Sumqayıtda insanları gözləyən təhlükə: Kimdir müqəssir? - FOTO
İki gün öncə “Niva” markalı avtomobil Samur-Abşeron kanalının Sumqayıt şəhərdəki hissəsinə düşüb. Məhəlləarası yollarda yüksək sürətlə avtomobili idarə edən sürücü əvvəlcə başqa bir “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Burada diqqət çəkən əsas məqam Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində təhlükəsizliyin təmin olunmamasıdır. Belə ki, kanal yol kənarında yerləşməsinə baxmayaraq, ətrafında avtomobillərin kanala düşməsini əngəlləyəcək heç bir qoruyucu sədd yoxdur. Həmçinin xəbərdarlıq lövhələri də yerləşdirilməyib ki, əraziyə bələd olmayan şəxs həmin hissədən keçərkən ehtiyatlı davransın.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu gün Azərbaycanda yüksək keyfiyyətli asfalt döşəmələr salınsa da, yol infrastrukturu sonadək tam qurulmur:
“Biz dünyada olan bugünkü yol standartları ilə Azərbaycanın yollarını müqayisə etsək, görərik ki, müasir yol tələbinə cavab verən yollarımız, bəlkə də 50 faizdən azdır. Yolların çəkilməsi sadəcə asfaltın yerə döşənməsi ilə bitməməlidir. Müasir yol anlayışında yol infrastrukturu tam qurulmalıdır, çünki yolun özü də bir növ nəqliyyat infrastrukturunun qoludur və infrastrukturun qurulması olduqca vacibdir. Yolların xətlənməsi, yol nişanlarının qoyulması, yollar istifadəyə veriləndən sonra əmələ gələn çuxurların təmir edilməsi, yolların işıqlandırılması çox vacibdir. Təəssüf ki, bu gün hətta elə magistral yollar var ki, oradakı çala-çuxurlar vaxtında təmir edilmir. Elə yol var ki, bir neçə il öncə istifadəyə verilib, amma hələ də işıq çəkilməyib”.
Ekspert qeyd edib ki, qəzaların bir çoxu qaranlıqlar, yolların doğru nişanlanmaması səbəbindən baş verir:
“Həmin qəzalarda bizim vətəndaşlarımız həyatlarını itirirlər, ağır yaralanırlar. Düşünürəm ki, müvafiq qurumlar qarşısında bu məsələlər qaldırılmalıdır. Həmçinin media burada fəal olmalıdır. Yolların təmir-tikinti işi, qorunması vacibdir. Kanalların açıq vəziyyətdə qalmasının yenidən nəzərdə keçirilməsinə təmirinə ehtiyac var”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında sözügedən ərazinin Agentliyin balansında olmadığını deyib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə diqqətə çatdırıb ki, kanal Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındadır:
“Kanal icra hakimiyyətinin balasında deyil, ona görə də təhlükəsizlik məsələsi aidiyyəti qurum təəfindən həyata keçirilməlidir. Xəbərdarlıq lövhələrinin yerləşdirilməsi isə “Siqnal” idarəsinin səlahiyyətindədir. Düzü, kanalboyu hər yer açıqdır, onda gərək bütün kanalın kənarı bağlansın”.
Sumqayıt “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin rəisi Şöhrət Mirzəyev yola aid bütün nişanların, xəbərdarlıq lövhələrinin əraziyə yerləşdirildiyini bildirib:
“Oradakı təhlükəsizliyə Abşeron Rayon Sukanal İdarəsi nəzarət etməlidir”.
Abşeron Rayon Sukanal İdarəsi ilə əlaqə saxladıqda həmin ərazinin Sumqayıt Şəhər Sukanal İdarəsinin balansında olduğu diqqətə çatdırılıb.
Sumqayıt Şəhər Sukanal İdarəsinin əməkdaşı isə kanalın təhlükəsizlik məsələlərinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh olduğunu söyləyib.
İki gündür Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, zənglərimiz cavabsız qaldı.
Qeyd: Qurum rəsmilərinin açıqlamalarından belə nəticəyə gəlmək olar ki, burada yeganə günahkar həmin ərazidən keçən vətəndaşlardır. Çalışaq vəzifəsini “düzgün” icra edən qurumlara əngəl törətməyək!
oxu.az