Banner

Bakı-Sumqayıt yolunun "ömür yeyən" tıxacı - Problem niyə həllini tapmır?

Yazarlar 28 Sentyabr 2022 12:09 Oxunub 2378
Bakı-Sumqayıt yolunun "ömür yeyən" tıxacı - Problem niyə həllini tapmır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının artıq tıxaclar şəhərinə çevrildiyi hər kəsə məlumdur. İnsanlar günün yarısını tıxaclarda keçirir. Təəssüf ki, həlli tapılmır, əskinə vəziyyət getdikcə ağırlaşır. Vətəndaşların hər gün işgəncə yaşadığı Bakı-Sumqayıt yolunda da eyni hal yaşanır. Səhər saatlarında şəhərə doğru, axşam saatlarında isə Sumqayıt yoluna doğru hərəkət iflic olur.

Hər səhər universitetə, işə gedən vətəndaşlar saatlarla tıxacda qalır. Günün sonunda evinə qayıtmaq istəyən Bakı-Sumqayıt yolunda saatlarla tıxacda gözləməyə məhkumdur.

Nəqliyyat eksperti Elməddin Muradlı Metbuat.az-a bildirdi ki, Bakı-Sumqayıt yolu istiqamətində yolun düzgün qurulmaması, ictimai nəqliyyatın bərbad olması kökdə dayanan problemdir:

"Bakı-Sumqayıt yolu ilə bağlıq nəqliyyat şəbəkəsi, yol infrastrukturu düzgün qurulmayıb. Bəzən hətta hərəkətin təşkili ilə bağlı qüsurlar da olur. Məsələn, Xırdalan dairəsində axşam saatlarında tıxac olur. Üzü Sumqayıt, Masazır, Ceyranbatan istiqamətində uzun tıxac yaranır. Səbəb isə Xırdalan dairəsində yolun genişləndirilməsi prosesinin düzgün qurulmamasıdır. Yəni yol tam genişləndirməyiblər. Halbuki gələcək üçün daha faydalı olsun deyə Koroğlu metrostansiyası istiqamətində quraşdırılan asma körpünün mini forması quraşdırıla bilərdi, amma edilmədi.

Bakı istiqamətinə gəlincə, bu yolda da səhərlər uzun tıxac yaranır. "Şamaxinka", "Alatava" istiqaməti yolun genişləndirilməsini gözləyir. Yol şəbəkəsi orada genişləndirilsə, nəqliyyat axını həllini tapacaq. Kənar dairəvi yol çəklib. Oradan çıxan maşınların sayı ilə Bakı-Sumqayıt yoluna gedən maşınlar arasında kəskin fərq var. Bu yoldan istifadə edən "20 Yanvar", "Şamaxinka" istiqamətində daxil olmadan hərəkət etmək istəyən sürücülər azdır. Qalan hamı "20 Yanvar", "Şamaxinka"ya tərəf hərəkət edir. Deməli, orada problem var".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qurum yollarda hərəkətin təşkili və təhlükəsizliyi ilə məşğul olmur. Əgər Bakı-Sumqayıt yolu ilə bağlı hər hansı dəyişikliyin, tikinti, başqa işlərin görülməsi ilə bağlı layihə olarsa, təbii ki, icrası həyata keçiriləcək.

Yoldakı problemlərdən əlavə, vətəndaşlar eyni zamanda ictimai nəqliyyatın da bu yolda hərəkətindən narazıdır. Onlar deyirlər ki, avtobusların sayı az, aralarındakı interval isə olduqca çoxdur. Bu da sakinlərin rahat hərəkətinə maneə törədir.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət ünvanladıq. Qeyd edildi ki, bu yol üzrə avtobusların sayının artırılması gözlənilmir: "Sumqayıt - Bakı istiqaməti üzrə gündəlik 14 ədəd avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edir. Günün pik saatlarında sərnişinlərin Bakıya çatdırılmasını təmin etmək üçün hərəkət intervalı azaldılır".

Bakı Nəqliyyat Agentliyinə gəlincə, qurum bildirdi ki, onların səlahiyyətinə yalnız Bakı Beynəlxalq Avtovağzalından şəhərə və şəhərdaxili marşrut xətlərinin həyata keçirilməsi daxildir.

Problemlər çoxdur, bəs çıxış yolu necə?

Elməddin Muradlı tıxac probleminin həlli ilə bağlı yolun genişləndirilməsini təklif etməklə bərabər qeyd edir ki, ictimai nəqliyyatın düzgün hərəkəti köklü çıxış yolu ola bilər:

"Əgər Bakıətrafı qəsəbələrə, kəndlərə mütəmadi avtobuslar, metro xətti, yerüstü metro, tramvay, trolleybus xətləri təşkil edilsə, çıxış yolu taparıq. Bunları aidiyyəti qurumlar düşünməlidir. Başdansovdu layihələrin sonu budur".

Görünən odur ki, mövcud problemin həlli yolunda daha ciddi addımlar atılmalıdır. Problem və bugünədək "həll" yolunda atılan addımlar göz qabağındadır. Yəni nəticəsizdir. AAYDA layihə gözləyir, DANX avtobusların yetəri olduğunu deyir. Bəs problemi kim həll etməlidir? Vətəndaşların əsəblərinin tarıma çəkildiyi Bakı-Sumqayıt yolundakı narazılıqları aradan qaldırmaq üçünsə hələki əməli addım atan yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh