Ondan şeir ətri gəlir - FOTO

Bu qocaman dünya hamıya qucaq açır, əzizləyir, sevir, amma hər kəsə dərin duyğulu eşq bəxş eləmir. Hər kəsə ruhun rəngli, min çalarlı donunu biçmir. Hər kəsə qələmlə dost, sirdaş olmağın sevincini yaşatmır. Məncə, xüsusi sevdikləri var bu dünyanın. Onlardan biri də öz ruh halı ilə yaşayıb-yaradan, göyə, ulduzlara pənah aparan, çaylara, dənizlərə, aşılmaz yollara sevgi çələngi hörən, Vətən deyəndə qəlbi qovrulan şair, polis polkovnik-leytenantı Hafiz Təmirovdur (Hacxalıl).
Hafizi tanıdığım zamandan neçə illər keçib. Neçə dəli dağ çayı küskün yatıb, küskün oyanıb. Günəş bəzən bizə gülümsəyib, bəzən də gülən gözlərinin odunda qovurub bizi.
Deyirlər ki, ilk tanışlıq heç vaxt unudulmur, dostluğa yol yoldaşı olur. Hafizi ilk gördüyüm günü məndən soruşsalar o günü belə təsvir edərdim: utancaq bir dağ adamı ilə həmsöhbət olmağı bir anlıq xəyalınızda canlandırın. Heyif ki, bu tabloya XXI əsrdə az-az rast gəlirik...
Şair şeirlərində bizə onu hansı dildə dindirməyi pıçıldayır:
Bir dünya sevinci, bir ömür yası,
Yaşayır qoynunda budaq balası.
Əyri adamların paslı baltası,
İşləyir nədənsə düz ağaclara.
Şair Hafiz, polis Hafiz torpağı belə əzizləyir:
Adına Vətən deyirik,
Bu qara gözlü torpağın.
Uğrunda can veririk,
Bu qara gözlü torpağın.
Ana deyib ağlayırıq.
İtirsək yas saxlayırıq.
Öpürük, qucaqlayırıq,
Bu qara gözlü torpağı.
Məsafələr aşılır bu misralarda… Keçmişdən bu günə kimi uzun bir yol gəlmiş vətənpərvərlik, yurd sevgisi, elin deyimləri, duyumları Hafizin yaradıcılığının mayasına hopub.
Türk oğluyam, ordum odur,
Turan deyən qurdum odur.
Ölsəm yenə yurdum olur.
Bu qara gözlü torpağım.
Şairin dərdi, nisgili özünəməxsusdur. Əlinin yetmədiyinə, ününün çatmadığına dediyi
Bağışla gözünün yaşına məni,
Bağışla ürəyim daş oldu, neynim.
Sənin ürəyinə gələn yollarım,
Özgə cığırlara qoşuldu, neynim.
Neynim gözlərimdə hər səhər, axşam,
Sənin xəyalındı cızılan, qadın.
Mən səni hələ də unutmamışam.
Özgənin ömrünə yazılan qadın.
bu misraları oxuduqca onun ürəyinə, sözün əsl mənasında, yazığım gəldi.
Səkkizinci kitabı ilə görüşümüzə gəlib şair polisimiz. O, deyir ki, “Arzu ömrü uzatmır”. Bizim isə ona arzumuz, duamız belədir: yeni kitabın, yeni yolun, yeni cığırın mübarək, Vətən oğlu!
Könül Səid
100 nömrəli tam orta məktəbin müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO












