AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb

17 iyun 2026-cı il, Bakı — Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşrut üzrə gündəlik reyslərin sayı 25-ə çataraq son dövrün ən yüksək göstəricilərindən birini təşkil edib.
Bu barədə Avtosfer.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm reyslər ölkənin ən yüksək sərnişin tələbatının müşahidə olunduğu istiqamətlərdən biridir. Gün ərzində çoxsaylı reyslərin icra edilməsinə baxmayaraq, marşrut üzrə davamlı yüksək sərnişin axını səbəbindən biletlər sürətlə tükənir və bir çox hallarda yaxın uçuş tarixləri üçün sərbəst yerlər qalmır. Sözügedən istiqamət üzrə tələbat yüksək olduğundan, aviabiletləri öncədən əldə etməyən sərnişinlər hava limanına gələrək növbəti reys üçün bilet əldə etmək istədikdə çətinliklə üzləşirlər. Bu baxımdan AZAL sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı, biletlərini vaxtında əldə etməyi və uçuşlarla bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edir.
Bununla yanaşı, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Həmin günlərdə Naxçıvan hava limanı ətrafında müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə ildırım aktivliyi və bununla əlaqədar yaranan meteoroloji risklər uçuşların təhlükəsiz icrasına maneə yaradıb. Bu səbəbdən sözügedən istiqamətdə reysləri icra edən bəzi təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Ləğv və ya gecikmə hallarında sərnişinlərə beynəlxalq aviasiya qaydalarına və aviaşirkətin daxili prosedurlarına uyğun olaraq əlavə reys imkanları təqdim edilib, bilet dəyişdirilməsi və digər xidmətlərlə bağlı zəruri dəstək göstərilib.
Güclü külək və küləyin istiqamətinin qəfil dəyişməsi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır, ildırım aktivliyi və digər intensiv atmosfer hadisələri isə uçuş marşrutlarının dəyişdirilməsinə, uçuş müddətinin uzanmasına və əməliyyat məhdudiyyətlərinin tətbiqinə səbəb ola bilər. Eyni zamanda, görmə məsafəsinin məhdudlaşması və yüksək turbulentlik kimi amillər də uçuşların təhlükəsiz icrasına təsir edən əsas risk faktorları sırasında yer alır.
Aviasiyada əsas prioritet təhlükəsizlik olduğundan, əlverişsiz hava şəraitində uçuşların gecikdirilməsi və ya ləğvi beynəlxalq aviasiya standartlarına uyğun olaraq qəbul edilən zəruri qərar hesab olunur. Buna əsasən, AZAL-da bütün qərarlar sərnişin və ekipaj təhlükəsizliyi prioritet götürülərək qəbul edilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












