Dəhşətli şaxta gözlənilir - Avtomobilinizi itirməmək üçün bunu mütləq edin! - FOTO
Bu qışın ən soyuq günü fevralın 24-ü olacaq. Havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcəyə çatacaq. Bu, çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq. Bu barədə rəsmi xəbərdarlıq da edilib.
Əksər hallarda şaxtalı hava sonradan sürücülərin kütləvi şəkildə servislərə müraciət etməsi ilə nəticələnir. Külli miqdarda ziyana düşən kim, mühərriki təmir edən, dəyişən kim...
Mövzu ilə bağlı açıqlama verən avtomobil üzrə ekspert Şahin Göyləroğlu problemdən çıxış yollarını sadalayıb. Bildirib ki, belə hallarda Azərbaycanda, xüsusilə də Bakıda avtomobillərin çoxu işlək vəziyyətdə olur. Xaricdə isə belə deyil: "Ölkəmizdə hava mülayim keçdiyi üçün avtomobillər kəskin temperatura dözümsüz olurlar. Belə hallarda sürücü avtomobilin işlək vəziyyətdə olduğunu düşünsə də, soyuq hava bunu bağışlamır və ciddi fəsad verir. Azərbaycanda çox adam keyfiyyətsiz antifriz və ya su işlədir. Bəzən isə antifriz alsa da, qarışımın əksəriyyəti sudan ibarət olur. Sistemdə su, keyfiyyətsiz antifriz var, avtomobilin yaşı 10-dan çoxdursa, mühərrikin ana hissəsi, blok və "qolovka"sında, eyni zamanda soyutma sistemində, radiatorunda, su pompasında 90 faiz hallarda pas olur. Azərbaycanda avtomobillərin 80 faizi belədir. Pas isə bu hallarda dözülməz həddə çatır və detalı yerindən tərpədir, yaxud qırır. Məsələn, motorun ana hissələri, "qolovka", su pompası çatlayır. Şlanqlar da quruluqdan çatlaya bilər. Belə soyuqlara alışmamışıq".
Mütəxəssis şaxtadan sonra "sağ qalmaq üçün" bir neçə məsləhət verib: "Kimsə avtomobilinə arxayın deyilsə və onu isti qarajda saxlamayacaq, çöldə qalacaqsa, növbəti günlərdə heç olmasa onun suyunu buraxsın. Buna əməl etsələr və iki gün maşını işlətməsələr, avtomobil qarşıdakı iki ildə zərərsiz xidmət göstərər. Əks halda avtomobil köhnə, paslanmağa meyillidir, içərisində keyfiyyətsiz antifriz var və ya su qarışımı yüksəkdir, soyutma sistemində maye varsa, gecə mühərrikin çatlama, qırılma ehtimalı var. Bəzən sürücü elə bilir, təhlükə sovuşdu, ona heç nə olmadı. Amma sonradan müxtəlif fəsadlar əmələ gəlir. Qızdırma, müxtəlif maye axıntıları, sükan sistemində axıntılar və s. Çünki avtomobil yaşlı olduğu üçün şaxtaya dözmür.
Xəstə adamı da şaxtaya çıxardıqda onun vəziyyəti ağırlaşır. Eyni şey maşında da keçərlidir. Avtomobilinizə güvənmir, sisteminin çürük olduğunu düşünür, heç cür qarşısını ala bilmirsə, yeganə çıxış yolu mayeni axıtmaqdır. Bütün su soyutma sisteminin açıb boşaltsınlar ki, radiator, soyutma sistemi çatlamasın. Çünki bu inanılmaz böyük fəsadlar verir, bir sözlə mühərrik əldən gedir. İki günə görə, bundan sonra bəlkə 30-40 min kilometr gedə biləcək mühərriki məhv etməsinlər. Bu, Azərbaycanlı sürücü üçün 3-4 il sürmək deməkdir".
Ş.Göyləroğlu xatırladıb ki, bir neçə il öncə də belə şaxta olub və mühərriklərin kütləvi dağılması ilə nəticələnib. Çünki maye yanlış və sistem isə çürük idi.