Yol polisi tərəfindən disk-təkərə görə tutulan sürücülər mütləq oxusun - FOTO
Son günlər avtomobilin təkər ölçülərinə görə sürücülərin DYP əməkdaşları tərəfindən saxlanılmasına dair məlumatlar çoxalıb. Belə hallar Bakı şəhərində daha tez-tez baş verir. Konkret sürücülərin Avtosfer.az-a verdiyi məlumatları təhlil edəndə aydın olur ki, heç də hər şey qanunauyğun deyil. Özü də həm qanunvericilikdə problem var, həm də onun tətbiqi təcrübəsi bərbaddır.
Qanunvericilikdəki problem çoxdan məlumdur və bunu dəfələrlə vurğulasaq da, həmin hüquqi məsələlərə aydınlıq gətirmək istəyən yoxdur. Təcrübədəki problem isə son vaxtlar bir qədər fərqli məzmunda aktuallıq kəsb edib.
Məsələ belədir: DYP əməkdaşı avtomobilin üzərindəki təkərlərin başqalarından bir balaca fərqləndiyini gördükdə onu dayandırır, hər hansı araşdırma aparmadan deyir ki, disklərin (özü də məhz disklərin) ölçüləri düz deyil, avtomobil cərimə meydançasına getməlidir, buna görə 150 manat cərimə nəzərdə tutulur və s.
Bəs əslində necə olmalıdır?
Əvvəlcə bu söhbətdəki terminoloji qüsurlara baxaq. Deyilən məsələ nə diskin, nə də təkərin ölçüləri deyil. Söhbət şin ölçülərindən getməlidir. Amma loru yanaşma ilə hesab edək ki, disk ölçüsü və ya təkər ölçüsü deyənlər də məhz şin ölçüsünü nəzərdə tuturlar.
Avtomobillərin təkərlərinə dair kifayət qədər geniş texniki (fiziki, kimyəvi və s.) tələblər bu yazının mövzusu deyil. Bu tələblərdən yalnız şinlərin ölçüsünə aid olanını nəzərdən keçirək. Təkər avtomobilin təhlükəsiz hərəkətini təmin edən ən vacib detallardan biri olduğundan ona dair normativlərin pozulması yolverilməzdir. O cümlədən təkər şininin ölçüləri də təhlükəsizlik üçün çox önəmlidir və hər bir avtomobildə buna riayət edilməlidir. Şinlərin ölçüləri təkərin yol örtüyünə normal ilişməsini, yəni tormozlanma və sürətlənməni, mühərrikin gücünə uyğun hərəkət sürətini, sükan idarəetməsinin səmərəliliyini və başqa bəzi dinamik göstəriciləri təmin edən əsas meyarlardan biridir.
Şinin ölçülərini hər bir konkret avtomobil modeli üçün istehsalçı müəyyən edir. Müəyyən edilən ölçü avtomobilin bütün göstəriciləri nəzərə alınaraq hesablanır və tətbiq olunur. Müasir avtomobil modellərində şin ölçülərinin fərqli kombinasiyalarından istifadə edilə bilir. Ona görə də əksər avtomobil modellərində istehsalçı bir neçə fərqli şin ölçüsü nəzərdə tuta bilər. İstehsalçının müəyyən etdiyi (tövsiyyə etdiyi) şin ölçüləri avtomobilin banının müxtəlif yerlərinə (məsələn, qapı dayağına, əlcək yeşiyinin içinə və s.) yapışdırılmış xüsusi lövhələrdə (mətnə əlavə olunan şəkildəki kimi), avtomobilin istismarına dair təlimat kitabçasında göstərilir. Bundan başqa, istənilən modelin şin ölçüləri ilə bağlı müxtəlif internet portallarından məlumat almaq olar.
Şin ölçüsü üç rəqəmdən ibarətdir. Məsələn, 235/60R18. Burada birinci rəqəm (265) şinin protektorunun enini (265 mm və ya 26,5 sm), ikinci rəqəm (60) şinin profilinin hündürlüyünün protektorun eninin neçə faizini təşkil etməsini (məsələn, bu misalda 60 o deməkdir ki, həmin şinin profili protektorun 60 faizi, yəni 141 mm və ya 14,1 sm-dir), R şinin radial konstruksiyaya malik olduğunu, üçüncü rəqəm isə həmin şinin geyindiriləcəyi diskin diametrini (düym-də) bildirir. Bizim misalda şinin geyindiriləcəyi diskin diametri 18 düym və ya təxminən 45,72 sm-dir.
Hər bir konkret şinin üstündə onu istehsal edən zavod ölçülərini də göstərir. Ona görə də avtomobilin altındakı konkret təkərə baxıb onu istehsalçının müəyyən etdiyi ölçülərlə müqayisə edərək, çox asanlıqla müəyyən etmək olar ki, bu avtomobildə bu təkərlərin istifadəsi düzgündür, ya yox.
Nəzərə almaq lazımdır ki, avtomobillərin fərqli oxları üçün fərqli şin ölçüləri müəyyən oluna bilər. Lakin eyni oxdakı şinlərin ölçüsü və protektor naxışları eyni olmalıdır (hətta eyni oxda protektor naxışlarının qalan hündürlüyünün də eyni olması məsləhətdir).
Digər maraqlı məsələ isə şinlərin ölçüsünün istehsalçının müəyyən etdiyi variantlardan heç birinə uyğun gəlmədiyi halda sürücünün məsuliyyəti məsələsidir. Qeyd etdim ki, bu məsələdə problem var. Həmin problem İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində və onun tətbiqi təcrübəsindədir. Belə ki, Məcəllənin 342.2.2-ci maddəsində normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutulur və bu xəta törədilmiş olduqda həmin pozuntunu yerində aradan qaldırmaq mümkün olmadıqda avtomobil cərimə meydançasına aparılır. İXM-in 342.5-ci maddəsində isə təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar edən sürücünün 50 manat cərimələnməli olduğu təsbit edilir. İXM-in 342.5-ci maddəsini “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində nəzərdə tutulan nasazlıqlar siyahısına müvafiq tətbiq etməliyik. Həmin Əlavənin 5-ci hissəsinin 4-cü bəndində isə aydınca şəkildə deyilir ki, şinlər ölçüsünə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə, bu, həmin nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq sayılır. Yəni bu nasazlıq olduqda və onu aradan qaldırmaq mümkün olmadıqda sürücü İXM-in 342.5-ci maddəsi üzrə 50 manat cərimə olunmalıdır.
Göründüyü kimi, təkər söhbətində bu iki norma arasında rəqabət var.
Bəs bu rəqabət necə həll olunmalıdır? Suala cavab vermək üçün “avadanlıq” sözünə anlayış verməliyik. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 2011-ci ildən dərc etdirdiyi “Azərbaycan dilinin izahlı lüğəti” kitabının I cildinin 165-ci səhifəsində avadanlığa belə anlayış verilir: avadanlıq – bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. Göründüyü kimi, bu anlayış çox ümumidir və ona istinadən “Təkər avdanlıqdır, ya yox?” sualına birmənalı cavab vermək mümkün deyil. Həm də nəzərə alaq ki, bizim araşdırmamızda söhbət “avadanlığ”ın nisbətən xüsusiləşmiş, dar mənasından – “nəqliyyat vasitəsinin avadanlığı”ndan gedir. Bu ifadənin isə lüğətdə izahı mövcud deyil. Amma “Yol hərəkəti haqqında” Qanunda və bu sahəyə aid başqa qanunvericilik aktlarında həmin ifadəyə rast gəlinir. Düzdür, ona normativ anlayış verilmir, lakin qanunvericilikdə işlədilən mənasından belə başa düşülür ki, nəqliyyat vasitəsinin avadanlığı dedikdə, onun konstruksiyasının bütün elementləri nəzərdə tutulub. Hər bir halda yenə də bu ifadədə tam müəyyənlik olduğunu söyləyə bilmirik. Təcrübədə yaranan ilk problem də elə bununla bağlıdır: bəzi şəxslər konstruksiyanın heç də bütün elementlərinin avadanlıq olduğunu düşünmürlər. Çünki doğurdan da, məsələn, təkərin bərkidildiyi bolta avadanlıq demək çətin məsələdir.
Beləliklə, İXM-in 342.2.2-ci maddəsinin tətbiqindəki ilk problem bu normadakı qeyri-müəyyənlikdir. Müasir hüquq təcrübəsi isə qeyri-müəyyən, mücərrəd, çoxmənalı yozuma imkan verən ifadə və sözləri inkar edir.
İXM-in 342.2.2-ci maddəsinin ikinci ciddi problemi onun quruluşu və mənası ilə bağlıdır. Normadan görünür ki, xəta sayılan əməl avadanlığın quraşdırılması və ya dəyişdirilməsidir. Deməli:
1) bu normanın konkret sürücü barəsində tətbiqi üçün sübut edilməlidir ki, həmin avadanlığı məhz bu sürücü quraşdırıb və ya dəyişdirib. Çünki norma yalnız həmin hərəkətləri etməyə və həm də yalnız onları edən şəxs üçün məsuliyyət müəyyən edir. Özü də bu əməl qəsdən törədilən əməldir. Ona görə də nəzəri xırdalıqlara getmədən deyə bilərik ki, sürücünün bu əmələ görə tənbeh edilməsi üçün avadanlığın quraşdırılmasını və ya dəyişdirilməsini onun etdiyi sübut olunmalıdır;
2) bu normanın konkret sürücü barəsində tətbiqi üçün normativ tələbləri pozmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş nəqliyyat vasitəsinin idarə olunması (istismar edilməsi) önəmli deyil. Başqa sözlə, normanın hərfi mənasına görə hətta kiminsə şəxsi həyətində olan belə avtomobilə görə onu məsuliyyətə cəlb etmək olar. Aşkar görünür ki, bu da məntiqsizdir. Çünki ola bilsin ki, kimsə həyətində öz köhnə avtomobilinin avadanlıqlarını dəyişdirib onun içərisində toyuq-cücə saxlayır. Ümumiyyətlə, yol hərəkətinə dair qanunvericiliyə diqqət etsək, görərik ki, sürücünün üzərinə avtomobilin sadəcə texniki problemləri olmasın vəzifəsi yox, həmin texniki problemləri olan avtomobili idarə etməmək (istismar etməmək) vəzifəsi qoyulur. Deməli, İXM-in 342.2.2-ci maddəsində həm də ciddi məntiqsizlik var.
Yuxarıda göstərilən iki kifayət qədər ciddi səbəbdən çıxış edərək hesab edirəm ki, idarə etdiyi avtomobilin şin ölçüləri (loru dildə desək, təkər ölçüləri) istehsalçı zavodun müəyyən etdiyi (tövsiyyə etdiyi) ölçülərə uyğun gəlməyən avtomobilin sürücüsü İXM-in 342.2.2-ci maddəsi üzrə deyil, 342.5-ci maddəsi üzrə (təkərləri və şinləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etməyə görə) məsuliyyətə cəlb edilməli və onun barəsində 50 manat cərimə tətbiq edilməlidir. Şübhəsiz ki, bu maddə üzrə məsuliyyət o vaxt yaranır ki, həmin nasazlığı aradan qaldırmaq mümkün olmasın. Özü də İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətə cəlb olunma avtomobilin mühafizə olunan duracağa aparılmasına heç bir halda səbəb ola bilməz.
Əgər təkər söhbətinə və bir sıra digər bu kimi məsələlərə görə sürücünü İXM-in 342.2.2-ci maddəsi üzrə məsuliyyətə cəlb etmək istəyiriksə, onda ilk növbədə zəhmət çəkib həmin normadakı qüsurları aradan qaldırmalıyıq. Hazırda Milli Məclisin payız sessiyasının yenicə başladığını nəzərə alaraq, həmin problemin həlli üçün öz təklifimi də vermək istəyirəm.
“342.2.2. Konstruksiyasında normativ tələblər pozulmaqla qəsdən əlavə və dəyişikliklər edilmiş nəqliyyat vasitəsinin idarə edilməsinə görə”.
Düşünürəm ki, kifayət qədər ciddi mübahisələr doğuran 342.2.2-ci maddəni bu redaksiyada daha hüquqauyğun və birmənalı tətbiq etmək mümkündür.
Ərşad Hüseynov,
hüquqşünas