Banner

Qənirə Paşayevadan Şuşa-Laçın yolundakı etirazçılara DƏSTƏK

Yazarlar 14 Dekabr 2022 14:38 Oxunub 812
Qənirə Paşayevadan Şuşa-Laçın yolundakı etirazçılara DƏSTƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Şuşa-Laçın yolundakı etiraz aksiyasında iştirak edənlərə dəstəyini ifadə edib. Avtosfer.az onun dəstək məqaləsini təqdim edir:

Şuşa-Laçın yolundakı etiraz aksiyasında iştirak edən Azərbaycan ekoloqlarını, təbiətsevərlərimizi, onların timsalında vətəndaş cəmiyyəti institutları təmsilçilərimizi alqışlayır, göstərdikləri dəyanət üçün onlara təşəkkür edirəm!

Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yeritmiş, 9 şəhərimizi, 300-ə yaxın kəndimizi viran etmiş Ermənistan hakimiyyətinin sözügedən etiraz aksiyasını yanlış yöndən şərh etmə cəhdləri əbəsdir, tam əsassızdır. Azərbaycan dövləti Laçın yolunu bağlamayıb, tam tərsinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa, mehriban qonşuluğa xidmət üçün istifadəyə verib.  Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq; tam tərsinə, Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetiriməmiş, özəlliklə IV bəndə zidd şəkildə erməni silahlı birliklərini hələ də bizim ərazilərdən çıxarmamış, VI bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Üstəlik, bəyanatın daha bir bəndi – IX bənd üzrə öhdəliyinə zidd olaraq, Ermənistan bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətmişdir.

Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya “sülhməramlı”larının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.

Ermənistan rəsmi dairələrinin, onların yandaşlarının guya “Laçın yolu”nun bağlanması – Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhranla üzləşməsi haqqında “iddia”larına gəldikdə isə buna ən tutarlı cavab rəsmi qurumlarımızdan gəldi:  həmin yol Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının “sülhməramlı” kontingenti tərəfindən bağlanıb. Yəni bizim etiraz aksiyası keçirən vətəndaş cəmiyyəti institutları fəallarımız yol bağlayan deyil, öz ölkələrinin suveren hüquqlarını tələb edən tərəfdir.

Bəli, biz Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışı, qanunsuz istismarın dayandırılmasını, ümumən müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ekologiyaya, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini, dəymiş zərərlərin nəticələrinin mümkün qədər qısa müddət içində aradan qaldırılmasını istəyirik. Bu ayın 3-dən etibarən Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji, digər fəsadlarla bağlı müvafiq dövlət qurumları təmsilçilərindən  ibarət nümayəndə heyətinin “sülhməramlı” kontingentin komandanı general Volkovla apardığı danışıqlar da buna xidmət edirdi. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan rəsmi qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə səfər etmə cəhdinə baxmayaraq, bu səfərə sünii əngəl yaradılıb. Əlbəttə, belə etibarsız hərəkətlər, razılaşmaların pozulması Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, ümumən xalqımızın haqlı etirazına səbəb olub. Əslində, Şuşa-Laçın yolundakı aksiyada olmaq istəyənlərin sayı orda olanlardan qat-qat çoxdur.

Xarici İşlər Nazirliyinin müvafiq açıqlamasında da vurğulandığı kimi, “Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur”.

Bir daha, Şuşa-Laçın yolunda haqlı etiraz aksiyası keçirən ekoloqlarımızı, təbiətsevərlərimizi, onların timsalında vətəndaş cəmiyyəti institutları təmsilçilərimizi ürəkdən salamlayır, dəyanətləri üçün onlara çox təşəkkür edirəm!

BİZİM İŞİMİZ HAQQ İŞİDİR!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh