Turbo.az-da maşın dələduzları peyda olub - Şəbəkə beh almaq adıyla hamını aldadır - FOTO - VİDEO
Azərbaycanda “Turbo.az” onlayn avtomobil satış saytı vasitəsilə vətəndaşları aldadaraq dələduzluq edən dəstə peyda olub. Bu barədə Avtosfer.az-a dəstənin dələduzluq hərəkətləri ilə üzləşərək pulu mənimsənilən vətəndaşlardan biri məlumat verib. Vətəndaş deyir ki, özü üçün avtomobil axtaran zaman qiymət və şərtləri uyğun olan “Hyundai” markalı avtomobil görüb. Əlaqə saxlayan zaman maşının Ağdaş rayonunda olduğu bildirilib. “Satıcı” deyib ki, beh göndərdikdən sonra avtomobilə baxmaq olar.
“İlk dəfə Şəfa adlı xanımın adına qeydiyyat şəhadətnaməsi göndərdilər. Şəxsiyyət vəsiqəsi də göndərildi. İnandıq və 200 manat pulu elə Şəfa adlı xanımın adına açılmış hesaba daxil elədim. Axşam saat 8-də maşını Bakıya gətirəcəyini dedi. Axşam saat 7-də zəng edən zaman həmin nömrəyə zəng çatmadı. Saat 9-a qədər gözlədik və aldandığımızı bildik. Dərhal 102 xidmətinə məlumat verdik. Növbəti gün yenidən həmin saytda başqa bir avtomobilin eyni şərtlərlə qoyulduğunu gördüm. Yenidən əlaqə saxlayandan sonra beh tələb olundu və həmin xanımın adına olan sənədləri yenidən göndərdi. Bu dəfə FİN kod vasitəsilə axtarış aparan zaman sənədlərin saxta olduğu üzə çıxdı. Belə ki, forolar və ad soyadlar dəyişdirilmişdi.”
Vətəndaş deyir ki, bundan sonra məsələni araşdırmaq üçün bu şəbəkənin izinə düşməyi qərara alıb. “Müxtəlif vaxtlarda fərqli avtomobillər və fərqli nömrələrlə əlaqə saxladım. Həmişə də saxta sənədlər göndərildi. Araşdırma zamanı mənə iki dəfə göndərilən Şəfa adlı xanımın ünvanını tapdım. Evinə getdim. Anası bildirdi ki, qızı təcili tibbi yardımda işləyir. Əlaqə saxlayan zaman telefon mikrafonda idi və xanım anasına dedi ki, gələnlərin yanında artıq-əskin danışmasın”.
Vətəndaş deyir ki, bu barədə dəfələrlə Binəqədi rayon 4-cü polis bölməsində olub və məlumatları verib. “Bir dəfə də danışanda adamlardan biri öz nömrəsi ilə mənə yazdı. Bu zaman Vatsap profilində uşağı ilə öz şəklini yerləşdirmişdi. Mən tez onu kopyaladım. Qısa müddət sonra şəkli sildi. Polis orada əks olunan foto və maşın nömrəsi ilə adamın kimliyini müəyyənləşdirdi. Amma bir tədbir görən olmayıb.”
Vətəndaş deyir ki, göndərilən texpasportlarda olan adlardan birini “Get contact” vasitəsilə yoxlayan zaman “Adəm - rəng ustası” çıxdı. “Belə başa düşürəm ki, bu şəbəkədə rəng ustası, təcili tibbi yardımda çalışan xanım və üçüncü şəxs var. Hər üçünün ünvanı Sumqayıt şəhərinə gedib çıxır. Görünən odur ki, şəhadətnamənin şəklini rəng ustası çəkir. Çünki orada əks olunan əldə usta əli olduğu görünür. Maşınların fotolarını isə hansı formada çəkdikləri bəlli deyil. Sonra bunu sayta yerləşdirib qısa müddət ərzində beh əvəzi olaraq pulu aldıqdan sonra dərhal elanı silirlər.”
Vətəndaş deyir ki, dəstə əməlinə hələ də davam edir. “Hər gün eyni elanı görmək olur. Zəng edən kimi də maşının hansısa rayonda olduğunu deyirlər. Yəqin ki, mənim kimi bir çox vətəndaşımız bu dələduzların hiyləsi ilə üz-üzə gəlib. Xahiş edirəm ki, hüquq mühafizə orqanları bunu araşdırsın. Burdam mürciət edərək bildirirəm ki, bu dələduzlarla üzləşən zaman heç olmasa digər vətəndaşlarımız aldanmasın.”
Vətəndaş müxtəlif fotolar, yazışmalar, səs yazılar vəs. Redaksiyamıza təqdim edib. Bunları dərc etməklə də məsələnin daha çox aydınlığa çıxmasını istəyirik.
Fərid