Bu şəxslər işsiz qalacaq - HƏLL YOLU NƏDİR?

Sosial 7 Sentyabr 2026 15:06
Bu şəxslər işsiz qalacaq - HƏLL YOLU NƏDİR?
WhatsApp kanalımıza abunə olun

Sentyabrın gəlişi ilə çimərlik və istirahət məkanlarında aktiv mövsüm tədricən başa çatır. Bu isə yay aylarında çimərliklərdə, restoranlarda, hotellərdə və digər turizm obyektlərində çalışan mövsümi işçilərin qarşısında yeni iş axtarışı məsələsini gündəmə gətirib.

Mövsümi işçilərin ilboyu məşğulluğunun təmin edilməsi üçün hansı addımlar atılmalıdır? Mövsüm dəyişikliyi kimləri çətin vəziyyətdə qoyur?

Mövzu ilə bağlı iqtisadçı Allahverdi Cəfərov açıqlama verib. O bildirib ki, Azərbaycanda ən ciddi problemlərdən biri mövsümi işçilərin ayrıca statistikasının aparılmamasıdır.

Ekspertin sözlərinə əsasən, bu gün dəqiq bilinmir ki, yay aylarında turizm sektorunda neçə nəfər mövsümi işləyir, onların nə qədəri ixtisaslıdır, nə qədəri mövsüm bitəndən sonra işsiz qalır və buna görə də məhz Türkiyə təcrübəsindən istifadə etmək lazımıdr:

“Hesab edirəm ki, Türkiyə bu sahədə ən yaxşı nümunələrdən biri ola bilər. Onu da qeyd edim ki, qardaş ölkədə mütəmadi olaraq mövsümi işçilərlə bağlı ayrıca statistika açıqlanır. Türkiyədə turizm sektorunu hansısa mövsümə, ya da fəsilə bağlamamağa çalışırlar. Məsələn, Antalya bölgəsi əsasən yay turizmi ilə tanınır. Ancaq Türkiyənin qış turizmi üçün də kifayət qədər tanınan bölgələri var. Məsələn, Türkiyənin Uludağ bölgəsində qış mövsümündə hotellər, restoranlar, xizək mərkəzləri və digər xidmət sahələri fəaliyyət göstərir. Burada söhbət sadəcə turistin Antalyadan Uludağa getməsindən getmir.

Əsas məsələ turizm şirkətinin və işçinin ilboyu işləyə bilməsidir. Məsələn, bir nəfər Antalyada hoteldə aşpaz kimi maydan oktyabra qədər işləyir. Oktyabrda Antalya mövsümü zəifləyir. Həmin işçini işsiz saxlamaq əvəzinə, qış mövsümündə Uludağdakı və ya başqa qış turizmi bölgəsindəki hotelə yönləndirmək mümkündür. Beləliklə, işçi bir neçə ay deyil, demək olar ki, ilboyu turizm sektorunda qala bilir”.

İqtisadçı eyni modelin Azərbaycanda da qurula biləcəyini açıqlayıb və buna nümunələr də göstərib:

“Məsələn, yay aylarında Xəzər sahillərində çalışan işçilərin bir hissəsi qış aylarında Şahdağ və Tufandağ kimi qış turizmi mərkəzlərində işləyə bilər. Bunun üçün turizm obyektləri arasında əvvəlcədən əməkdaşlıq qurulmalıdır. Dövlətin müvafiq qurumları, məsələn, Məşğulluq Agentliyi, Turizm Agentliyi kimi qurumlar bu sahədə öz fəaliyyətlərini qura bilərlər. Məsələn, yay mövsümündə bir hotel 100 nəfər mövsümi işçi götürürsə, həmin hotel qış turizmində fəaliyyət göstərən başqa bir hotel ilə razılaşa bilər. Mövsüm bitdikdə işçilərin bir hissəsi digər obyektə keçə bilər. Bu, həm işçi, həm də sahibkar üçün sərfəlidir. İşçi işsiz qalmır. Sahibkar isə artıq təcrübəsi olan işçini itirmir. Burada diqqət edilən məqam odur ki, turizmin müxtəlif növləri bir-birini tamamlayır. Yayda dəniz turizmi, qışda xizək turizmi, ilboyu isə mədəniyyət, sağlamlıq, termal və konqres turizmi fəaliyyət göstərə bilir. Azərbaycan da eyni yanaşmadan istifadə edə bilər. Bizdə də yay və qış turizmi bir-birindən ayrı sahələr kimi deyil, vahid turizm sistemi kimi qurulmalıdır".

Ekspert alternativlərdən danışıb:

"Məsələn, yayda Xəzər sahilində fəaliyyət göstərən turizm obyektləri qışda tamamilə bağlanmaq əvəzinə, xidmətlərini başqa istiqamətlərə yönəldə bilər. Qış turizmi obyektləri də yay dağ turizmi, yürüşlər, təbiət turları və digər xidmətlər ilə yayda da turist qəbul edə bilərlər. Qeyd etdiyim kimi, hazırda Azərbaycanda əsas problem budur ki, mövsümi işçinin bir obyektlə əlaqəsi mövsümlə birlikdə bitir. Halbuki, həmin işçini başqa turizm bölgəsində işlə təmin etmək mümkündür. Məncə, ilk növbədə mövsümi işçilərin vahid statistikası yaradılmalıdır. Məsələn, il ərzində turizm sektorunda neçə nəfərin yalnız yayda, neçə nəfərin yalnız qışda, neçə nəfərin isə hər iki mövsümdə işlədiyi müəyyənləşdirilməlidir. Bundan sonra həmin işçilərin bacarıqları üzrə məlumat bazası yaradıla bilər. Məsələn, kim aşpazdır, kim ofisiantdır, kim sürücüdür, kim xizək təlimçisi kimi əlavə bacarığa malikdir. Bu məlumatlar olduqda yay mövsümündə işini itirən şəxsin qışda harada işləyə biləcəyini əvvəlcədən müəyyən etmək daha asan olar. Ən çox çətinlik mövsümi gəlirdən asılı olan insanlarla yanaşı, turizm obyektlərinin özündə yaranır. Çünki hotel və restoran mövsüm bitdikdə həm müştərisini, həm də işçisini itirir. Ona görə də məsələni yalnız işçiyə yeni iş tapmaq kimi görmək düzgün deyil. Burada məqsəd turizmin özünü ilboyu işləyən vahid sektora çevirməkdir. Əsas məsələ yeni iş yerləri yaratmaqla yanaşı, mövcud işçini bir mövsümdən digərinə keçirə bilməkdir”./sfera.az

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh