Ara məsafəsi probleminin avropasayağı həlli mümkündürmü? Qaydanı öyrənək, yoxsa vura-vura?
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi növbəti dəfə ara məsafəsinə görə baş verən qəzaların videosunu yaydı. Əslində belə videolar ilk dəfə deyil ki yayılır.
Videolara nəzər saldıqda bir şeyə tam əmin olmaq mümkündür: ara məsafəsi və sürət rejiminə əməl edilsə idi, qəzaların demək olar hamısının qarşısını almaq mümkün olardı. Bu tip maarifləşdirici videoların daha müntəzəm yayılması yerinə düşərdi.
İşin başqa tərəfi də var: bu qəzalar 30-40 km/saat sürətlə baş verdiyi üçün ölüm halları baş vermir, ən pis halda yerində tibbi yardımla məsələ bitir. Magistralda 90 km/saat və daha böyük sürətlə baş verən qəzada nəticə nə olacaq? Bəri başdan deyə bilərik ki, ölüm və ağır xəsarət qaçınılmaz olacaq. Hətta zərbənin təsirindən başqa zolağa düşən nəqliyyat vasitəsi digər sürücülərə də təhlükə yaradacaq. Bəs ara məsafəsi bu günün problemidirmi?
Avropada bu məsələ 50-ci illərdən aktuallaşdığı halda, keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda 1971-ci ildən ciddi xarakter aldı. Jiqulilərin yollarda artması ilə sovet sürücüləri yeni fenomenlə üzləşdilər: İtaliya tormoz sisteminə malik VAZ-2101 svetoforun qırmızı işığında qəflətən tormoz verəndə arxadan gələn barabanlı tormoz sisteminə malik Moskviç və ya Volqanın təhlükəsiz tormozlama ehtimalı sıfıra yaxın idi. Buna görə də bir müddət sonra sürücülər Jiqulilərdən uzaq durmağa çalışdılar. Eynilə bizdə sürücülərin Priusdan qorxduğu kimi. Bundan sonra Dövlət Avtomobil Müfəttişliyi (DAM, rusca QAİ) məsələyə diqqəti artırdı, hazırlıq kurslarında bu mövzu daha ətraflı izah edildi.
İndi isə vəziyyət başqadır. Avtomobilin tormozuna arxayın olan və ya başı telefona qarışmış sürücülər ara məsafəsini unudur və qəza qaçınılmaz olur. Çox zaman sürücülər bir faktı unudurlar ki, texnika nə qədər mükəmməl olsa da, fizika qanunlarının fövqündə dayana bilməz. “Vura-vura öyrənmək” prinsipi də öz sözünü deyir. Təəssüf ki, bir çox sürücü yol işarələrini tanımır, yalnız radar bildirişi gəldikdə, və ya polis saxladıqda hansı küçədə nəyin qadağan olduğunu öyrənir.
Bəs çıxış yolu nədir? Beynəlxalq təcrübədə bunun bir neçə üsulu var. 70-80-ci illərdə polislər bu problemlə vizual müşahidə yolu ilə mübarizə aparırdılar. Yəni, polis nəfəri əlində kalibrlə (adətən 2-3 metrlik) svetoforda dayanır, sıx dayanan maşına cərimə yazırdı.
Lakin bu üsul səmərəli deyil. Çünki seçmə üsulla kimisə cərimələmək nəticə vermir. Digər tərəfdən, polis əməkdaşlarının həyatına təhlükə yaranır. Magistralda isə belə ölçmə ümumiyyətlə mümkün deyil.
Hazırda əksər Avropa ölkələrində ara məsafəsinə stasionar radarlarla nəzarət edilir. Şəhər daxilində və magistralda nəzarət mexaniozmi oxşardır: radar 2 avtomobilin sürətini ölçdükdən sonra təhlükəsiz ara məsafəsini hesablayır. Avtomobil qarşıdakı nəqliyyat vasitəsinə təhlükəli həddə yaxınlaşıbsa, o zaman şəxsi kabinetə və ya ünvanına cərimə bildirişi gəlir.
Bu sistemin tətbiqi ciddi xərc tələb etmir. Əksər ölkələrdə stasionar radarların proqram təminatı yenilənərək ara məsafəsini ölçməyə uyğunlaşdırılıb. Magistraldan fərqli olaraq şəhərlərdə yan məsafə də ölçülür.
Vüqar Yaşaroğlu