Qanunsuz yolla sərnişin daşıyan avtobus və mikroavtobuslar çoxalıb – Bəs qanun? - VİDEO

Bakıda, Abşeron yarımadası və Sumqayıt istiqaməti üzrə qanunsuz sərnişindaşıma fəaaliyyəti ilə məşğul olan onlarla avtobus və mikroavtobus var.
Sərnişinləri Xırdalan, Masazır, Müşfiqabad, Saray və Sumqayıtdan Bakıya və əks istiqamətə daşıyan bu nəqliyyat vasitələri adətən “20 Yanvar” metrostansiyasının yaxınlığında dayanırlar. Nəticədə günün müxtəlif saatlarında ərazidə hökm sürən tıxac daha da dözülməz hala gəlir.

Qeyd etdiyimiz istiqamətlərdə müntəzəm marşrut xətləri üzrə hərəkət edən ictimai nəqliyyat vasitələri mövcuddur. Lakin qanunsuz şəkildə işləyən avtobuslar onların fəaliyyətinə birbaşa təsir göstərir. Rəsmi müqavilə bağlamadan, fərqlənmə nişanı olmadan sərnişin daşıyan bu avtobuslar qanuni fəaliyyət göstərən nəqliyyat vasitələrinə həm maddi, həm də mənəvi zərər vururlar. Nəticədə qanunla işləyən avtobuslar çox vaxt həmin istiqamətlərə boş hərəkət etməli olurlar. Səbəb isə qanunsuz fəaliyyətdə olan avtobusların dayanacaqdan kənar, xüsusilə də metro və keçidə yaxın ərazilərdə dayanmasıdır. Bütün bunlar sərnişinlərin qanunsuz olaraq işləyən avtobuslara üz tutmasına şərait yaradır.

Qanuni fəaliyyət göstərən şirkətlər onlardan fərqli olaraq vergi ödəyicisidir, əmək haqqı verir, rəsmi müqavilə üzrə işləyir. Təbii ki, onların gəlirlərinin aşağı düşməsi ümumi inkişafa mənfi təsir göstərir. Aidiyyəti qurumlar bu nəqliyyat vasitələrinin açıq şəkildə qanunsuz fəaliyyəti ilə bağlı mübarizə tədbirləri aparmalıdır.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. “Sərnişin axını çoxdursa daşıyıcı şirkətlər əlavə avtobuslar xəttə buraxmalıdır. Yaxud da,daşıyıcı şirkətlər sərnişin axınını ictimai nəqliyyatla təmin edə bilirsə bu zaman qanunsuz fəaliyyət göstərənlərə qarşı ciddi tədbirlər həyata keçirilməlidir”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sərnişin tutumu doqquz yerdən çox olan həmin nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilməz. Həmin nəqliyyat vasitələri sifarişli sərnişindaşıma fəaliyyəti göstərir. Sürücülər fəaliyyətlərini qanuni şəkildə davam etdirmək məqsədilə sifarişli daşımalar üçün icazə almalıdırlar.
AYNA-dan verilən məlumatda qeyd edilib ki, bu cür minik avtomobilləri taksi fəaliyyətinə dair tələblərə cavab verməlidir.
Yeri gəlmişkən, AYNA dövlət rüsumunu da açıqlayıb. 7 illik taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin dövlət rüsumu 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulur.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
































