Kim daha təhlükəsiz sürücüdür: qadınlar, yoxsa kişilər? - VİDEO

Yazarlar 11 Avqust 2022 13:49 Oxunub 826
Kim daha təhlükəsiz sürücüdür: qadınlar, yoxsa kişilər?   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təhlükəsiz sürücülük məsələsi ən çox müzakirə olunan mövzulardan biridir.

Araşdırmalar göstərir ki, qadınlar qaydaları daha az pozur, daha az qəza törədirlər. Amma kişi sürücülər belə düşünmür. Onlar iddia edirlər ki, qadınlar qaydaları daha çox qayda pozur, yolda maneə yaradırlar. Təbii ki, bu bir iddiadır. Gəlin görək, doğurdanmı belədir? Avtomobili kim daha təhlükəsiz idarə edir: qadınlar, yoxsa kişilər?

Şəhərdə apardığımız sorğu zamanı müxtəlif fikirlər səsləndi. Kimi düşünür ki, kişilər, xüsusən də yaşlı nəsil avtomobili təhlükəli idarə edir, kimisi isə əksinə qadınlardan narazılıq edir.

Yol hərəkəti təlimçisi Arzu Babazadə isə deyir ki, təhlükəsizlik məsələsi bir az da insan xarakteri ilə bağlıdır. Cinsindən asılı olmayaraq, bəzi insanlar avtomobili riskli idarə etməyi sevir: “Bəylər daha tez götürür. Qavrama qabiliyyətinə görə. Bir də, yaradılış olaraq, bəylərin reaksiyası daha tezdir. Xanımların reaksiyası bəylərə görə saniyənin 3/1 qədər gecikir.

Ən çox qadınlar, yoxsa kişilər təhlükəli avtomobil idarə edir fikrinə gəlincə isə, təlimçi bu müqayisənin yanlış olduğunu düşünür: “Çoxu qadınlar deyil, ümumiyyətlə müqayisə yalnışdır.. Çünki kişi sürücülərin sayı çoxdur. Biz bunları qadın sürücü, kişi sürücü deyə, müqayisə etsək, bu haqsızlıq olar”.

Nəqliyyat eksperti Ərşad Hüseynov hesab edir ki, təhlükəsiz sürücü hərəkət qaydalarını mükəmməl şəkildə bilir, nəqliyyat vasitəsini peşəkarcasına idarə edir: “Buna görə də təhlükəsiz sürücülüyün ən birinci əlaməti heç kimə mane olmamaqdır, heç kimə problem yaratmamaqdır, başqalarının hesabına qabağa düşmək istəməməkdir, yol-hərəkət qaydalarına ciddi riayət etməkdir və yol şəraitini həmişə nəzərə almaqdır. Buna görə də cinslərin, hətta bəzən təcrübənin də əhəmiyyəti yoxdur.

Təcrübə göstərir ki, qadınlar adətən səhv manevrlər etmirlər, bir-biriləri ilə bəhsə girmirlər. Lakin qadınlar bəzən olur ki, yolda bir az asta olurlar. O da ətrafdakıların xoşuna gəlmir. Əslində ümumi hərəkət ritmini bir az zəiflətsə də, təhlükəli deyil”.

Bakı Şəhər Dövlət Yol Polisinin baş inspektoru Araz Əsgərli isə düşünür ki, qadın sürücülər heç də kişi sürücülərdən təcrübəsiz deyil: “Son 10 il ərzində kifayət qədər xanımlarımızdan da sürücülük hüququ əldə edən şəxslər yollarda avtomobil idarə edirlər və bu da onu deməyə əsas verir ki, xanımlarımızın da özünəməxsus qayda pozuntularının spesifik cəhətləri var. Məsələn, xanımlarımız parklama əməliyyatını düzgün icra etməkdə çətinlik çəkirlər. Xanım sürücülər sürət həddinə ümumilikdə daha çox riayət edirlər. Bu da ümumi yol nəqliyyat hadisələrində əsas göstəricilərindən biridir. Xüsusi ilə avtomobil idarə edərkən diqqət yayındıran əlamətlər - telefondan istifadə etmə və sair... bu cür hallar xanımlarda kişilərə nisbətən daha çoxdur. Yol hərəkəti haqqında qanun və təhlükəsizlik qaydaları hər bir sürücünün riayət etməli olduğu əsas məsələlərdi və yol hərəkəti əleyhinə edilmiş qayda pozuntuları həmişə inzibati tənbehlə yekunlaşmaya bilir. Bəzən daha ağır nəticələri olur”.

Göründüyü kimi avtomobil idarəsində ən başlıca məsələ qətiyyən cinsiyyət deyil. Bir avtomobili idarə etmək üçün təkcə sürücülük vəsiqəsi də kifayət etmir. Hər bir sürücüdə həm də vətəndaş məsuliyyəti, başqalarını düşünmək qabiliyyəti, qanunları təqdir edən dərrakə olmalıdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh