Zəngəzur dəhlizinin taleyi DƏYİŞİR: Azərbaycanı nə gözləyir?

Zəngəzur dəhlizi ətrafında yeni razılaşmalar bölgədə qüvvələr balansını dəyişərkən, Azərbaycanın qarşısında yeni imkanlar və mühüm seçimlər yaranır.
Avtosfer.az xəbər verir ki, politoloq Əziz Əlibəyli Zəngəzur dəhlizinin gələcəyi, ABŞ, Rusiya və İranın prosesdəki mövqeyi, Ermənistanın suverenlik məsələsində yanaşması və Azərbaycan üçün mümkün ssenarilərlə bağlı fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşması qarşısında əvvəlki əsas maneə dəhliz anlayışı ilə Ermənistanın suverenliyi arasında yaranan ziddiyyət olub. Onun sözlərinə görə, TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşmalar bu məsələyə yeni çərçivə gətirib: “Əvvəlcə əsas maneə dəhliz və suverenlik arasında problem idi. Amma onun cavabı TRIPP dəhlizi məsələsi ilə düzənləndi. Marko Rubio ilə Ermənistan Xarici İşlər Nazirinin açıqlamasına görə, Ermənistan öz ərazisində mütləq suverenliyi saxlayır. Qanunlar Ermənistanın qanunları olacaq. Amma əlbəttə, Azərbaycan üçün də maneəsiz, multimodal tranzit əlaqələr prinsipi təsbit olunacaq. Azərbaycanın istədiyi oldu. Təbii ki, Ermənistan da ərazisində keçid üçün istədiyi oldu”.
Ə.Əlibəyli hesab edir ki, prosesin əvvəlki razılaşmadan əsas fərqlərindən biri marşrutun idarə olunması məsələsidir. O bildirib ki, 10 noyabr razılaşmasında nəzərdə tutulan modeldən fərqli olaraq, hazırkı yanaşmada ABŞ-ın rolu ön plana çıxır: “İdarəetmə ABŞ-a keçdi. ABŞ-Rusiya-İran balansı necə dəyişdi? Düşünürəm ki, Rusiyanın modelini son razılaşma ilə Amerika əvəzləşdirdi. O zaman razılaşma 10 noyabr idi, Rusiya FSB-nin nəzarəti altında nəzərdə tutulurdu idarəetmə. İndi TRIPP Development şirkətinin vasitəsindədir. Layihə çərçivəsində investisiya və pay bölgüsü ilə bağlı müddəaların da nəzərdə tutulur. Layihədə ABŞ və Ermənistan arasında pay bölgüsü, uzunmüddətli inkişaf hüquqları və gələcəkdə Ermənistanın payının artırılması ilə bağlı yanaşmalar mövcuddur. Təsbit olunmuş investisiya müqabilində paylar da var. 74 faiz ABŞ-a, 26 faiz Ermənistana verilir. 49 illik eksklüziv inkişaf hüququ var. Ehtiyac olsa, 50 ilə vaxt uzadıla bilər. Üstəlik, Ermənistanın payı 49 faizə qaldırıla bilər. Belə yanaşmalar var. Bu model Rusiyanın əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldır. Rusiya prosesdən kənarda qalır. Vaşinqton, yəni sazişə görə, 99 illik imtiyaz əldə edib Amerika. Və Tehran üçün əlbəttə, bu böyük itkidir. Bu nəticələr Rusiya və İranı prosesdən kənarda qoymuş olur”.
Politoloq Azərbaycan üçün ən real ssenarinin TRIPP layihəsinin reallaşması olduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut yalnız avtomobil və dəmir yolu əlaqəsi ilə məhdudlaşmır və daha geniş regional nəqliyyat-kommunikasiya imkanları yarada bilər: “Azərbaycan üçün ideal ssenariyə gəldikdə, real ssenari elə TRIPP-dir. Ermənistan üçün fasiləsiz, multimodal marşrut yaradır Azərbaycana. Dəmir yolu da var, avtomobil yolu da var, enerji, neft-qaz boru kəmərləri, hələ fiber-optik rəqəmsal infrastruktura qədər. Bu layihə Azərbaycanın Naxçıvan vasitəsilə Transxəzər marşrutuna və Orta Dəhlizə daha geniş şəkildə inteqrasiyasına imkan yarada bilər. Azərbaycanı, Naxçıvanı Transxəzərə, Orta Dəhlizə çevirəcək məsələlər var. Bu baxımdan Azərbaycan öz ərazisində olan işləri bitirdi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunu çəkdi”.
Politoloq Azərbaycanın bundan sonrakı mərhələdə əsas diqqəti marşrutun hüquqi təminatlarının gücləndirilməsinə yönəltməli olduğunu düşünür. Onun fikrincə, çərçivə sənədinin hüquqi öhdəlik baxımından daha konkret sənədlərlə tamamlanması vacibdir: “Ən təbii, TRIPP-in hüquqi zəmanəti gücləndirilməlidir. Düşünürəm ki, çərçivə sənədi hüquqi öhdəlik yaratmadığı üçün onun sülh müqaviləsində və konkret investisiya müqaviləsində baxmaq lazımdır”.
Ə.Əlibəyli Azərbaycanın alternativ marşrutlardan da imtina etməməsinin vacibliyini vurğulayıb. O, xüsusilə İran ərazisindən keçən Araz dəhlizinin saxlanılmasını Azərbaycan üçün əlavə imkan kimi qiymətləndirib: “Azərbaycan paralel şəkildə İrandan keçən Araz dəhlizini kənara qoymamalıdır. Hər halda Tehranla bir balans yaradır və alternativ qalır əlində. Türkiyə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi də Azərbaycan üçün əhəmiyyətlidir. Türkiyənin nəqliyyat xəttinə Azərbaycanı qoşmaq, Türkiyə ilə sinxron nəqliyyat habına bərabər şəkildə daxil olmaq böyük üstünlüklər verir”.
Beləliklə, Əziz Əlibəylinin fikrincə, Zəngəzur marşrutu ətrafında müzakirələrin növbəti mərhələsində əsas məsələlərdən biri layihənin hüquqi təminatlarının konkretləşdirilməsi, digər tərəfdən isə Azərbaycan üçün alternativ nəqliyyat istiqamətlərinin qorunub saxlanılması olacaq./ajans.az
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO












