Banner

Bakı-Sumqayıt yolunda avtobus zolaqlarının yaradılması nəyi dəyişəcək? - 6 zolaqlı tıxac 5 zolaq olacaq

Yazarlar 6 Dekabr 2022 15:02 Oxunub 1274
Bakı-Sumqayıt yolunda avtobus zolaqlarının yaradılması nəyi dəyişəcək? - 6 zolaqlı tıxac 5 zolaq olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əslində Bakı-Sumqayıt yolunda xüsusi avtobus zolaqlarının yaradılmasını düz iki ildir müzakirə edirdik. Bir neçə aydır Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə də müzakirəmiz oldu. Daşıyıcı şirkətlər də bu təşəbbüsü dəstəkləyirlər.
Hazırda ən yüksək səviyyədə müzakirə olunan məsələ belədir ki, Bakı-Sumqayıt arası marşrut xəttinə 20 elektrikli avtobus buraxılsın və onlar xüsusi zolaqda hərəkət etsin. Bunun nə zaman baş tutacağı məlum olmasa da, hazırda həmin yolda zolağa ciddi ehtiyav var. Və artıq Baş Dövlət Yol Polisi İdarəsi də bu təşəbbüsü irəli sürərək dəstəkləyir.
Manatlıq taksiləri, qanunsuz sərnişin daşıyanları kənarlaşdırıb normal ictimai nəqliyyat təqdim edə bilsələr Baki-Sumqayıt yolunda tıxac və sıxlıq azala bilər. Sərnişinlər də rahat gün görərlər. 40 qəpiklik yolu məcburən 1 manata getmək normal hal deyil.
Amma istənilən halda yol hərəkətinin təşkilindəki qüsuru də yaddan çıxarda bilmərik. Bakı-Sumqayıt yolunda 6 zolaqlı yol gəlib tunelə çatanda 3 zolağa çevrilir. Elə əsas problem də buradan qaynaqlanır. Deyək ki, Şamaxinka deyilən əraziyə daxil olan maşınlar da çoxluq təşkil edir. O halda keçmiş nəqliyyat naziri Ziya Məmmədov yarıtmaz işlərinin nəticəsi olaraq Yeni Yasamaldan - Kənar Dairəvi Yoldan gələnlərin də Şamaxinkaya girdiyini hesablasaq vəziyyət daha da pis olur.
Xırdalan dairəsindən Şamaxinkadakı tunelədək avtobus zolağı yaratmaq heç nəyi dəyişməyəcək. Sadəcə avtobuslar rahat hərəkət edə biləcək. Sıxlıqda və tıxacda qalan sürücülər üçün dəyişən o olacaq ki, əvvəl 6 zolaqda tıxacda qalırdılarsa indi 5 zolaqda tıxacda gözləyəcəklər. Bunun da üstün cəhəti odur ki, tunelə daxil olan xaos azalacaq. Amma sağa - Şamaxinkaya çıxan avtobuslara görə orada da zolaq olacaqsa, o zaman vəziyyət lap pis olacaq. Baxaq görək Bakı Nəqliyyat Agentliyi və digər qurumlar bu məsələni necə həll edəcək.
Hər bir halda ictimai nəqliyyata üstünlük vermək vacibdir. Amma parallellik də aparmaq lazımdır. Avtobusların sayı artmayınca bu zolaqların mahiyyəti itmiş olur. Beş-on dəqiqədən bir avtobus keçəcəksə, bunu alqışlamaq lazımdır. Amma 20-30 aralığında hansısa bir avtobusun keçdiyi yola zolaq ayırmaq sadəcə olaraq, şou göstərib vəziyyəti daha da qəlizləşdirməkdir. Bütün hallarda atılan addımlar ictimai müzakirəyə çıxarılmalıdır. Dəyərləndirmə aparmaq lazımdır. Ən xırda məsələlər hesablanmalı və nəzərdən keçirilməlidir.
Bu gün BNA-nın 7 nəfərlə (onun 6-sı elə özləri idi) keçirdiyi tədbir ictimai müzakirə deyildi. Özləri deyib, özləri eşidəcəksə sözsüz ki, qəbul olunan qərarlar mənfi fəsadlar verə belə bilər.
Ziya Məmmədov da o vaxt belə idi, bütün qərarları özü və ətrafındakı savadsız insanlar verirdi və sonu da bu gün göz qabağındadır.
 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh