Bakını tıxaclardan necə xilas etmək olar? - “Hərə özü üçün bir sistem qurub, BNA və DYP isə...”
“Tıxacdan qurtulmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir”
Bunu açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Son günlər ictimaiyyəti narahat edən əsas problemlərdən biri tıxaclardır. Paytaxt yollarında saatlarla gözləyən sürücülər narazılıqlarını bildirir. Ekspertlər hesab edir ki, buna məsuliyyətsiz sürücülərlə yanaşı yeni tədris ilinin başlanması səbəb olur.
Mövzuya münasibət bildirən ekspert qeyd edib ki, “taksi fəaliyyəti inkişaf etdirilsə, avtobusların sayı artırılsa və metro intervalı artırılsa məsələ həll olar:
"Hazırki vəziyyət qane edici deyil. Çünki saydıqlarım yerinə yetirilmir.
İcitmai nəqliyyatı inkişaf etdirmək üçün bir sıra addımlar atılmışdır. 2015-ci ildə Türkiyədən və Fransadan “BakuBus” üçün 700 avtobus alındı. Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti nəticəsində onlardan 300-ü hazırda istismara yararsızdır. Hesablama palatası bunu aşkarladı. 415 avtobus isə İnvestisiya Holdinqinə təhvil verildi. Təəssüflər olsun ki, İnvestisiya Holdinqi də vəziyyəti düzgün idarə edə bilmədi. Gündəlik 415 avtobusdan 100-115-i istismara buraxılmır, qarajda yatır. Bu vəziyyətdə hansı inkişafdan danışa bilərik?
Vaxtilə BNA tenderlər keçirərək ən yaxşı marşrut xətlərini ələ keçirib. “BakuBus”un vaxtilə müsabiqədə 15-20 avtobus sərgilədiyini nəzərə alsaq, bugün həmin xətt üzrə 7-8 avtobus fəaliyyət göstərir. İntervalların uzanmasının, sərnişinlərin dəqiqələrlə avtobus gözləməsinin səbəbi budur”.
Ekspertin sözlərinə görə, bəzən Dövlət Yol Polisi əməkdaşlarının yolları düzgün nizamlamaması da tıxaclara səbəb ola bilir:
“Hansısa məsuliyyətsiz sürücü avtobuslar üçün işarələnmiş yola daxil olur. O sürücüyə baxan digərləri də həmin yola daxil olaraq böyük tıxac yaradır. Bir də görürük ki, avtobuslar qatar kimi ard-arda dayanıb.
Misal üçün Mikayıl Hüseynov küçəsinə nəzər yetirək. Bayraq Meydanından Əl Oyunları Sarayına qədər müəyyən saatlarda avtobusların tıxaclarda gözlədiyini görürük. Azneft dairəsində yol polisi yolu bağlayır və vəziyyət göz qabağındadır. Ancaq elə etmək olar ki, digər nəqliyyat vasitələri gözləsin və ictimai nəqliyyat hərəkət etsin.
Nəqliyyat bir mərkəzdən idarə olunmur. Hərə özü üçün bir sistem qurub. BNA-nın hərəkəti DYP-nin, DYP-nin hərəkəti BNA-nın xoşuna gəlmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumiyyətlə heç birini bəyənmir”.