəyisə qabaqlamağa, vaxtından əvvəl nəyisə deməyə ehtiyac yoxdur. Ona görə də təmkinli olmaq lazımdır. Bəziləri ciddi əsas olmadan bizim 44 günlük müharibədə əldə etdiyimiz qələbə ilə bağlı qeyri-müəyyən rəy formalaşdırmaq istəyir. Hesab edirəm ki, bu kimi fikirlərə əhəmiyyət vermək lazım deyil. O baxımdan hər şey zamanla həllini tapacaq. Nəzərə almaq lazımdır ki, biz müharibədən qalib çıxmış xalqıq. Ona görə də diqqətli və səbrli olmalıyıq. Qazaxın kəndlərindən keçən yola alternativ yolun çəkilməsi ilə bağlı deyilənləri real saymaq olar. Çünki biz nə qədər qətiyyətli mövqe sərgiləyiriksə, ermənilər bir o qədər geri çəkilirlər. Alternativ yolun çəkilməsi ermənilərin reallıqla barışdıqlarına bir işarədir. Nəzərə almaq lazımdır ki, nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı prinsipial razılıq var. Rusiya, Azərbaycan və Ermənistan nümayəndə heyyətləri səviyyəsində dövlətlərarası işçi qrupu fəaliyyət göstərir. Digər tərəfdən, Qazax-İcevan dəmir yolunun da açılması müzakirə mövzusudur. Həmin yolun açılması isə Qazaxın 7 kəndinin işğaldan azad olunmasından keçir. Çünki Gorus-Qafan yolunda onlar Azərbaycan dövlətinin iradəsini, gücünü gördülər. O üzdən belə bir versiyanı real hesab edirəm”.
Hərbi ekspert onu da qeyd eti ki, Ermənistanın Azərbaycanla hesablaşmaqdan başqa alternativi yoxdur.













