Minlərlə insanın ölümünə səbəb olan tarixi maşın - “Gaswagen” - DƏHŞƏTLİ FAKTLAR

Yazarlar 3 Noyabr 2022 12:57 Oxunub 1896
Minlərlə insanın ölümünə səbəb olan tarixi maşın - “Gaswagen” - DƏHŞƏTLİ FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnsanlar tarixən özlərindən əvvəl gələnlərin ixtiralarını təkmilləşdirib, həmin ixtiralardan başqa məqsədlə də istifadə ediblər. Tomas Edison elektrik stulunu icad edərkən niyyəti ölüm hökmlərinin icrasını asanlaşdırmaq deyildi. O sadəcə olaraq kreslo ilə kabinetdə rahat hərəkət etməyi düşünürdü. 
Yaxud Rudolf Dizel, Vilhelm Maybax və Qotlieb Daymler nə zamansa avtomobillərin üzərində yerləşdirilmiş “katyuşa”ların onların mənsub olduqları xalqa qarşı çevriləcəyini təsəvvür etmirdilər. 
Eynilə də faşist Almaniyasının istifadə etdiyi “Gaswagen”lər (alman dilində - qaz avtomobili) bəşəriyyətə yalnız fəlakət nəsib etdi. 
“Gaswagen”i Ikinci Dünya Müharibəsi zamanı Almaniyanın istifadə etdiyi qaz kameralarının səyyar forması da adlandırmaq olar. Texnikanın təyinatı mühərrikdən çıxan qazlar (işlənmiş qazlar) vasitəsi ilə insanları məhv etmək idi. 


Avtosfer.az-ın xəbərinə görə, 1941-ci ilin dekabrından etibarən almanlar əsirləri öldürmək üçün “qaz avtomobilləri”ndən istifadəyə başlayırlar. İş qaydası çox sadə idi: sürücü xüsusi dəstək vasitəsilə mühərrikdən çıxan qazları hermetik kabinəyə yönəldirdi. İnsanlar təqribən 10 dəqiqədən sonra boğulma və zəhərlənmədən dəhşətli şəkildə ölməyə başlayırlar. 
“Gaswagen”lər Berlindəki zavodlarda yük avtomobillərinin bazasında hazırlanırdı. Onların əsasən keçmiş SSRİ, Polşa və Serbiya kütləvi istifadə olunub. İnsanları işə aparmaq adıyla 20-50 nəfərlik qrupu hermetik kuzovlu avtomobilə yığıb kənara aparırdılar. Bu yolla öldürülənlər əsasən uşaqlar, qoca və qadınlar olurdu. Əməliyyatı həyata keçirənlər işi tez qurtarmaq üçün mühərriki yüksək dövrlərdə işlədirdilər. Avtomobildəki qalıqların (meyit, ifrazat və s.) təmizlənməsi də xidmət personalının vəzifəsi idi.


“Gaswagen”dən istifadə 1943-cü ildə, Krasnodar vilayətində bəşəriyyətə qarşı cinayət törədən şəxslərin məhkəməsi zamanı aşkara çıxdı. Məlum oldu ki, 6700 insan bu “dəzgah”larda məhv edilib. İstintaq materiallarını Nürenberq prosesi zamanı SSRİ tərəfi məhkəməyə təqdim edib.  
Bu dəhşət maşınlarında ölənlərin ümumi sayı haqqında məlumatlar ziddiyyətlidir. Alman əsilli amerikan tədqiqatçısı Fridrix Pol Berq bu mövzuda geniş tədqiqat aparıb. Onun “Dizel qaz kameraları: ideal işgəncə, mənasız ölüm aləti” əsərində mövzu kifayət qədər ətraflı şərh edilib. Hətta alim 1978-ci ildə “Holokost”a aid 4 seriyalı filmdəki avtomobillə bağlı bəzi detalları canlı yayında tənqid etdiyi üçün iş yerini itirir.


Alimin sözlərinə görə, almanlar ilk qaz kameralarını 1939-dan başlayaraq şikəst və kəmağıl almanları məhv etmək üçün istifadə etmişlər. Sonradan qaz kameraları daha geniş şəkildə tətbiq edilir. Nəhayət, insanları öldürmək üçün işlənmiş qazların sınanılması başlayır. Almanlar bu üsulla insanları öldürməklə yanaşı, mühərrik sahəsində tədqiqatlar da aparmağı yaddan çıxarmırdılar. Məsələn, dəm qazının miqdarını artırmaq üçün sürücülər mühərrikə daxil olan havanın miqdarını azaldırdılar, yaxud da ölümü gecikdirmək üçün mühərrikə təzə filtrlər qoyur, karbüratoru düzgün nizamlayırdılar. İnsanları öldürmək üçün benzin mühərriklərinin dizel mühərriklərdən daha “səmərəli” olduğu da sübut olundu.

Alman həkimlər də qurbanlar üzərində tədqiqat aparmağı yaddan çıxarmayıblar. Məhkəmə tibb ekspertizası ilə məşğul olan həkimlər artıq dəm qazından ölüm faktını qanın rənginə görə təyin edə bilirdilər. Bu prinsip günümüzdə də məhkəmə təbabəti dərsliklərində yer alır. 

 

Sözardı
 

Nə yazıq ki, işlənmiş qazlar bu gün də sürücülərin səhlənkarlığı ucbatından ölümə səbəb olur. Bunun qarşısını almaq üçün avtomobili daim saz vəziyyətdə saxlamaq, qapı və yük yerindəki rezin araqatların sərtləşməsi və cırılması zamanı onları yenisi ilə əvəzləmək, hava filtri və salon filtrini müntəzəm dəyişmək lazımdır. Qış vaxtı qızdırıcı işləyərkən pəncərə vaxtaşırı açılmalıdır. Qapalı yerdə isə (qaraj, boks,) işləyən mühərriklə durmaq qətiyyən olmaz. 
Təəssüf ki Bakıda hərəkət edən bir çox taksidə işlənmiş qazların salona daxil olmasına rast gəlirik.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh