Taksi sürücüləri ilə müştərilər arasında kondisioner DAVASI
Son günlər havanın isinməsi yenidən kondisioner problemini gündəmə gətirib. Bu dəfə taksi sürücüləri ilə müştərilər arasında mübahisələrin şahidi oluruq. Belə ki, taksi sürücüləri yol boyu kondisionerdən istifadə üçün müştərilərdən əlavə 1 manat pul tələb edirlər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.
Müştəri kondisionerə görə sürücüyə əlavə pul ödəməlidirmi?
Bu barədə Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı əvvəlki illərdə də belə hallara rast gəlindiyini bildirib. Onun sözlərinə görə, sürücülərin vətəndaşlardan əlavə pul istəməsi qeyri-adi hadisə deyil.
"Taksi sürücüləri ya kondisionerdən istifadə etmir, ya da müştəri tələb etdikdə əlavə bir manat ödəniş istəyir. Bu ödənişi onunla əsaslandırır ki, kondisioner işləyəndə xərc çox çıxır. Buna görə də, sürücü xərci qarşılamaq üçün belə vasitəyə əl atır. Əslində mən burada qeyri-adi bir şey görmürəm. Çünki sahibkarlıq dövrüdür və hər kəs öz cibini güdür. Onu da demək lazımdır ki, hazırda hər bir insanın seçim etmək imkanı var. Yəni taksidən istifadə edə də bilərsiniz, istifadə etməyə də. Yaxud 1 manat verə də bilərsiniz. Ancaq maşın onun öz mülküdür. Bunu tələb edə də bilər, etməyə də bilər".
Onun sözlərinə görə, ortada vahid qiymət siyasəti olmalıdır:
"Məsələ bundan ibarətdir ki, taksi ictimai nəqliyyatın bir növüdür: Burada vahid qiymət siyasəti, qayda-qanun olmalıdır. Bəs bunu niyə müəyyənləşdirə bilmirik? Baxın, problem bundan ibarətdir. Taksi sürücüsü öz başına ola bilməz, istədiyini də edə bilməz. Müştəri ilə istədiyi tonda danışa bilməz. İstədiyi kimi şərtlər qoya bilməz. Çünki bu xidmət sahəsidir. Xidmət sahəsinin öz qayda-qanunları olmalıdır. Niyə biz bu qayda-qanunları tətbiq edə bilmirik? Çünki xarici aqreqator şirkətlər Azərbaycana doluşub. İstədiyi formada qiymətlər təqdim edirlər. Bir gün qiymət qaldırılır, digər gün qiymət azaldılır. Belə özbaşınalıq olmaz. Özbaşınalığın qarşısını aldıqdan sonra belə neqativ hallar da aradan qalxmış olacaq".
Bu mənada ekspert taksi sürücülərini qınamadığını söyləyib:
"Taksi sürücüləri şirkətlərin əlində bir növ əsir kimi qalıb. Onlar istismar olunur. Sürücülər öz xərclərini hesablayıb görürlər ki, xərcləri daha çoxdur. Xərclər gediş haqqına uyğun deyil. Şirkət bunu nəzərə almır, ancaq öz maraqlarını güdür. Sürücü müştəriyə bunu deməyə məcbur qalır. Məncə, düzgün vahid siyasət yürüdülməlidir. Taksi fəaliyyəti qayda-qanunla nizamlanmalıdır. O zaman neqativ hallar aradan qalxmış olacaq".