Banner

Vətənin 27 sentyabrı - Qarabağa getdiyimiz gün

Yol polisi 27 Sentyabr 2022 17:12 Oxunub 1372
Vətənin 27 sentyabrı - Qarabağa getdiyimiz gün
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Səfərbərlik elan olunmamışdan öncə səfərbər olan bir xalq düşünün. Bu, Azərbaycan xalqıdır”. Bu fikri ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanların övladları ilə birinci Qarabağ müharibəsində haqqa qovuşanların övladlarının görüşü zamanı Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun oğlu, polis kapitanı Asəm Eyvazov səsləndirmişdi. O, 15 dəqiqəlik çıxışda yüzlərin, minlərin, milyonların köksünə sığmayan bir qürurun şahidi olmuşdum. Bir şəhid övladının digər bir şəhid övladına verdiyi təsəlliyə baxın: “Atalarımızın qəhrəmanlıq yolunu hər an getməyə hazır olmalıyıq. Vətənə, xalqa layiqli övlad kimi yetişməli, bu torpaq uğrunda canlarından keçənlərin ruhunu sevindirməliyik”...

Mirasa, əmanətə sahib çııxmaq üçün var olduğumuz gündən döyüşmüşük. Meydandan qaçmağı, qorxuya yenilməyi özmüzə ar bilmişik. Üstümüzə nifrətlə gələni qılıncla, sevgi ilə gələni isə duz-çörəklə qarşılamışıq. Millətimizin şanı sığmayan sərhədlərimizi kiçiltmək istəyənlərin önünə sərhəd dirəkləri kimi dikəlmişik. Bir qəbir yeri boyda Vətən torpağını belə düşmənə verməmişik...

Sonra düşmənlər birləşdilər, qılıncları tügənglər, tüfəngləri toplar, topları raketlər əvəz etdi. Təkləndik, bu dəfə ər meydanında yox, namərd meydanında. Xaç suyuna salınanlar İsanın onlara dediklərini unudub qan tökmək üçün yarışdılar...

Bu, dünən belə idi, təəssüf ki, bu gün də belədir. Okeanan o tayının ultimatumu, qərbin ikili standartı əlimizi-qolumuzu bağlayıb 30 illik susqunluğumuza yol açdı.

Susmaq, susdurulmaq iliyimizə işləyirdi ki, iki yüz illik qonşumuz həddi aşdı, sərhəddi keçdi. Və biz də “Lazım”ın gələcəyini gözləmədik. Səfərbərlikdən öncə səfərbər olub əvvəlcə meydanlara, sonra səngərlərə axışdıq.

XX əsrin 90-cı illərinin Azərbaycanının yerində dünyaya səs salan, müasir, modern bir ordu quran, Ali Baş Komandanı dünya siyasətinin nəhəngləri sırasında yer alan Azərbaycanla üz-üzə gəlmək düşmənin, əslində, ölümünə imza atması demək idi. Yerdə, göydə, bir sözlə, hər yerdə Azərbaycan əsgərinin atdığı hər güllə, hər mərmi onlarla düşmən ölümünə yol açır, Vətən topraqlarını qarış-qarış azadlığına qovuşdururdu...

İki il bundan öncənin 27 sentyabrı müharibə havasına elə köklənmişdi ki, “Hər şey Vətən üçün, hər şey cəbhə üçün” şüarı uşaqdan-böyüyə hər kəsdə qulpundan yapışdığı işin Qələbəni tezləşdirəcəyinə  inam yaratmışdı. Hamı ön cəbhədə əsgər kimi vuruşurmuş kimi, ən çətin şərtlər altında Vətən qarşısında görəvini yerinə yetirməyə çalışırdı...

Şəhid xəbərləri bir gözümüzü ağladırdısa, qələbə tvitləri bir gözqümüzü güldürürdü. Uğrunda can verdiyimiz, qan tökdüyümüz, 30 il oduna qızınmadığımız yurd yerlərini sentyabrın 27-dən noyabrın 9-dək azad etdik. Cəbrayılda, Füzulidə, Zəngilanda, Hadrutda, Qubadlıda, Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə Azərbaycan bayrağını yenidən ucaltmaqla düşmənə gözdağı verdik.

Biz təkcə hayları məğlub etmədik, onun arxasında duranları da unutmayacaqları bir dərslə, tərs sillə ilə mükafatlandırdıq.

Bu gün sərhəddimi Azərbaycan keçdi deyib dünyaya hay salan düşməni fakt qarşısında qoymuşuq. Hanı o sərhəd? Möhtərəm prezidentimizin sadaladığı faktlar diplomatiyada özünü uğurlu sayanları, erməniyə qahmar çıxanları küncə sıxışdırıb. Tarixi xəritələr, gün üzünə çıxmış həqiqətlər yalançını mənzilinəcən-Fransaya da qovur, Amerikaya da...

Məqsədimiz bu yazıda borclu olduqlarımızı qürurla anmaq idi. Andıq da. Bu gün Azərbaycanın hər yerində 27 sentyabr çoşqusu ilə Vətənə can verənlərin ruhuna dualar oxuyur, onların doğmalarına, əzizlərinə təskinlik veririk.

Tarixdə adı qalan, bizə Qələbə sevinci bəxş edən 2907 Oğul ölməyib. Torpaqdan gəlmişdilər, torpağa da döndülər. Nə biz onları unudacağıq, nə də ki, tarix. Tezliklə Bakımızda onların xatirəsini əbədiləşdirəcək Vətən Müharibəsi Memorial Kompleksində və Zəfər Muzeyində gələcəyin Vətən qoruqçularına haqq mübariziəmizdən bəhs edəcək, tarixin birdə təkrar olunmamamsı üçün düşmənlərini tanımalarını öyrədəcəyik.

Vətən sağ olsun!

 

Hafiz Təmirov,

polis polkovnik-leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh