Banner

Taksi sürücüləri arasında manyaklar dolaşır - Bahalı maşınla qız tutmağa çıxırlar

Yazarlar 13 Yanvar 2023 08:22 Oxunub 7960
Taksi sürücüləri arasında manyaklar dolaşır - Bahalı maşınla qız tutmağa çıxırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çoxları hələ də elə bilir ki, kim istəsə taksi sürə bilər və bütün maşınlar taksi sayıla bilər. Elə deyil əziz dostlar. Bu bir peşə sahəsidir və hər şey qanunla nizamlanır. "Avtomobil nəqliyyatı haqqında" qanunun 1.0.18-ci maddəsində taksi minik avtomobilinin izahı belə verilib.
- Xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi taksi sayılır.
İnzibati Xətalar Məcəlləsininin 322-ci maddəsinin 322.0.2-ci bəndində isə qeyd olunur ki, “taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manat cərimə nəzərdə tutulub. Bundan başqa, hətta taksidə müəyyən edilmiş tarifdən artıq qiymət tələb etmək də 40 manat cəriməyə səbəb olur.

Eyni cərimə taksidə siqaret çəkməyə, baqaj qaydalarını pozmağa, 5.14 (taksi) nişanı olan yerdən başqa sifariş üçün durmağa da tətbiq oluna bilər.

Göründüyü kimi, taksi bir xidmət sahəsidir və burada qayda-qanun nəzərdə tutulub. Lakin reallıqda görürük ki, kimin kefi istəsə öz maşınıyla hansısa şirkətin sisteminə qoşularaq taksi sürücüsü ola bilir. Çoxu da taksi tanınma nişanından istifadə etmir. Son vaxtlar üzə çıxan problemlərdən biri də elə budur. Taksi gəlir, sənin yanında dayanır. Amma üzərində heç bir fərqləndirici işarə olmadığı üçün sən onu gözləyirsən, o da səni. Bir qədər sonra zəng edib deyir ki, mənəm ey, sizi gözləyirəm. Baxırsan ki, bahalı maşın, taksi tipi olmayan bir nəqliyyat növü. Sükan arxasında da taksi sürücüsü olmaqdan qat-qat uzaq biri əyləşib. Biraz söhbət edirsən və məlum olur ki, adam konkret olaraq manyakdır. Qadınla-qızla tanış olmaq üçün boş vaxtlarında taksi xidmətlərinə qoşulur. Beləcə, qadın müştəri olanda gedir, kişi müştəri olanda imtina edir.
Bəs bunun əxlaqı, mənəviyyatı?

Məlum məsələdir ki, bir qadın yaşadığı evdən çıxıb bu cür "taksi" ilə işə getsə, axşam da belə manyakın birinin maşınıyla evə qayıtsa uzağı bir həftə sonra bütün qonşular o qadına çəp baxacaq ki, düz yolda deyil. Əslində isə düz yolda olmayan o sürücülər və onlara taksi xidmətinə qoşulmaq üçün imkan yaradanlardır. Yolunda olmayan ən böyük tərəf isə bu işlərə, yəni, qanunda yazılanlara nəzarət etməli olan, ancaq edə bilməyən qurumlardır.
Taksi şirkətləri qarşısında elə bir tələb qoyulmalıdır ki, avtomobilin üzərində mütləq "taksi" tanına nişanı olsun. Taksi nişanı əvəzinə hansısa şirkətin adını yazmaq qanunda nəzərdə tutulmasa da, bunun adı reklamdır. Taksisənsə üzərində taksi tanınma nişanı olmalıdır. Reklamı özün bilərsən...
Yəqin yuxarıda "müəyyən edilmiş taarifdən daha artıq pul edənlər" cəzalanmalıdır cümləsinə də diqqət etdiniz. Qanunumuzda da qeyd olunub ki, taksidə taarif olmalıdır. Amma 15 ildir heç kim bunu edə bilmir.
Ümid edək ki, taksi sahəsində ciddi pozuntuları aradan qaldırmaq bu il mümkün olacaq. Çünki bütün aidiyyəti qurumlar buna söz verib. Deyiblər ki, yaxın vaxtlarda həll olunacaq. Hesab edirəm ki, yaxın vaxtlar deyəndə bir neçə ayı, maksimum, 1 ili nəzərdə tutublar. Belə xırda məsələlərdə 2-5 il yaxın vaxt sayılmır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh