“Taksi-2” filminin personajları Bakıda - Taksi sürücüsünü bloklamaq olarmı?
Taksi sürücülərinin iş və istirahət saatları mövzusu demək olar hər gün hansısa media qurumunda müzakirə edilir. Müzakirələrdə iştirak edən ekspertlərin hər biri kifayət qədər maraqlı təklif irəli sürüb. Bəs dünya təcrübəsi necədir?
Avtosfer.az-ın xəbərinə görə, qonşu Rusiyada da taksi sürücülərinin iş vaxtı sonu görünməyən müzakirə predmetidir. Böyük şəhərlərdə yorğun taksi sürücülərinin törətdiyi qəzalar normaya çevrilib. Məsələdən çıxış yolu kimi ötən il bir deputat maraqlı təklif etdi: taksi operatorları 8 saatdan sonra sürücünü bloklasın, sifariş verilməsin.
Lakin təklifin icrası sadə bir səbəbdən mümkün deyil. Tutaq ki, A şirkəti ilə müqavilə bağlayan sürücü 8 saat sonra sistemdən çıxaraq B şirkəti ilə işləyəcək. Bizim kündə sayma və kündə kəsmək məsəlimizdəki kimi.
Bu mövzuya qayıtmağıma səbəb əsas səbəb isə Lökbatan qəsəbəsində yaşayan tanışımın dediyi fakt oldu. Tanışımın dediyinə görə, qonşularında 3 gənc 1 “Prius”u icarəyə götürüb işlədir və gündəlik 26 manat plan verirlər. Avtomobil 24 saat hərəkətdə olduğu üçün cəmi 1 ayda əldən düşüb.
Bu səhnə yəqin hörmətli oxucuya “Taksi-2” filmindən tanışdır. Müstəntiq qarşıdakı avtomobilin baqajına girən şəxsi gördükdə mindiyi taksinin sürücüsündən soruşur: bunlar nə edirlər?
Taksi sürücüsü cavab verir ki, Parisdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan afrikalılar belə istirahət edirlər.
Bəli, təəssüf ki, bu halın Bakıda da şahidi olduq. Yəqin tanışımın gördüyü hal yeganə deyil.
Bəs Fransada, daha doğrusu Parisdə qanuni taksi fəaliyyəti ilə necə məğul olmaq mümkündür?
Fransada taksi fəaliyyətinə nəzarəti bələdiyyə deyil, polis həyata keçirir. Lisenziya pulsuz olsa da, məhdud saydadır. Paris üçün hər il orta hesabla 1500 lisenziya verilir. Taksi fəaliyyəti göstərmək istəyən şəxs imtahandan keçib icazə (lisenziya) əldə etməlidir. Taksi sürücüsü imtahandan əvvəl tibbi və psixoloji yoxlamadan keçir, hüquq və vəzifələri barədə məlumat alır.
Taksi sürücüsünün vəzifəsi avtomobili təmiz saxlamaq, vaxtaşırı texniki baxışdan keçirməkdir. Özü isə hər il tibbi müayinədən keçməlidir.
Taksi avtomobilinin uzunluğu 4,20 metrdən az olmamalıdır. Başqa sözlə, A, B və C sinif avtomobillərlə Parisdə taksi fəaliyyəti göstərmək olmaz.
Taksi avtomobili fərqlənmə nişanı, taksometr, ödəmə terminalı, boş və ya dolu olduğunu göstərən siqnal lampası ilə təchiz olunur. Sağ arxa qanadda isə sürücünün iş vaxtı göstərilir. Bizi də maraqlandıran məhz budur.
Fransa qanunvericiliyinə görə, taksi sürücüsü 11 saat fəaliyyət göstərə bilər. Bura 5 saatı keçməyən 3 fasilə də daxildir. Hər fasilə 30 dəqiqədən az olmamalıdır. Boşdayanma fasilə anlamına gəlmir. Fasilə zamanı sürücü avtomobili tərk etməlidir. Taksi sürücüsünün həftəlik iş saatı 48 saatı keçməməli, 2 ardıcıl istirahət günü olmalıdır. İstirahət gününün seçimi sürücünün səlahiyyətindədir.
Sürücülərin iş vaxtına xüsusi ayrılmış polis qrupu nəzarət edir. Bu proses təxminən 100 il vizual həyata keçirilirdisə, indi elektronlaşıb. Normadan artıq işləyən sürücünü ilk dəfə 38 avro cərimə gözləyir. Növbəti qayda pozuntularında məbləğ artır. Bu səbəbdən iş vaxtının bitməsinə yarım saat qalmış sürücülər uzaq məsafəyə sərnişin götürmür. Yalnız evə qayıdan taksi sürücüləri üçün müəyyən istisna nəzərdə tutulur.
Sürücünün işini asanlaşdıran bir məqam da budur: Fransada əl qaldırmaqla heç bir taksi axlamayacaq. Bunun üçün ya zəng etməli, ya da taksi dayanacağına getməlisiniz. Bəzən əcnəbi olduğunuzu bilib saxlayan taksi sürücüsü sizi harasa aparmayacaq, sizin üçün başqa bir taksi çağıracaq (şəxsi təcrübəmdən görmüşəm).
Təbii ki, hər ölkədəki kimi Fransada da qeyri-leqal taksilər mövcuddur. Onlar əsasən gecə klubları və periferiyada – nəzarət az olan ərazidə fəaliyyət göstərirlər. İş başında tutulduqda isə onları 1 ilədək həbs və 15 000 avro cərimə gözləyir.
Lakin 2008-ci ildə baş vermiş Brüno Şole cinayətindən sonra qanunsuz taksilərə maraq azalıb. Məlum olub ki, 1978-1989-cu illərdə zorlamaya görə 3 dəfə həbsə girən şəxs qanunsuz taksi fəaliyyəti göstərirmiş. O, axşam saatlarında 19 yaşlı turist qızı evinə dəvət edib. Qızın yandırılmış cəsədini isə bir qadın təsadüfən zibillikdə tapıb. 2012-ci ildə Şole ömürlük azadlıqdan məhrum edilib.
Bir sözlə, taksi xidmətini pulsuz lisenziya yolu ilə tənzimləmək ən asan həll yoludur. Heç şübhəzis ki, nəzəri və praktik imtahan yolu ilə. Tibbi müayinəni də unutmamaq şərti ilə. Belə olduğu halda “patı” şəkib reysə çıxan taksi sürücüləri də azalacaq. Taksi sürücülüyü də hörmətli sənət olacaq.
Vüqar Yaşaroğlu