Əlavə qazanc üçün istirahətdən imtina: Daimi işləmək insan psixologiyasına necə təsir edir? - RƏY

İnsanların gündəlik xərclərini qarşılamaq üçün əsas işlərindən əlavə fəaliyyətlə məşğul olması, istirahət günlərində işləməsi və asudə vaxtını gəlir əldə etməyə sərf etməsi getdikcə daha çox müzakirə olunan məsələlərdəndir. Ərzaq, kirayə, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərcləri qarşılamaq üçün əlavə qazanca ehtiyac duyan insanlar bəzən istirahət etməkdən belə imtina edirlər. Lakin bu seçim qısamüddətli gəliri artırsa da, uzun müddətdə insanın sağlamlığına hansı təsirləri göstərə bilər?
Avtosfer.az xəbər verir ki, mütəxəssislər uzun iş saatlarının, qeyri-kafi istirahətin və davamlı stressin sağlamlıq üçün risklər yaratdığını bildirirlər. Beynəlxalq araşdırmalar da həddindən artıq işləməyin yalnız fərdi problem deyil, həm də ictimai sağlamlıq məsələsi olduğunu göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) və Beynəlxalq Əmək Təşkilatının (ILO) birgə araşdırmasına əsasən, 2016-cı ildə dünyada həftədə 55 saat və daha çox işləmə ilə əlaqəli insult və işemik ürək xəstəliklərindən təxminən 745 min ölüm qeydə alınıb. Bu göstərici 2000-ci illə müqayisədə 29 faiz artıb. Araşdırmada həftədə 55 saat və daha çox işləyən insanlarda 35–40 saat işləyənlərlə müqayisədə insult riskinin 35 faiz, işemik ürək xəstəliyi riskinin isə 17 faiz yüksək olduğu müəyyən edilib. Eyni zamanda, 2016-cı ildə dünya əhalisinin təxminən 9 faizinin, başqa sözlə, 479 milyon insanın uzun iş saatları ilə çalışdığı hesablanıb. Bu göstəricilər həddindən artıq işləməyin nəticələrinin sadəcə yorğunluqla məhdudlaşmadığını göstərir. Bununla belə, qeyd etmək lazımdır ki, sözügedən rəqəmlər psixoloji tükənmişlikdən ölənlərin sayını deyil, uzun iş saatları ilə əlaqələndirilən ürək-damar xəstəlikləri nəticəsində baş verən ölümləri əhatə edir.
Ümumdünya Səhiyyə Təşkilatı tükənmişliyi — “burnout”u — uğurla idarə edilməyən xroniki iş stressinin nəticəsi olan peşə fenomeni kimi müəyyən edir. ÜST-nin ICD-11 təsnifatına əsasən, tükənmişlik üç əsas əlamətlə xarakterizə olunur: enerji və gücün tükənməsi, işə qarşı mənfi və ya laqeyd münasibətin yaranması, peşəkar effektivliyin azalması.
Mövzu ilə bağlı psixoloq Gülər Məmmədova Avtosfer.az-a müsahibəsində bildirib ki, hər kəsin əlavə qazanc əldə etmək məqsədi müxtəlifdir.

"Yaşından asılı olaraq insanların qazandığı məvacib onların yaşayış tərzinə uyğun gəlməyəndə bir çox insanlar məqsədlərinə çatmaq üçün əlavə qazanc əldə etmək üçün digər işlərlə məşğul olmağa üstün tuturlar. Hər bir insan öz fiziologiyasına bələd olduğundan seçdiyi işi də öz psixofiziologiyasına uyğun seçir, bəzən də əksi olur. İnsanlar öz potensiallarından daha artıq iş gördükləri üçün onlar özlərini yormuş olurlar. Bəzi insanlar işqolik olduqları üçün bu yorğunluqdan bezmirlər, çünki onun müqabilində yaxşı qazanc əldə edə bilirlər. Bəzi insanlar isə nə qədər maddiyyat qazansalar da onlar elə o qədər şikayətçidirlər ki, gündəlik iş saatları az olsa, yenə də ya narazı olurlar. Bu insanın fərdi psixoloji portretindən asılı olur. İnsanların istirahət günlərində işləməsi zehni yorğunluğa və tükəmişliyə səbəb ola bilərmi? Bir çox insanlar işləyərək əslində dincəlir. Bir çox insanlar isə sanki özləri-özlərini işləməyə məcbur edir, məcburiyyətdən işləyir, müdiriyyət onlardan çox şey tələb edir, iş saatının qrafiki çox ağır olur, yəni çox özünü yükləyir. Təbii ki, insan dincəlmədiyi təqdirdə orda işin faydalılığı da zəifləyə bilir, işdə stress qayğısı artır və qarşılıqlı münasibətlərdə problem yarana bilir, yuxu problemi mövcud olur. Bu insan psixikasına, insanın idrak proseslərinin inkişafına birbaşa təsir edir. Ona görə hər bir insan istirahət günündə, nəinki istirahət günündə, ümumiyyətlə gündəlik olaraq bir neçə saat özünə, zehninə istirahət verməyi bacarmalıdır. Yəni insan istirahət etməyi özündə tərbiyə etməlidir əslində.
Amma təəssüf ki, bu zehni gigiyena əksəriyyətində mövcud deyil. Ona görə insanlar heç zehni yorğunluğun bəzən fərqinə varmırlar, tükənmişliyin fərqinə varmırlar. Problemi başqa şeydə axtarırlar. Problemin səbəbini tamam yanlış bir yerdə axtarırlar. Məsəl üçün baş ağrıları olur, bədəndə müəyyən psixosomatik ağrılar olur, tükənmişliyin ucbatından insanın bədənində elə psixosomatik ağrılar olur ki, insan bunun fərqinə varmadan yenə işləməyə davam edir, ta ki bir mütəxəssisə müraciət etdikdən sonra. Yaxşı olardı ki, insanlar özləri-özlərinin psixofiziologiyasına bələd olsunlar, hansı səviyyədə, hansı dərəcədə iş görmək qabiliyyətlərini müəyyən etsinlər”.
Bəs, beynəlxalq təcrübədə iş vaxtı necə tənzimlənir?
Beynəlxalq Əmək Təşkilatının məlumatlarına görə, dünya üzrə işçilərin üçdə birindən çoxu müntəzəm olaraq həftədə 48 saatdan artıq işləyir. Təşkilatın 2023-cü il hesabatında uzun iş saatlarının iş və şəxsi həyat balansına mənfi təsiri vurğulanır. Avropa İttifaqında iş vaxtı 2003/88/EC saylı Direktiviylə tənzimlənir. Sənədə əsasən, işçilərə hər 24 saat ərzində azı 11 saat fasiləsiz gündəlik istirahət verilməlidir. Həftəlik istirahət hüququ da nəzərdə tutulur. Əlavə iş saatları daxil olmaqla, orta həftəlik iş vaxtı, müvafiq istisnalar nəzərə alınmaqla, 48 saatı keçməməlidir. OECD-nin 2023-cü ildə dərc etdiyi materialda “Gallup Analytic” məlumatlarına istinadən 2017–2019-cu illərdə OECD ölkələrində tam ştatlı işçilərin 42 faizinin stress keçirdiyini bildirdiyi qeyd olunur. Bu göstərici stressin yalnız uzun iş saatlarından qaynaqlandığını sübut etmir, lakin işçilərin psixoloji rifahının əmək siyasətində mühüm məsələ olduğunu göstərir.
“Eurofound”un 2024-cü il Avropa İş Şəraiti Sorğusuna dair məlumatlarında isə Avropa İttifaqında işçilərin 33 faizinin işlədikləri saatlardan daha az işləmək istədiyi bildirilir. 2015-ci ildə bu göstərici 26,5 faiz olub. Bu nəticə insanların faktiki iş qrafiki ilə arzuladıqları iş vaxtı arasında fərq yarana bildiyini göstərir.
Azərbaycanda qanun bu məsələni necə tənzimləyir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, normal gündəlik iş vaxtı 8 saatdan, normal həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz. 90-cı maddə iş həftəsinin müddətini və təşkilini, 104-cü maddə isə həftəlik istirahət günlərini tənzimləyir. Əmək Məcəlləsinin 99–102-ci maddələrində iş vaxtından artıq işin qaydaları, belə işə cəlb olunmanın şərtləri və məhdudiyyətləri müəyyən edilib. İş vaxtından artıq işin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi və işlənmiş saatların uçotunun aparılması da əhəmiyyətlidir. İstirahət və bayram günlərində işə cəlb olunma, eləcə də belə işə görə ödəniş məsələləri məcəllənin müvafiq maddələri ilə tənzimlənir. İstirahət günündə işləyən hər bir işəgötürənin qanunu pozduğunu demək düzgün olmaz. Bununla yanaşı, işçinin qanunla müəyyən edilmiş istirahət hüququnun qorunması və əlavə əməyin düzgün rəsmiləşdirilməsi vacibdir.
Türkan Ülvi
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












