Qarabağa qar yağır - FOTOLAR

Şuşaya, işğaldan azad olunmuş torpaqlarımıza qar yağır. Dərddən ağır deyil bu qar, adamı qılınc kimi kəsmir bu şaxta. Azərbaycan Əsgərinin və Azərbaycan Polisinin od nəfəsi, yeri-göyü titrədən addım səsləri torpağı qış yuxusundan oyadır yaz gəlməmiş. Ömrü qərinəni ötənlər, qismətinə 50-dən sonra köçkünlük yazılanlar yaxşı bilir ki, yaz Qarabağa 1993-ü ilə qədər gəlmişdi. Sonra isə 30 illik buz dövrü başlamışdı bu yerlərdə. Yurdsuzluğun bir gününə dözməmişdi 80-i, 90-ı, 100-ü dişi damağında, ağlı başında haqlayanlar. Qarabağın yazından, yayından, payızından, qışından xəbərsiz qarabağlılar ordusu doğulmuşdu Bakıda, Şəkidə, Şamaxıda, bir sözlə, Azərbaycanın hər yerində.
İki il öncə düşmənlə təmas xəttində payızın quzu ağzı yetəcək qədər boy atmış göy otlarının sevincinə Şuşanı üzük qaşı kimi dövrəyə alan qayalarda bitən dağdağanlar yallı getmişdi. İtburnu, moruq kolları tikanlarını tökmüşdü ki, qayakürək oğullara irəliləməkdə çətinlik yaratmasın. Bu yerlərin təbiəti sahibinə çox vəfalıdır: onu donmağa, üşüməyə, ac qalmağa qoymaz. İlin hər fəslində təbiət səxavətlidir.
“Qan çilənən torpaq heç zaman donmur”. Bu fikri kimin dediyini xatırlamasam da, həqiqət olduğuna qətiyyən şübhə etmirəm. Çünki yazdığım kimi, iki il öncəyə qədər dünyanın ən soyuq yeri, əlçatmaz, ün yetməz zirvəsi Qarabağ idi. İndi isə...
2023-cü ilin yanvarı buz qılıncını sıyırıb üstümüzə gəlib. Qoy gəlsin, ömrü kiçik çillə və “boz ay” bitənə qədərdir. Sonra yenə yurdumuza yaz gələcək, sonra yenə yağan qar selə dönüb dəli dağ çaylarının səmənd atı kimi sal qayaları ağzına alıb gücü çatdığı qədər aparacaq.
Sözardı: Onu bilirəm ki, Şuşaya, Qarabağa, Xankəndinə yağan qardan illərdir ki, Bakıya yağmır. Deyəcəksiniz ki, bəs bu yağan nədir? Cavabım bu olacaq: Böyüklərin qayğısı, uşaqların sevinci…
Hafiz Təmirov,
polis polkovnik-leytenantı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı

















