"Qiyabi təhsil yığışdırılacaq" - Bu ixtisaslar distant formata keçə bilər

"Qiyabi təhsilin distant formatda təşkili əvvəlcə uyğun ixtisaslarda sınaqdan keçirilməli, nəticələr qiymətləndirildikdən sonra genişləndirilməlidir. Praktiki hazırlıq tələb edən sahələrdə nəzəri dərslərin məsafədən, təcrübə və məşğələlərin isə əyani keçirildiyi qarışıq model tətbiq oluna bilər".
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputatın sözlərinə görə, distant təhsilə keçiddə əsas məqsəd tədrisin formasını dəyişməklə kifayətlənməməli, onun keyfiyyətini və nəticələrini qorumaq olmalıdır:
“Müasir dövrdə bilik əldə etmək üçün universitet auditoriyasında fiziki iştirak yeganə imkan deyil. Elektron tədris platformaları, canlı mühazirələr, rəqəmsal kitabxanalar və virtual seminarlar yeni imkanlar yaradır. Əsas məsələ distant təhsilin hansı ixtisaslar üzrə, hansı texniki və akademik şərtlərlə təşkil ediləcəyidir”.
Elnarə Akimova bildirib ki, qiyabi təhsil təcrübəsi və elektron tədris imkanları olan universitetlərdə uyğun proqramların mərhələli sınağı mümkündür:
“Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblərdə uyğun proqramların sınaqdan keçirilməsi nəzərdən keçirilə bilər. Bu, həmin universitetlərin artıq distant təhsilə keçidlə bağlı qərar qəbul etdiyi anlamına gəlmir. Tətbiq imkanları hər universitetin texniki hazırlığı, tədris proqramları və akkreditasiya tələbləri əsasında müəyyənləşdirilməlidir”.
Deputatın fikrincə, nəzəri biliklərin, müstəqil araşdırmanın və rəqəmsal tapşırıqların üstünlük təşkil etdiyi sahələr distant təhsil üçün daha münasibdir:
“İqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, marketinq, filologiya, tarix, fəlsəfə, sosial elmlər və informasiya texnologiyalarının bir sıra istiqamətləri bu baxımdan əlverişli ola bilər. Pedaqoji ixtisasların nəzəri hissəsini də distant təşkil etmək mümkündür. Lakin müəllim hazırlığında məktəb təcrübəsi, müşahidə və real dərs prosesi mütləq qorunmalıdır”.

Xanım millət vəkili vurğulayıb ki, bütün ixtisasların tamamilə məsafədən tədrisi məqsədəuyğun deyil:
“Tibb, stomatologiya, tibb bacısı işi, laboratoriya məşğələləri və istehsalat təcrübəsi tələb edən proqramlarda real mühitdə hazırlıq vacibdir. Distant vasitələr nəzəri dərsləri və bəzi simulyasiyaları təmin edə bilər, amma klinik təcrübəni, laboratoriya işini və praktiki bacarıqların yoxlanmasını tam əvəz edə bilməz. Bir sıra ixtisaslarda nəzəri dərslərin məsafədən, praktiki məşğələlərin isə universitetdə və ya müvafiq müəssisələrdə təşkili daha məqsədəuyğundur”.
Elnarə Akimovanın sözlərinə görə, distant təhsil işləyən, ailə öhdəlikləri olan və regionlarda yaşayan şəxslərin ali təhsilə çıxışını asanlaşdıra bilər. Bununla belə, texniki təminat və qiymətləndirmə sistemi qurulmadan gözlənilən nəticəni əldə etmək çətindir:
“Güclü internet bağlantısı, müəllimlərin rəqəmsal bacarıqları, keyfiyyətli elektron materiallar və şəffaf qiymətləndirmə sistemi olmalıdır. Tələbənin biliyini yoxlamaq üçün şifahi imtahanlar, fərdi layihələr, praktiki tapşırıqlar və zəruri hallarda əyani qiymətləndirmə tətbiq edilməlidir. Əks halda, distant təhsil sadəcə mühazirələrin elektron formada göndərilməsinə çevrilə bilər”.
Deputat universitetlərin də bu prosesə hazırlaşmalı olduğunu qeyd edib:
“Ali məktəblər elektron platformalara investisiya qoymalı, müəllimlər üçün təlimlər təşkil etməli və tələbələrlə davamlı əlaqə yaratmalıdırlar. Distant təhsil ali təhsilin asanlaşdırılması deyil, daha çevik və əlçatan təşkilidir. Diplomun dəyəri təhsil formasının adından deyil, məzunun bilik və bacarıqlarından asılıdır”.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, qiyabi təhsil olan universitetlərdə distant formata keçid imkanları ixtisaslar üzrə qiymətləndirilməlidir:
“Humanitar yönümlü bəzi ixtisaslarda tədrisi məsafədən təşkil etmək mümkündür. Texniki və laboratoriya şəraiti tələb edən ixtisaslarda isə bu, daha çətin prosesdir”.
Ekspertin sözlərinə görə, qiyabi təhsilin əhatə dairəsi tədricən daralır. O, gələcəkdə bu təhsil formasının tamamilə aradan qaldırılacağını düşünür:
“Pedaqoji və bəzi texnoloji ixtisaslarda qiyabi təhsil imkanları azalıb. Hazırda bəzi texniki və humanitar istiqamətlərdə qiyabi təhsil qalır. Hesab edirəm ki, gələcəkdə qiyabi təhsil tamamilə yığışdırılacaq”.
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ












