Reklam

Cərimə meydançasına aparılan maşınlar... - "Kağız formada sənədlərin tələbi yolverilməzdir"

Öyrənək 7 İyul 2021 19:45 Oxunub 9936
Cərimə meydançasına aparılan maşınlar... - "Kağız formada sənədlərin tələbi yolverilməzdir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Baş Dövlət Yol Polisi avtomobillərin qeydiyyat şəhadətnaməsinin (texpasportun) formasının yeniləndiyini bildirib. Sürücülərə təqdim edilən daha kiçik ölçüyə malik yeni nəsil qeydiyyat şəhadətnaməsinin əsas özəllliyi üzərində nəqliyyat vasitəsinə dair bütün məlumatlar yer alan elektron daşıyıcının olmasıdır. İlk baxışda görsənir ki, BDYP innovativ bir addım atıb.

Sözügedən dəyişikliklə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb.

O bildirib ki, sürücüdən kağız formatında sürücülük vəsiqəsini, texpasportu, etibarnaməni tələb etmək və bunlar olmadıqda maşını cərimə meydançasına aparmaq indiki halda yolverilməzdir.

Onun sözlərinə görə, texpasportun ölçüsünün kiçildilməsinə deyil, ümumilikdə rəqəmsal vəsiqəyə keçilməsi daha doğru yanaşma ola bilərdi:

“İnkişaf etmiş ölkələrdə, eləcə də bəzi qonşu ölkələrdə kağız formada vəsiqələrdən imtina olunur. Onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir. Yəni, BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb. Halbuki indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın, rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı. Təəssüf ki, cari ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik kifayət qədər mücərrəd formada qəbul edilib və sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etməyib.

Düşünürəm ki, qanunvericilikdə və İXM-də adı çəkilən müddəaları ləğv etmək, sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni rəqəmsallaşdıraraq onun mütləq olaraq üzərində gəzdirməsi tələbini aradan qaldırmaq doğru olardı. Çünki artıq bütün DYP maşınları bort-kompüterlə təmin edilib, onlar real rejimdə uyğun informasiya sistemlərinə bağlana bilir və sürücünün şəxsiyyət vəsiqəsi əsasında onu və avtomobili eyniləşdirmək, nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququnu müəyyən etmək imkanları var. İnternetin olmadığı ərazilərdə də polis öz daxili rabitəsi əsasında bunları müəyyən edə bilir.

Yalnız xarici vətəndaş olan sürücülər və xarici avtomobillər sənədləri kağız formatında tələb etmək məntiqli olardı. Ümid edirəm DİN, VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi və BDYP yuxarıda qeyd olunanları nəzərə alacaq”./fins.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh