Reklam

Çəkələklə maşın sürən sürücülərin DİQQƏTİNƏ

Öyrənək 25 İyul 2021 18:05 Oxunub 49060
Çəkələklə maşın sürən sürücülərin DİQQƏTİNƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yay mövsümündə sürücülər arasında kifayət qədər geniş yayılmış təhlükəli hallardan biri ayağına çəkələk geyərək maşın sürməkdir.

Avtosfer.az">Avtosfer.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov sürücülərin geyimi, istifadə etdiyi aksesuarlarla bağlı yaranan təhlükəli məqamları açıqlayıb.
O bildirir ki, yol hərəkəti qaydaları sürücünün geyiminə, o cümlədən ayaqqabısına, yaxud sürücünün üzərində olan hər hansı akssesuarlara (eynək, saat, baş geyimləri və s.) dair hər hansı tələb irəli sürmür. Belə bir tələb olmadığına görə sürücünün konkret vəziyyətdə geyiminə, ayaqqabısına görə saxlanılaraq məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulmur.
Amma yol hərəkəti təhlükəsizliyi də var. Hərəkət təhlükəsizliyi sürücünün həm nəqliyyat vasitəsini rahat və asan idarə edə bilməsinə, həm mümkün problemlərin aradan qaldırıla bilməsinə, həm də real qəza baş verdikdə onun nəticələrinin imkan daxilində yüngül olmasına yönələn müddəalar işləyib hazırlayır. Həmin müddəalar sürücülük kurslarında sürücü olmaq istəyənlərə öyrədilməlidir. Təhlükəsizliyə dair müddəalar avtomobillərin konstruksiyasında da maksimum dərəcədə nəzərə alınır.

Ərşad Hüseynov qeyd edir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı müddəalardan biri sürücünün ayaqqabısına aiddir. Əgər özünüz də diqqət etsəniz, görərsiniz ki, avtomobilin ayaqla idarə olunan pedalları elə quraşdırılmışdır ki, onları təxminən 2-5 sm hündürlükdə dabanı olan ayaqqabı ilə idarə etmək daha asan və rahat olur. Avtomobili yalın ayaqla idarə etdikdə topuq oynağında ayaq normalda olduğundan artıq dərəcədə əyilməli olur, nəticədə ayağın və baldırın bəzi əzələləri tez yorulur, hətta belə vəziyyətdə uzun müddət avtomobil sürdükdə keyləşmə də ola bilər.  Avtomobili hündür dabanlı (5 santimetrdən artıq) ayaqqabı ilə idarə etdikdə isə topuq oynağında ayaq normalda olduğundan artıq dərəcədə açılmalı olur (pəncə dartılmalı olur), nəticədə yenə də həmin əzələlər yorulur və keyləşmə də mümkündür. Buna görə də sürücülər, xüsusən də hündürdaban ayaqqabı həvəskarı olan xanımlar ayaqqabılarına diqqət yetirməlidirlər.
Təhlükəsizlik mülahizələri  həm də ayaqqabının ayağa yaxşı geyinilmiş olmasını, ayaqdan çıxmamasını, habelə ayaqqabının ora-bura ilişməməsini nəzərdə tutur. Bu hal isə daha çox çəkələklə maşın sürəndə yaranır. Çəkələk daban tərəfdən ayaqla bağlı olmadığına görə insanın ayağı çəkələkdən sürüşüb çıxa bilir. Daha təhlükəlisi isə çəkələyin pedallara ilişərək vaxtında pedallar üzərində ayağın yerini dəyişməyə mane olmasıdır. Hətta çəkələyin belə ilişməsi sürücünün diqqətinin də bir neçə saniyəlik idarəetmədən kənarlaşmasına səbəb ola bilir. Çünki onun beyni pedallara ilişmiş ayağını həmin vəziyyətdən çıxarmaqla məşğul olur. Avtomobillə hərəkət zamanı isə sürücünün diqqət və reaksiyasının bir saniyə də gecikməsi ən ağır faciələrə gətirib çıxara bilər. Ona görə də bütün sürücülərə tövsiyə edirəm ki, heç vaxt, hətta ən qısa məsafəyə gedərkən çəkələk geyinərək maşın sürməsinlər. Əgər ayaqlarınızın sərin olmasını istəyirsinizsə, sadəcə daban tərəfdən də bağlanan səndəl (basanuşka) tipli ayaqqabı geyinin.

Hüquqşünasın sözlərinə görə sürücülər başqa geyim aksesuarlarına da diqqət yetirməlidirlər. Məsələn, təcrübədən şüşə materialdan olan gün eynəyinin xırda qəza nəticəsində çiliklənərək sürücünün gözünü kor etməsi məlumdur. Buna görə də məsləhətdir ki, imkan daxilində üzvi şüşədən olan eynəklərdən istifadə edəsiniz.

Qadınlar saçlarını müəyyən formada saxlamaq üçün vasitələri (zakolka) seçərkən çox diqqətli olmalıdırlar. Məsələn, təcrübədə arxadan saça vurulmuş iti dişli metal zakolkanın adi bir qəzada qadın sürücünün başına bataraq onu öldürməsi məlumdur.
Beləliklə, yol hərəkəti qaydaları sürücünün geyiminə və ayaqqabısına dair heç bir tələb irəli sürmür. Buna görə də hər hansı geyimə və ayaqqabıya görə sürücünün cərimələnməsi nəzərdə tutulmur. Amma hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq zəruridir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh