Qanunlardakı BOŞLUQ: “Bütün qəzaları sərxoş sürücülərin üzərinə yıxa bilmərik”

Yazarlar 11 Avqust 2022 10:44 Oxunub 1840
Qanunlardakı BOŞLUQ:  “Bütün qəzaları sərxoş sürücülərin üzərinə yıxa bilmərik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2022-ci ilin ilk 6 ayının statitikasına görə, ölkəmizdə 817 yol qəzası baş verib. Sərxoş sürücülərin iştirakı ilə baş verən qəzaların sayı isə cəmi 4 olub. Əgər rəqəmləri faizlə ifadə etsək, bütün yol qəzalarının 0,5%-dən də az hissəsində sərxoş sürücülər iştirakçı olublar.

Bu statistika isə müəyyən suallar doğurub:

Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə edənlərin sayı azalıb? Yoxsa, sərxoşluq, ümumiyyətlə, yol qəzalarında əsas faktorlardan deyil?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, əksinə spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülərin sayı hər il daha da artır:

“Onlara qarşı mübarizə tədbirləri də normal qaydada həyata keçirilir. Ancaq ümumi vəziyyətə baxsaq, altı ay ərzində yol-nəqliyyat hadisələrində 4 sərxoş sürücünün aşkarlanması da normal göstəricidir. Çünki bütün sərxoş sürücülər qəza törətmirlər, yaxud da bütün yol-nəqliyyat hadisələrini sərxoş sürücülərin üzərinə yıxa bilmərik. Rəqəmlər də bunu nümayiş etdirib”.

Ekspert sərxoşluğun təyini məsələsinə də münasibət bildirib. Elməddin Muradlı qeyd edib ki, gələcək dövrdə sərxoşluğun təyin olunmasında promil həddində dəyişiklik edilə bilər:

“Müxtəlif ölkələrdə 4, 5, hətta həftə sonları nəzərə alınmaqla 6 promilə qədər icazə verilir. Xüsusilə də, Avropa ölkələrində. Azərbaycanda isə qanunvericiliyə əsasən, 0,3 promildən yuxarı hədd sürücünün spirtli içkinin təsiri altında olduğunu göstərir. Gələcəkdə bu məsələyə baxıla bilər. Çünki digərlərindən fərqli olaraq biz Qafqaz xalqı olaraq spirtli içkidən dərhal bihuş olan deyilik. Sadəcə bu, insan orqanizminə görə fərqlilik göstərir.

Adam var dünən içib, amma bu gün də qanında spirt qalıb və həmin şəxsin də spirtli içkinin təsiri altında olduğu hesab edilib, məsuliyyətə cəlb olunur. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Çünki içən kimi sükan arxasına əyləşən şəxslə, bir sutka sonra avtomobil idarə edən şəxsi eyniləşdirmək doğru deyil”.

Elməddin Muradlı qeyd edib ki, spirtli içki qəbulundan sonra avtomobil idarə etməyə icazə verilməməsinin bəlli səbəbləri var:

“Çünki sərxoş vəziyyətdə insan müvazinətini itirir, diqqəti yayınır və görmə qabiliyyəti zəifləyir. Yoxsa, insan içki qəbulundan sonra normal yuxu yatır, səhər onu saxlayırlar ki, sərxoşsan, baxmayaraq ki, o, çox normal şəkildə avtomobil idarə edir. Təbii ki, spirtli içkinin təsiri altında avtomobil idarə edənlərə haqq qazandırmaq olmaz. Lakin bu cür boşluqlar da nəzərə alınmalıdır. Əgər bu boşluqlar nəzərə alınsa, biz həqiqətən spirtli içkinin təsiri altında avtomobil idarə edənlərin kim olduğunu görəcəyik”.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh