Yol işləri görülərkən alternativ marşrutlar təqdim edilmir – Tıxac belə yaranır

Avtoxəbər 10 Fevral 2026 13:18
Yol işləri görülərkən alternativ marşrutlar təqdim edilmir – Tıxac belə yaranır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol infrastrukturu ilə bağlı aparılan genişmiqyaslı işlərə baxmayaraq, paytaxtın əsas küçə və prospektlərində nəqliyyat sıxlığı gündəlik problem olaraq qalır. Son vaxtlar yolların genişləndirilməsi, yeni nişanların quraşdırılması və xətləmə işlərinin aparılması fonunda eyni anda 15 istiqamətdə sıxlığın müşahidə olunması ictimaiyyətdə ciddi suallar doğurur. Sıxlığın müşahidə olunduğun ərazilər Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası, Binəqədi şosesi, “Azadlıq prospekti" metrostansiyası, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti və digər prospektlər istiqamətindədir.

Avtosfer.az xəbər verir ki, xüsusilə pik saatlarda eyni mənzərənin təkrarlanması görülən tədbirlərin effektivliyi məsələsini yenidən gündəmə gətirir. Şəhər nəqliyyatının idarə olunmasında hansı mexanizmlərin tətbiq edildiyi, mövcud infrastrukturun real yükü nə dərəcədə qarşıladığı və görülən işlərin uzunmüddətli nəticə verib-vermədiyi müzakirə predmetinə çevrilib.

Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, cəmiyyətdə tez-tez etirazlar səslənir ki, yollar niyə genişləndirilmir və niyə tıxac yaranır. Lakin tıxacla mübarizə məqsədilə müəyyən addımlar atıldıqda da oxşar narazılıqlar ortaya çıxır: “Azərbaycanda yolların genişləndirilməsi, yeni zolaqların salınması və digər infrastruktur işlərinin görülməsi nəzərdə tutulur. Xüsusilə Bakı şəhərində bu istiqamətdə Dövlət Proqramına uyğun işlər artıq başlanıb. İşlərin görüldüyü yollarda tıxac müvəqqətidir. Yaxın günlərdə görülən işlər başa çatacaq və yeni layihələr tətbiq olunacaq. Bununla yanaşı, qarşıdakı dövrdə daha iri və mürəkkəb layihələrin icrasına başlanılması da planlaşdırılır. Bu baxımdan, vətəndaşlar indidən bu proseslərə hazır olmalıdırlar. Bakı-Sumqayıt yolunda aparılan işlərə gəldikdə isə burada alternativ yolun olmaması dövlətin həmin ərazidə iş aparmasını zəruri edir. Vətəndaşların da alternativ marşrutu olmadığı halda müəyyən vaxt itkisini nəzərə almaları vacibdir. Çünki əvvəlcədən bu barədə xəbərdarlıq edilib və vəziyyətin belə olacağı bildirilib. Bu səbəbdən müəyyən qədər səbrli olmaq lazımdır”.

Ekspert Avtosfer.az-a bildirib ki, hazırda bəzi istiqamətlərdə alternativ yol mövcud deyil. Bəzi hallarda məhəllədaxili dar yollar var, lakin həmin ərazilərdə xaotik parklanma müşahidə olunduğundan sürücülər bu yollardan effektiv istifadə edə bilmirlər: “Təəssüf ki, məhəllədaxili yollar alternativ marşrut kimi nəzərə alınmır. Bununla yanaşı, bir sıra istiqamətlərdə təmir işləri aparılarkən əlaqəli və alternativ yollar araşdırılmır və sürücülərin istifadəsinə təqdim edilmir. Həmin yolların müvəqqəti olaraq nəzarətə götürülüb sürücülərin xeyrinə açılması mümkün olsa da, bu addımlar atılmır. Mən Bakının bir neçə istiqamətində bunun dəfələrlə şahidi olmuşam. Ola bilər ki, hazırda Bakı–Sumqayıt yolu üzrə aparılan işlərdə alternativ marşrut yaratmaq imkanı məhduddur. Lakin bir çox digər istiqamətlərdə bu imkan mövcuddur və təmir işləri aparılarkən alternativ yollar mütləq şəkildə araşdırılmalı və sürücülərə təqdim edilməlidir. Bu barədə naviqasiya proqramları, şifahi məlumatlandırma və digər vasitələrlə sürücülərə məlumat verilə bilər. Təəssüf ki, hazırda bu praktika geniş tətbiq olunmur. Nəticə etibarilə, bəzi hallarda yollar qazılır və vətəndaşlardan sadəcə gözləmələri tələb olunur. Halbuki bu proseslər zamanı müvəqqəti də olsa alternativlərin yaradılması mümkündür və bu istiqamətdə daha çevik yanaşmaya ehtiyac var”.

Nurcan Babək

Oxunub 558
ŞƏRH YAZ
Ad

E-mail

Şərh