Taksi sürücüləri istismar olunur, sərnişinlər də narazıdır - Dövlət nə edir?
Yay mövsümündə ictimai nəqliyyatda xüsusilə kondisioner problemi yaşanmağa başlayır. Bu problem əsasən də taksilərdə müşahidə olunur. Taksi sifariş verən şəxs sürücüdən kondisioneri yandırmasını xahiş edir, sürücü isə bunun üçün gediş haqqından əlavə bir manat pul tələb edir.
Bununla bağlı sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu sahədə dövlət nəzarətinə ciddi ehtiyac var, çünki taksi fəaliyyəti bir xidmət sahəsidir:
“Həm də sahibkarlıq, özəl sektor sahəsi sayılır, amma burada özbaşınalıq, xaos ola bilməz. İstənilən halda qayda-qanunlar öz sözünü deməlidir. Ancaq hazırda taksi fəaliyyətində xaos hökm sürür. Bu sahədə istənilən qeyri-adi hala rast gələ bilərik. Bunun qarşısını almaq üçün qaydalar işlənməlidir. Taksi fəaliyyəti ilə bağlı vahid konsepsiya qəbul olunmalı, yay və qış üçün qiymətlər, gecə-gündüz, pik saatlara aid tariflər müəyyənləşdirilməlidir. Bunlar qanunlar çərçivəsində olmalıdır. Hər bir sürücü özbaşına qiymət təyin edə bilməz. Bu qaydalar bərqərar olsa, problemlər də aradan qalxmış olar. Taksi sürücülərini də qınamıram, çünki aqreqator xarici şirkətlər Azərbaycana doluşublar, elə bir qiymət siyasəti də müəyyənləşdiriblər ki, taksi sürücüləri də onların əlində əsirə çevrilib, istismar olunurlar. Onlar millətə borclu deyillər ki, kimisə kondisionerli lüks şəraitdə gəzdirsinlər , özləri də axşam evə pulsuz getsinlər. O da normal qazanc əldə etmək istəyir, sadəcə səsini çıxara, normal qiymət tələb edə bilmir. Onun hüququnu qoruyan kimsə yoxdur”.
Müsahibimiz deyib ki, bu gün dövlət qurumları taksi sürücülərinin arxasında dayanmır: “Taksi sürücüləri özlərinə bir iş qurublar, kiminsə əlində qul kimi məcburi qaydada işləmək məcburiyyətindədirlər, dolanışıq yeri tapıblar. Dövlət qurumlarının heç taksi sürücülərindən xəbərləri yoxdur. Azərbaycanda 100 mindən artıq taksi sürücüsü var, elə 60 minə yaxını Bakıdadır. Digər bölgələri hesablasaq, hətta 150 minə çata bilər. Bunların hüquqlarını kim qorumalıdır? Aidiyyatı qurumlar bu işlə ciddi məşğul olmalıdırlar. O insanlar yazıqdır. Sürücülər də arxalarında dövlətin dayandığından arxayın olmalıdırlar. Vətəndaş taksi sürücüsündən narazı qalanda müraciət etməyə yer tapmır. Taksi sürücüsü də eynilə... Amma tələblər edə bilirik – gah deyirik fərqlənmə nişanı al, gah deyirik vətəndaşla intizamlı ol, yaxşı maşın olsun, içini təmiz saxlamalısan, krediti vaxtında ödəməlisən, tərbiyəli olmalısan, yaxşı musiqilər qoşmalısan və s. Bəs dövlət sənə nə edir? Konkret olaraq, heç nə”.