Reklam

Qanunsuz sərnişin daşıyanlar dövlətdən milyonları gizlədir - Bəs qaydalar?

Yazarlar 6 Dekabr 2022 09:25 Oxunub 4188
Qanunsuz sərnişin daşıyanlar dövlətdən milyonları gizlədir - Bəs qaydalar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunsuz sərnişindaşıma qanuni sərnişindaşımadan çoxdur

Rayonlararası sərnişin daşıyan minik avtomobillərinə, mikroavtobuslara (Ford, Vito, Viano) kamera qoyulsa onları idarə edən sürücülərin yollarda nə hoqqa verdiyini görüb dəhşətə gələrsiniz. Sürət həddinin aşılması, ötmə-manevr qaydaları onlar üçün heç nədir. Onlar üçün əsas prinsip ünvana tez çatıb pulları yığmaq, yenidən sərnişin götürüb geri qayıtmaqdır.


Qanunsuz sərnişindaşımanın qarşısı mütləq alınmalı, yollarda nəzarət tədbirləri daha da gücləndirilməlidir. Bu gün qanunsuz sərnişindaşıma qanuni sərnişindaşımanı üstələyib. Dövlət bu sahədə milyonlar itirir, kimlərsə yaxşı pul qazanır. Təəssüf ki, qanunsuz sərnişindaşıma ucbatından dövlət illik nə qədər sərnişin daşındığını hələ də tam müəyyən edə bilmir.
Biz insanlara deyirik ki, avtovağzaldan səfər edib, qanuni sərnişindaşımadan istifadə edin. Amma bəzi mafioz qruplar buna qarşı çıxır. Onlar qanun istəmir. Onlar Avtovağzalda yox, kənarda xaos yaradıb iş görməyi üstün tuturlar və təssüf ki, bəzi media orqanları da belələrinin əlində alətə çevrilir.
Budur, İsmayıllı rayonunun Topçu kəndi ərazisində “Mercedes-Vito” yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və 7 sərnişin yaralanıb.


Belə şeylərdən ləzzət alanlar həmişə xaos istəyir. Qaydalar isə gec-tez bərqərar olacaq. Sərnişindaşıma bir xidmət sahəsidirsə o sahədə mütləq qaydalar və qanunlar işləməlidir.
İnsanlar həmişə harasa tələsir. Bu düşüncə fərdi düşüncə ola bilər. Amma qaydalar varsa, fərdi düşüncə yox, ümumi düşüncə ön planda olmalıdır. Ümumi düşüncəni isə dövlət formalaşdırmalıdır və öz marağını ortaya qoymalıdır. Sözsüz ki, dövlətin əsas marağı insanların sağlam və təhlükəsiz şəkildə daşınması, onların sayının müəyyən edilməsi və bu sahənin mərkəzləşdirilmiş qaydada idarə olunmasıdır. Bunu hazırda çox az faizlə görürük.

Real fakt ondan ibarətdir ki, istər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən, istərsə də bölgələrdəki avtovağzallardan hərəkət edən qanuni avtobusların və mikroavtobusların sayı qanunsuz işləyənlərin sayından xeyli azdır. Bəzi yerlərdə avtovağzallar ümimiyyətlə boş qaldığı halda onların ətrafında faəliyyət göstərən qanunsuz avtovağzallar daha çox sərnişin daşıyır və qanunsuz yolla daha çox gəlir əldə edir. Nəticədə milyonlarla vəsait dövlətdən oğurlanır, sərnişinlərin həyatı təhülkə qarşısında qalır. Çünki bilinmir ki, insanları daşıyan kimdir, tibbi müayinədən keçibmi, avtomobil saz vəziyyətdədirmi?

Biletsiz sərnişin həm də qəza riski yarananda sığorta ödənişini ala bilmir. O zaman dövlət insanların həyatını qorumaq, yol hərəkəti təhlükəsizliyini təmin etmək və bu sahəni qaydaya salmaq üçün ciddi və sərt addımlar atmalıdır.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh