Ziya Məmmədov Trampa görə Bakının mərkəzində yolu bərbad hala salıb – Generaldan ŞOK İDDİA

Yazarlar 29 Noyabr 2022 15:20 Oxunub 9118
Ziya Məmmədov Trampa görə Bakının mərkəzində yolu bərbad hala salıb – Generaldan ŞOK İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Bakı Şəhər Baş İdarəsinin keçmiş rəis müavini, vaxtilə Bakı şəhər DYP İdarəsinin rəisi olmuş təqaüddə olan general-mayor Həsən Şirinov Bakının tıxac problemi ilə bağlı sensasion fikirlərin əks olunduğu məqalə yaydı. “Bitməyən tıxac dərdimiz” adlanan məqalədə bir sıra məqamlara üstüörtülü formada toxunulub. Onlardan ən önəmlisi isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yol təsərrüfatı ilə bağlı şəxsi maraqlı naminə şəhərin mərkəzində yol şəbəkəsini bərbad vəziyyətə salmasıdır. Məqalədə konkret ad çəkilməsə də söhbətin kimdən getdiyini işi bilənlər dərhal anlayır...

General öz məqaləsində qeyd edir ki, şəhərin daxilində, girişində və çıxışında nəqliyyatın hərəkətini iflic edən elə yol qovşaqları mövcuddur ki, onlar ya sökülüb yenidən tikilməli, ya da bərpa olunmalıdır: “Məsələn, elə götürək "Ekselsior hotel"lə  "Yelkən hotel" arasındakı, necə deyərlər, "Bağırov körpüsü"ndən başlamış, Heydər Əliyev Mərkəzindən və ETN-dən tutmuş, Neftçilər prospekti, Cavanşir körpüsü, "Port Baku"ya qədər və Yusif Səfərovla Heydər Əliyev prospektində yaranan tıxac "dənizinin"  "Dardanel" boğazı olan dəmir yol körpüsünün ətrafında qeyri- peşəkarcasına qondarılmış yol qovşağı məncə, ilkin layihəyə uyğun tikilməyib. Ona görə ki, Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin birləşməsindən alınacaq əsas yolun rabitəsi qırılıb, hərəkət axını ikinci dərəcəli yollara paylanıb. Belə ki, Heydər Əliyev prospekti altı zolaqla-düzünə və əksinə, dəmir yol körpüsünün üzərindən keçib, haradasa, Bakı şəhər Baş Polis İdarəsi qarşısında Yusif Səfərov küçəsilə birləşməli idi. İkinci dərəcəli yollar və yol ötürücüləri isə əsas körpüyə uyğun çəkilməli idi.

Acınacaqlı haldır ki, dəmiryol körpüsünün hərəkət buraxma qabiliyyəti nəzərə alınmadan Yusif Səfərov və Babək prospektləri ilə gələn intensiv nəqliyyat axını həmin körpünün altına buraxılıb. Sanki 500-lük su borusunu 50-lik boruya birləşdiriblər. Bu, azmış kimi körpünün altından - Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə çıxan nəqliyyat axınının hərəkətinə mane olan, Bakı Əyləncə Mərkəzi və Babək prospekti istiqamətinə lüzumsuz olaraq uzununa bir körpü də salıblar... Əgər altından istifadə olunmursa, yol uzununa körpü salınarmı?

İndi Prezident kartejini labrintlərdən keçirib ikinci dərəcəli yolla Heydər Əliyev prospektinə çıxarmaq məcburiyyətində qalmışıq.

Təəssüflər olsun ki, vaxtilə bu barədə irəli sürdüyüm təkliflər nəzərə alınmadı”.

Göründüyü kimi, general Həsən Şirinov Heydər Əliyev prospektindən üzü şəhər gələn yoldakı, eləcə də Babək prospektindən sürücülərin hər gün saatlarla vaxt itirdiyi birləşmə yerindəki problemləri xüsusi olaraq qeyd edib. Belə məlum olur ki, həmin nöqtələrdə yollar tamam fərqli formalarda tikilməli imiş. Keçmiş nəqliyyat naziri və o dövrdə Azəravtoyol ASC-nin sədri olmuş Cavid Qurbanovun yarıtmaz fəaliyyəti nəticəsində həmin yol şəbəkəsi düzgün qurulmayıb.

Bunun başlıca səbəbi isə “Tramp Tover” binasının orada tikilməsidir. Sözsüz ki, burada Ziya Məmmədovun birbaşa marağı var idi. O dövrdə Ziya Məmmədovun oğlu Anar Məmmədov Amerikanın sabiq prezidenti Donald Trampla dostluq edirdi. Trampın qızı ilə yaxın münasibətdə olan Anar Məmmədov onun biznes şəbəkəsini Azərbaycana gətirdi. Əsas məqam isə dünyada məşhur olan “Tramp Tover” binalarından birini Azərbaycanda tikmək idi. Bu bina isə Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki nöqtədə tikildi. Əslində isə bu, çox səhv bir addım idi. Ziya Məmmodov Trampa görə inadkarlıq etməsəydi indi Heydər Əliyev prospektindən üzü şəhərə gələndə körpünün altındakı dolambac yola girmədən düzünə hərəkət etməklə Baş Polis İdarəsinin qarşısına düşə biləcəkdik. Belə olan halda indiki dolambac yol şəhərdən çıxan zolaqların genişlənməsinə səbəb olacaqdı və nəticədə Babək prospektindən Heydər Əliyev prospektinə çıxan nəqliyyat vasitələri üçün də zolaqların sayı çoxala bilərdi. Belə olan halda bu gün həmin nöqtədə tıxac yaranmazdı.

Beləliklə, Ziya Məmmədov nazir vəzifəsindən istifadə edərək strateji yolu öz maraqlı naminə bərbad hala salıb. Hazırda “Trampın binası” kimi tanınan həmin bina da əhəmiyyətini itirib. Bir dəfə güclü yanğın da baş verdi deyə bina bərbad haldadır. Belə bir binanı başqa yerdə də tikmək olardı. Nədənsə Ziya Məmmədov oğlu Anar Məmmədovun xətrinə həmin binanın düz mərkəzə - strateji yolun üstünə saldı. Hazırda isə həmin nöqtədə dəhşətli tıxac yaranır. Şəhərə gələnlər də, şəhərdən çıxanlar da əziyyət çəkir. Binanı söküb yol şəbəkəsini qaydaya salmaq isə milyonlarla xərc aparacaq.

Generalın dediklərindən belə anlaşılır ki, vaxtilə həmin yolu normal qaydada çəkmək çox xərc aparmazdı. İndi isə vəziyyət çox dəyişib...

 

Elməddin Muradlı

 

P.S. Növbəti məqalədə Ziya Məmmədovun tikdirdiyi mənasız 20 Yanvar körpüsündən bəhs edəcəyik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh