Ekspertdən BNA-ya qarşı SƏRT İTTİHAM - Metroda sıxlığın yaranmasında birbaşa günahkardır
Son günlərdə gündəmi zəbt edən metrodakı sıxlıq hər kəsin narahatlığına səbəb olub.
Müqayisəyə əsasən cari ildə daha çox qabaran bu problemin kökündə nə dayanır? Aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Ednews-la fikirlərini bölüşən nəqliyyat məsələləri üzə ekspert Elməddin Muradlı sıxlığı azaltmaq üçün atılmalı addımları sadalayıb:
"Sıxlığı aradan qaldırmaq üçün metrostansiyaların sayı artırılmalı, qatarlar arasında interval azaldırmalıdır və yeni tikilən metro stansiyaları əgər xüsusi xətt üzrə hərəkət edirsə, vaqonların sayı artırıla bilər. Amma bu mümkün deyil, çünki gərək stansiyanı yenidən inşa edək. Bizdə standard olaraq platformaya 5 vaqon yerləşir. İndiyə qədər metroya ayrılan pulları Tağı Əhmədov yaxud indiki rəhbərliyi yeyib dağıtmasaydı metro xeyli inkişaf etmiş olardı. Azərbaycanda metro tikintisi ümumiyyətlə aşağı səviyyədədir. Birmənalı olaraq çoxları elə başa düşür ki, meto yalnız yeraltı olmalıdır. Amma dünyanın bir çox ölkələri metrostansiyaları yerin üstündən də keçir. Bizdə prinsip olaraq qəbul ediblər ki, metro ancaq yeraltı olmalıdır. Sıxlığı aradan qaldırmaq üçün digər nəqliyyat şirkətləri ilə əlaqəli işləmək lazımdır".
Ekspert bu problemdə Bakı Nəqliyyat Agentliyini günahlandırıb:
"Ümumiyyətlə Bakı şəhərində çox ziddiyyətli bir sistem qurulub. BNA metro ilə düzgün əməkdaşlıq etmədiyinə görə, ölkədə qarışıq situasiya yaranıb. Məsələn BNA Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsi yaradıb ki, Bakı kəndlərindən eyni vaxtda bir neçə avtobus buraya daxil olur. Burada avtobusdan düşən insanlar da sözsüz ki, metroya üz tutur. Taksi isə şəhərə gəlmək üçün əlverişli deyil. Hamı eyni vaxtda avtobusdan düşərək metroya üz tutur. Metro da bu yükü daşıya bilmir. Metropoliten BNA ilə düzgün kommunikasiya qura bilmir. Çünki onlar sərnişini metroya təhvil verir, məlum olur ki, metronun buna gücü çatmır. Bəs, BNA özbaşına xərc çəkib "Koroğlu HUB"-u nə üçün yaratdı? Əvvəl bu problem niyə müşahidə edilmirdi, çünki avtobusların hamısı bura gəlmirdi. BNA güya ağıllı çıxaraq yeni ideyalar irəli sürdü və ölkədəki nəqliyyat sistemini iflic hala gətirdi".
Elməddi Muradlı, həmçinin, BNA-nın fəaliyyətindən narazılığını da vurğulayıb:
"BNA yarıtmaz siyasət yürüdür və bugün ortaya çıxan problem də onla bağlıdır. Eyni proses 28 mayda da yaranıb, çünki həmin ərazi də bir neçə avtobusun son dayanacağıdır. Bu BNA-nın özbaşınalığının nəticəsidir. Özbaşınalıq niyə deyirəm, çünki digər təşkilatlarla əməkdaşlıq etmirlər. Ya həmin təşkilarlar BNA-nı saymır, ya da BNA onları saymır. BNA fikir mübadiləsi aparmalıdır ki, mən başqa yerlərdən bu avtobusların "ayağını kəsirəm" və Koroğlu stansiyasına yönləndirirəm, sizin bunu qarşılamağa imkanınız çatırmı? Metro da buna gücü çatmayacağını bildirəcəkdi və iş şaxələnərək qismən sıxlığın qarşısı alınacaqdı. Məhz özbaşına yanaşmanın nəticəsi belə vəziyyət yaradıb".
Məsələyə Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib:
“Son vaxtlar metronun “Koroğlu” stansiyasında müşahidə olunan sərnişin sıxlığının “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirmək kökündən yanlış bir fikirdir. Nəqliyyat eksperti statusunda olan bir şəxsin belə bir fikir söyləməsi isə təəccüb doğurur. Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkil olunmasının kökündə beynəlxalq təcrübəyə əsaslanan strategiya durur. Bu strategiyaya uyğun olaraq məhz metronun “Koroğlu” stansiyasının ətrafının seçilməsi də təsadüfi deyil. Belə ki, burada metro stansiyası və dəmiryol dayanacağı var. Gələcəkdə isə Dərnəgül-Koroğlu xətti tikiləndən sonra burada iki metro stansiyası olacaq”.
Agentlik həmçinin sıxlıqla bağlı məsələyə öz mövqeyini də nümayiş etdirib:
“Gələk sıxlığa səbəb olan əsas məsələyə. Şəhərətrafı qəsəbələrdən gələn sərnişinlər şəhərin mərkəzinə iki yolla gedə bilərlər: şəhərdaxili avtobuslar və ya metro ilə. Lakin metronun “Koroğlu” stansiyasından şəhər mərkəzi istiqamətində avtobuslar tıxacda qaldıqları üçün və onların maneəsiz hərəkəti üçün bu istiqamətdə xüsusi zolaqların olmaması səbəbindən ictimai nəqliyyatın bu növü ilə səyahət sərnişinlər üçün cəlbedici deyil. Çünki tıxacda qalan avtobuslarla səyahət əlavə vaxt itkisi yaradır. Bu halda isə sərnişinlər seçim olaraq metroya üz tuturlar və nəticədə haqqında danışdığımız sıxlıq halı qaçılmaz olur”.