Qusarlı ustanın retro maşınları - 50 min manatlıq “ZİM”, 20 min manatlıq “Pobeda” - VİDEO - FOTO

Yetmiş yaşlı Gülmət Şahbazov retro avtomobil həvəskarıdır. Qusar sakininin bu qəbildən olan iki maşını var. 1947-ci ildə istehsal olunan “QAZ–M20” (“Pobeda”) və 1953-cü ildə istismara verilən “QAZ-12” (ZİM) markalı avtomobillər onun qarajının bəzəyidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gülmət Şahbazovun gündəlik istifadə etdiyi “QAZ-12” saz vəziyyətdədir. 70 il əvvəlin maşını olsa da, heç vaxt sahibini yolda qoymayıb.
Bu avtomobil 35 il öncə Quba sakinindən alınıb. G.Şahbazov sovet vaxtında “QAZ-12” üçün üç min rubl ödəyib. Bu avtomobili sürmək onun atasının arzusu olub. Sonradan xarab olan avtomobil uzun illər istifadəsiz qalıb.
Maşın ustası olan G.Şahbazov ölkəmizdə nadir rast gəlinən retro avtomobilə ikinci həyat vermək qərarına gəlib. Təmir zamanı “QAZ-12”nin zavod istehsalı detallarının demək olar, hamısı saxlanılıb. Amma motoru və sürətlər qutusu daha güclüsü ilə əvəz olunub. Təmirə təxminən 14-15 min manat pul xərclənib. 2016-cı ildə maşın təmir olunaraq yenidən yollarda şütüməyə başlayıb.
“Çox rahat maşındır. Təmir etdikdən sonra 6 ildir sürürəm. Bu avtomobilin içində adam özünü gəmidəki kimi hiss edir. Sürəti saatda 140 kilometrədək çatır. Amma mən heç vaxt yüksək sürətlə idarə etmirəm. Yanacaq sərfiyyatı da yaxşıdır. Hər 100 kilometrə 8-9 litr benzin yandırır. Nadir rast gəlinən avtomobil olduğundan hamı maraq göstərir. Yaxınlaşıb tarixi ilə maraqlanırlar. Mən də deyirəm ki, Stalin də bu cür maşında gəzib. Bu avtomobilin şüşələrində də Stalinin adı yazılıb. Şimal bölgəsində belə avtomobil təkcə məndə var”, - deyə maşının sahibi Gülmət Şahbazov söyləyib.
İki tondan çox çəkisi olan avtomobilin uzunluğu 5,5 metrdir. 1949-1959-cu illərdə bu avtomobillərdən cəmi 21 min 500 ədəd istehsal olunub. Buraxılışının ilk illərində “QAZ-12” markalı avtomobillərdən yüksəkvəzifəli məmurlar xidməti maşın kimi istifadə edib.
Gülmət Şahbazovun retro avtomobilini toylar üçün tez-tez sifariş verirlər. Gəlinini “ZİM”də gətirmək istəyənlər 100 manat xərcləməlidir. Belə sifarişlər şimal bölgəsi rayonları ilə yanaşı, Bakı şəhərindən də olur.
Avtomobil ustasının ikinci retro avtomobili isə yaxın günlərdə saz vəziyyətə gətiriləcək. 76 ilin “Pobeda”sının təmiri yekunlaşmaq üzrədir.
“Pobeda” atamın yadigarıdır. Uzun illər bu avtomobili o sürüb. İndi dünyasını dəyişib. Mən də onun yadigarını yenidən saz vəziyyətə gətirirəm. Bir ildir təmir edirəm. Çürüyən detalların bəziləri tapılmadığından özüm dəmirdən döymüşəm. Hazırda maşın motoru, sürət qutusu, elektrik avadanlıqları işlək vəziyyətdədir. Şüşələrini yerinə salmaq və içərisinin tərtibatını tamamlamaq qalıb. Havalar istiləşən kimi təmiri yekunlaşdırıb “Pobeda”nı sürməyə başlayacağam”, - deyə G.Şahbazov söyləyib.
Həmsöhbətimiz avtomobilinin retro maşın kolleksiyaçılarının diqqətini çəkəcəyinə inanır. Yaxşı qiymət verilərsə, hər iki avtomobili satmaq istəyir. Usta “ZİM” markalı avtomobilinə 50 min, “Pobeda”ya isə 20 min manat qiymət qoyub.
Xırdalanda yol çöküb: Sakinlər aidiyyəti qurumlardan xahiş edir - VİDEO
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO




















