“Taksi sürücülərini özünü sahibkar adlandıran şəxslərin əlindən xilas etməliyik...” - Ekspert

Yazarlar 27 İyun 2022 16:05 Oxunub 804
“Taksi sürücülərini özünü sahibkar adlandıran şəxslərin əlindən xilas etməliyik...” - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Əlbəttə, son baş verən hadisələr onu göstərir ki, “Prius” sürücüləri arasında xeyli nöqsanlar var. Qayda pozuntularına yol verən sürücülər daha çoxdur. Bunun da başlıca səbəbi həmin sürücülərin taksi fəaliyyətiylə məşğul olmasıdır. Ona görə taksi fəaliyyətinə cəlb olunanlar gərgin iş rejimində çalışırlar və bu da onun avtomobil idarə etməsi məsələsində özünü göstərir. Çünki bizim yol-hərəkəti haqqında qanunda birbaşa göstərilib ki, sürücü normal iş və istirahət rejimində avtomobil idarə edə bilər”.

Bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. E.Muradlı taksi şirkətlərinin sürücüləri istismar etdiyini bildirib:

“Bizdə fasiləsiz olaraq dörd saat avtomobil idarə etməyə icazə verilir. Dünya ölkələrində isə bu qayda iki saatdır. Sürücü dincəlməlidir, istirahət etməlidir. Buna isə nəzarət yoxdur. Taksi sürücüləri isə şirkətlərin əlində əsirə çevriliblər, asılı durumdadırlar, onlara heç bir güzəşt yoxdur. Özümüz fasiləsiz 6 saat avtomobil idarə etsək, hansı vəziyyətə düşərik... Bunu test edib ağır nəticəsini də görmək olar. Ona görə taksi fəaliyyətiylə bağlı mütləq qaydalar bərqərar olmalıdır və bunun da işlək bir mexanizmi olmalıdır. Biz o vətəndaşları özünü sahibkar adlandıran bəzi şəxslərin əlindən xilas etməliyik. Taksi sürücülərinin qarşısında görün nə qədər öhdəlik qoyuruq. Birinci vətəndaşlarla xoş danışmalısan, maşın yaxşı vəziyyətdə olmalıdır, söhbət etmə, düş vətəndaşa kömək elə, axşam kreditini ödə və sair. 

 

Bəs dövlət taksi sürücüsü üçün nə edir? Heç nə, harda dayanır, orda cərimə yazılır. Bəs bu taksi sürücüsü düşməndirmi, başqa planetdənmi gəlib? Axı bunlar da insandır. Bu gün Bakıda əlli minə yaxın taksi sürücüsü var. Onlar özləri-özlərini işlə təmin edib, dövlətə yük olmayıblar. Barmağı qapı arasında qalıb, əlillik dərəcəsi alıb sonra dövlətin yaxasından yapışanlar var ki, məni təmin etməlisən. Amma bu yazıq taksi sürücülərinin səsi belə çıxmır. Bu gün hansısa beynəlxalq transmilli şirkətlər var ki, onların da əksəriyyətinin arxasında erməni iş adamları dayanır. Onlar bir tərəfdən, yerli imkanlı şəxslər də sürücüləri digər tərəfdən əsir vəziyyətinə salır. Kimin imkanı var gedib “Prius” alır və o şirkətlərə qoşub nəzarət edir. İndi hünəri varsa, sürücü xətdən ayrılsın. Sürücü bu şəkildə asılı vəziyyətə salınıb, istismar edilib. Sanki sürücünü oksigen balonuyla gölə atmışıq və deyirik ki, bütün günü burda üzməlisən, quruya çıxmaq olmaz. Amma o balondakı oksigen qurtarır və yenə də onun sahilə çıxmasına icazə vermirik və deyirik ki, mənə pul lazımdır. Bu isə yolverilməzdir”. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh