Vətəndaşları düşündürən mühüm məsələ: Kredit faizləri necə azaldıla bilər?

Banklardan kredit götürmək istəyən vətəndaşları düşündürən əsas suallardan biri faiz dərəcələri ilə bağlıdır. Bankların təklif etdiyi kredit faizləri həm kreditin növünə, həm də müştərinin şərtlərinə görə dəyişir. Bəs Azərbaycanda kredit faizləri digər ölkələrlə müqayisədə hansı səviyyədədir?
Mövzu ilə bağlı Avtosfer.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, kredit faizlərinin azaldılması və bütövlükdə banklar tərəfindən təklif edilən məhsulların əlçatanlığı sözügedən sektorun əsas prioritetlərindəndir:

"Həm biznes, həm də istehlak kreditləri üzrə faizlər kifayət qədər yüksəkdir və bu da kreditlərin əlçatanlığına təsir göstərməklə yanaşı, problemli kreditlərin həcmində də artımlarla müşahidə olunur. Son dövrlər vaxtı keçmiş kreditlərin həcminin artmasını müşahidə edirik. Kredit faizlərinin optimallaşdırılması vacib məqamlardan biridir. Sözsüz, kredit faizlərinə təsir göstərən əsas faktor bankların cəlb etdiyi resursların xərcidir. Banklar daha bahalı resursları cəlb etdiyi halda, yüksək faizlərlə kreditlər təklif edirlər. Buna görə bankların xərclərinin azaldılması, daha ucuz və aşağı faizli kreditlərin təklif edilməsi üçün həm də nisbətən ucuz maliyyə resurslarının təminatının genişləndirilməsinə ehtiyac var".
V.Bayramov əlavə edib ki, bu istiqamətdə də bir sıra təşviqlər həyata keçirilə bilər:
"Azərbaycanda depozit faizləri də yüksəkdir. Bəzi banklar 12% ilə depozit qəbul edir. Sistem əhəmiyyətli banklarda bu, 10% ətrafında dəyişir. Ona görə də depozit faizlərinin ikirəqəmli olması praktiki olaraq kredit faizlərinin də ikirəqəmli olmasına birbaşa təsir göstərir. Bu kontekstdən depozit faizlərində dəyişikliklər də kredit faizlərinə təsir göstərən faktorlardandır. Bütün hallarda, xüsusən də biznes kreditləri üzrə faizlərin optimallaşdırılması və aşağı faizlə təklif edilməsi həm də real sektorun inkişafı baxımından vacibdir. Digər tərəfdən bu gün banklarda üç milyard manatdan artıq passiv vəsaitlər var. Onlar kredit formasında yerləşdirilə bilər. Əsas səbəblərdən biri də məhz risklərlə bağlıdır. Çünki kredit faizlərinin aşağı düşməsi üçün həm də risklərin azaldılmasına ehtiyac var. Risklər nə qədər aşağı olarsa, banklar eyni zamanda ona uyğun olaraq kredit faizlərini də azalda bilərlər".
Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli isə vurğulayıb ki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda faizlər yüksək görünə bilər:

"Lakin qonşu ölkələrlə müqayisədə faizlər yüksək deyil. Məsələn, Gürcüstanda, Türkiyədə Azərbaycandan yüksəkdir. Bunun səbəbi isə iqtisadiyyatla bağlı risklərdir. Pul iqtisadiyyatın güzgüsüdür. İqtisadiyyatı ifadə edir. İqtisadiyyatı güclü olan dövlətlərin pullarına da etibar var. Çünki düşünürlər ki, bu iqtisadiyyat güclüdür və onun pulu da güclü olacaq. Pulun dəyəri isə həmin ölkədən alınan məhsullarla, kapital bazarına daxil olan pullarla müəyyənləşir. Azərbaycanda ixrac yaxşıdır. Amma çox böyük risklərdən biri ixracın bir boru xəttindən asılı olmasıdır. Əgər ixracımız həmişə belə yaxşı olsaydı və bu, təkcə neftdən və yaxud qazdan asılı olmasaydı, dünyaya müxtəlif adda məhsul satsaydıq, o zaman iqtisadiyyat güclü olardı. Amma bir boru xəttinin üzərində dayanan iqtisadiyyat güclü deyil, riskli sayılır. Çünki həmin boru xəttindən keçən neft də azalır, üstəlik, onun qiyməti dünya bazarındakı qiymətlərdən asılıdır. Yəni əsas problem pulun dərəcəsinin iqtisadiyyatla bağlı risklərdən qaynaqlanmasıdır".
Ekspert bildirib ki, iqtisadiyyatın, qeyri-neft sektorunun inkişaf etdirilməsi, qeyri-neft ixracının artırılması, bank bazarında rəqabətin yaxşılaşdırılması üçün güclü təkandır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












