Reklam

Yol qəzaları niyə artır? - Ekspert səbəbləri açıqladı - FOTO

Yazarlar 22 Sentyabr 2022 14:59 Oxunub 1462
Yol qəzaları niyə artır? - Ekspert səbəbləri açıqladı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olub.

Artan yol-nəqliyyat hadisələrinin səbəbi və həlli yolları nələrdir?

Elməddin Muradlı: Bəzən deyirlər ki, sürücülər sürücülük vəsiqəsini alır düşür küçələrə. Bəs onda piyadalara nə olub?

Nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a bildirib ki, son vaxtlar həqiqətən yol-nəqliyyat hadisələri çox baş verir: “Xüsusilə, bir neçə nəfərin öldüyü ağır yol-nəqliyyat hadisələri artmaqdadır. Respublika əhəmiyyətli yollarda belə hallar daha çox baş verir”.

Ekspert deyir ki, bunun da bir çox səbəbləri var: “Sürücülərin rahatlığı qəzaların baş verməsinə səbəb olur. Biz də bölgələrə səfərlər edirik, ümumi vəziyyət heç də ürəkaçan deyil. Ötmənin qadağan olunduğu yerdə, elə sürətlə keçirlər ki, ordan sağ qurtulmaq möcüzədir. Birinin bəxti gətirir, birinin yox. Qəzalara düşənlər həmin o bəxti gətirməyənlərdir ki, öz səhvlərinin qurbanı olurlar. Düzdür, səhv onlarda olsa da, kənardan gedən sürücü də digərinin səhvinə görə həyatını itirir”.

E.Muradlı qeyd edib ki, nəzarət gücləndirilməli, təbliğat işi aparılmalıdır: “Bunun üçün tez-tez təsirli sosial çarxlar hazırlanmalı, sosioloq və psixoloqlarla işlənməlidir. Ən dəhşətlisi odur ki, bu hadisələrin içində piyadavurma halları da artır. Bəzən deyirlər ki, sürücülər sürücülük vəsiqəsini alır düşür küçələrə. Bəs onda piyadalara nə olub? Onlara da vəsiqə verilmir ki! Bu gün bizim gördüyümüz 10 piyadadan hardasa 5-i sürücüdür. Yəni, bu piyada yolda özünü necə aparırsa, sükan arxasında da elə aparır. Deməli, bu cür insanların beynində problem var”. Onun sözlərinə görə, bunun üçün təsirli sosial videoçarxlar hazırlanmalıdır, böyük maliyyə xərclənməlidir: “Sürücülərlə ciddi iş aparılmalıdır, onların psixoloji durumu ilə bağlı qanunvericiliyə əlavələr olunmalıdır. Bütün bunları ümumi plan şəklində etmək lazımdır. Əks təqdirdə qəzalar artmağa davam edəcək”.

Rüstəm Əhmədli: Hələ də sürücü-piyada səhlənkarlığı nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələri baş verməkdədir

Bakı Şəhər Baş Polis İdarəsinin inspektoru Rüstəm Əhmədli Bakıvaxtı.az-a bildirib ki, BŞBPİ mütəmadi olaraq yol hərəkəti qaydaları haqqında maarifləndirici tədbirlər keçirir: “Lakin hələ də sürücü-piyada səhlənkarlığı nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələri baş verməkdədir. Bu kimi halların baş verməməsi üçün sürücülər yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməlidir”.

Onun sözlərinə görə, bu istiqamətdə məktəblilərin və tələbələrin maarifləndirilməsi üçün inspektor pedaqoqlara müraciət edilib: “Təhsil ocaqlarında dərs keçən pedaqoqlardan xahiş edirik ki, istər orta, istərsə də ali təhsil müəssisələrində şagird və tələbələr üçün bu istiqamətdə maarifləndirici söhbətlər aparsınlar. Məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək, onların vaxtında mənzil başına çatmasına köməklik göstərməkdir. Bütövlükdə bütün vətəndaşlardan xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər”.

R.Əhmədli deyib ki, yol hərəkəti qaydalarına riayət olunması baş verəcək ağır yol qəzalarının qarşısının alınması kimi qiymətləndirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh