Banner

Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi

Xəbərlər 14 Oktyabr 2026 21:19
Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi
WhatsApp kanalımıza abunə olun

Bakıda 30 il əvvəl taksi sürücüsünü qətlə yətirməkdə təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmivun sədrliyi ilə keçirilən baxış iclası təqsirləndirilən Hidayət Qafarovun ifadəsi ilə davam edib:

"Həmin gün "Neftçilər" ərazisi istiqamətində yeyib-içdik. İkimiz də bərk sərxoş olmuşduq. Taksini tapanda Şahin dedi ki, ağsaqqalsan, keç qabaqda otur. Sürücünü öldürmək fikri Şahindən gəldi. Artıq şəhərdən çıxmışdıq. Maşın dayananda Şahin ipi qəfil sürücünün boğazına keçirib xirtdəyindən sıxmağa başladı. Sürücü çabalayaraq xırıldamağa başladı və çox keçmədən də öldü. Onun ayağından tutub aparmaqda Şahinə kömək etmişəm. Polisə Şahinin qorxusundan xəbər vermədim ki, dəlinin biridir, sonra gəlib ailəmə xəsarət yetirər".

Zərərçəkənin hüquqi varisi, öldürülənin həyat yoldaşı Gülməmməd Bayramovun təbiətən çox sakit insan olduğunu bildirib:

"Gülməmməd çox sakit və ailəcanlı bir insan idi. Fövqəladə Hallar Nazirliyində işləyirdi, artıq qalan zamanında sürücülük edirdi. Hörmətli məhkəmə, sizdən xahişim budur ki, onlara ən ağır cəzanı təyin edəsiniz".

Zərərçəkənin hüquqi varisi daha sonra məhkəməyə 150 min manat təzminat tələbi ilə mülki iddia ərizəsi təqdim edib.

Növbəti iclas noyabrın 11-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olaraq 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri "Neftçilər" metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması, əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh