“Tapdığınız əşyanın sahibi 1 il ərzində tapılmasa, o sizin mülkiyyətinizə keçir” – HÜQUQŞÜNASDAN AÇIQLAMA - FOTO

İnsan həyatı sürprizlərlə doludur. Bəzən bir anlıq unutqanlıq, bəzən də sadəcə diqqətsizlik bizi qiymətli bir əşyamızı itirməyə səbəb edir. Məsələn pul qabı, telefon, zinət əşyası ya da sadəcə bir yadigar.
Avtosfer.az xəbər verir ki, ancaq bir əşyanın itməsi yalnız sahibinə deyil, onu tapan insana da əxlaqi və hüquqi məsuliyyət yükləyir. Gözə görünməyən bu məsuliyyət zaman-zaman vicdan və qanun arasında dar bir körpü yaradır.

Təsəvvür edin, bir nəfər tələsik avtobusdan düşür və bu zaman cibindən pul qabı nı itirir. Kimsə onu tapır. Əgər bu insan, əşyanı aidiyyəti üzrə təhvil verirsə, məsələn, yaxınlıqdakı polis bölməsinə aparır, ya da ictimai nəqliyyat vasitəsinin sürücüsünə bildirirsə, bu zaman həm vicdanını rahat edir, həm də hüquqi baxımdan düzgün addım atmış olur.
Lakin başqa bir ssenaridə həmin tapan şəxs əşyanı götürüb özündə saxlayır, istifadə edir və ya satırsa, bu artıq sadə "tapıntı" sayıla bilərmi? Başqasına məxsus olan bir əşyanı mənimsəmək, xüsusilə də tapıldığı halda onu geri qaytarmamaq, cinayət məsuliyyəti yarada bilərmi?
Digər bir çətin vəziyyət isə əşyanı itirən şəxsin onu axtarıb tapa bilməməsi, amma başqa birinin həmin əşyanı taparaq istifadə etməsidir. Bəzən bu tapıntı illər sonra ortaya çıxır, məsələn, sosial şəbəkədə təsadüfən paylaşılan bir fotoda, ya da ikinci əl mağazasında satılan bir əşyada. Əgər bu zaman əşyanın ilkin sahibi öz mülkiyyət hüququnu sübut edə bilsə, əşya ona qaytarılmalıdırmı?

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, bu kimi məsələləri bir neçə həlli yolları mövcuddur.
"Əgər siz hər hansı bir əşya itirmisinizsə və bununla bağlı əlinizdə kamera görüntüsü varsa, çox rahat şəkildə həmin şəxsə müraciət edərək bildirə bilərsiniz ki, siz belə bir qızıl əşya itirmisiniz, kamera görüntüsünü əldə etmisiniz və həmin şəxs bu əşyanı tapıb. Bu halda, xahiş edə bilərsiniz ki, əşyanı qaytarsın.
Əgər həmin şəxs əşyanı qaytarmaqdan imtina edərsə, siz polisə müraciət edərək kamera görüntüsünü sübut kimi təqdim edə və araşdırmanın aparılmasını tələb edə bilərsiniz. Eyni zamanda, siz heç kimə müraciət etmədən, sadəcə olaraq əşyanın itməsi ilə bağlı birbaşa polisə məlumat verə bilərsiniz. Polis sizdən ətraflı məlumat alaraq, şübhələndiyiniz bir şəxsin olub-olmadığını soruşa və təqdim etdiyiniz görüntülər əsasında araşdırma apara bilər. Siz bu zaman həmin şəxsin kim olduğunu bildirə bilərsiniz və polis həmin şəxsi izahat üçün dəvət edə bilər".
Hüquqşünas qeyd edib ki, dəyərli bir əşyanı tapan şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, mütləq şəkildə tapılan əşya ilə bağlı polisə müraciət etməli və belə bir əşyanı tapdığını bildirməlidir.
"Polis isə həmin əşyanın sahibinin tapılması ilə məşğul olur. Əgər bir il ərzində əşyanın sahibi tapılmazsa, o zaman əşya tapan şəxsin mülkiyyətinə keçir.
Ona görə də tövsiyə olunur ki, vətəndaşlar tapdıqları əşya ilə bağlı vicdanlı davransınlar, onun gerçək sahibinin tapılması üçün səylə çalışsınlar, əgər əşyanı itirən şəxsin əlində sübutlar varsa, bu sübutlar nəzərə alınsın. Əks təqdirdə, bu məsələdə həm cinayət, həm də mülki məsuliyyət yarana bilər".
Maraqlıdır ki, bəzi insanlar "tapdığım mənimdir" prinsipini mənimsəyir. Halbuki, hüquqi baxımdan tapıntı, onun sahibi məlum olana qədər yalnız müvəqqəti olaraq tapana aid edilə bilər. Hətta bəzi ölkələrdə belə hallarda rəsmi olaraq “tapıntı ofisləri” fəaliyyət göstərir və əşyaların sahiblərinə qaytarılması üçün hüquqi prosedurlar tətbiq edilir. Azərbaycanda isə bu məsələ daha çox şəxsi vicdan və hüquqi savadlılıqla tənzimlənir.
Fidan
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO
Bu ərazilərdə taksilər şəxsi avtomobillərin əlindən dayanacaq tapa bilmir - VİDEO








